Koronavirus daşıyıcılarını aşkar etmək üçün insanlardan minimum 10 min qat daha çox qoxu hissi olan itlərdən istifadə edilməyə başlanılıb.
Lent.az Türkiyə mediasına istinadən məlumat verir ki, mütəxəssislərin fikrinə görə, xaricdə tətbiq olunan variant Türkiyədə də müsbət nəticələr verir.
Finlandiyanın paytaxtı Helsinki Hava Limanında başladılan yeni araşdırmada, sərnişinlərdə koronavirus olub-olmadığını təyin etmək üçün 4 xüsusi təlim keçmiş itdən istifadə olunur. Araşdırmaya görə, koronavirus xəstələrini aşkar etmək üçün təlim alan itlərin müvəffəqiyyəti 94 faiz təşkil edir.
İtlər xərçəng, diabet, parkinson və malyariya kimi bir çox xəstəlikdə baş verən fərqli qoxuları ala bilir. Xüsusi təlim aldıqdan sonra bu itlərin koronavirus da daxil olmaqla bir çox xəstəliyi ayırd etməsi və etibarlı nəticələr verməsi mümkündür.
PZR-dən daha etibarlı və sürətli olmasına baxmayaraq, alternativ kimi qəbul edilməməlidir. İtlər heç bir tibbi cihaza alternativ deyildir. Təlimi çətin və bahalı olduğu üçün geniş istifadə olunmaya bilər.
PZR və digər testlərin qiyməti azalır, zamanla geniş yayılır. Amma itlər hava limanları kimi sıx mühitlərdə əvvəlcədən xəbərdarlıq üçün istifadə edilə bilər.
Əsas təlim keçən itlərin 1 həftədən bir ay, heç təlim keçməyənlərin isə 6 aya qədər müddətdə koronavirusa qarşı yetişdirilə biləcəyi bildirilir.
Bu cür xəstəlikləri müəyyənləşdirmək üçün yüksək qoxu qabiliyyəti olan və eyni zamanda enerjili it cinslərinə üstünlük verilməlidir. “Labrador”, “Cocker Spaniel”, “Malinois” kimi it cinsləri bu üstünlüklərə sahib olduqlarına görə, asanlıqla öyrədilə bilirlər. Adı çəkilən itlərin hamısı Türkiyədəkilərdir. Hazırda onlar təlimçilər tərəfindən öyrədilir.
Koronavirus xəstələrindən götürülən tər, corab və maska kimi materiallar vasitəsilə itlərə təlim keçirilir. Bununla onlar xəstəliyin qoxusunu müəyyən etməyi öyrənirlər. İt bu materialları tapanda mükafatlandırılır. Sonra bu nümunə fərqli ətirlərə məxsus əşyalar arasına qoyulur və it tapdıqda yenidən mükafatlandırılır. Beləliklə, it mükafatlandırılması şərti ilə bu qoxunu tapa bilər.
Sahibinin verdiyi bir az yemək, sevdiyi top və ya bir nəvaziş it üçün kifayət edəcək. İt axtardığı qoxunu tapanda böyük bir həyəcan göstərir. İtə lazımi əşyanı tapanda ona necə reaksiya göstərəcəyini də öyrədə bilərsiniz.
Hava limanlarında tər nümunələri xüsusi bir mexanizmlə, itin təmasda olmamağı şərti ilə qoxulandırılır. İt oradakı kimyəvi maddələri əvvəlcədən tanıdığına görə, təxminən 30 saniyəyə diaqnoz qoya bilərsiniz. Daşıyıcı şəxs simptomlar göstərmədən əvvəl itlərin bu diaqnozu qoya bilməsi də mümkündür. Bu səbəbdən itlərin hava limanları kimi izdihamlı mühitlərdə dolaşması bizim üçün böyük fayda gətirir. PZR-nin nəticə verməsi üçün 1 milyon 800 min molekul tələb olunduğu halda, itin diaqnoz qoyması üçün 10 ilə 100 arası molekul kifayət edəcəkdir. Həssaslıq baxımından böyük bir fərq var.
İnsan tərində virus olmadığı üçün bu təlimlər zamanı iti virusa yoluxdurmaq mümkün deyil. Bundan əlavə, itlər koronavirusdan təsirlənmədiyi üçün xəstələnmir və bu səbəbdən də insanlara virusu yoluxdurmaqda onların bir rolu yoxdur.