İdman edərkən doğru bildiyimiz yanlışlar - Kamil Zeynallı danışır
05 iyun 2020 16:40 (UTC +04:00)

İdman edərkən doğru bildiyimiz yanlışlar - Kamil Zeynallı danışır

“Elə insanlar var ki, bir necə hərəkət bilir və həmişə də onları tətbiq edirlər. Məsələn, proqramı yükləyib eyni hərəkətlərlə aylarla məşğul olurlar. Sosial şəbəkələrdən götürdükləri hərəkətləri özlərinə tətbiq edirlər. Hansı ki, həmin sosial şəbəkələrdə idman hərəkətlərini paylaşan adamlar da peşəkar idmançılar, yaxud məşqçilər deyillər. Amma bilmirlər ki, o hərəkətləri edəndə gərək sayını dəqiq biləsən. Məsələn, başlanğıcda neçə dəfə etmək lazımdır, bir həftədən sonra nə qədər olmalıdır?”

Bu sözləri idmançı Kamil Zeynallı deyir. O bildirir ki, yay fəslinin gəlişi insanın orqanizmində müəyyən dəyişikliklərin yaranmasına səbəb olur. Adətən, isti aylarda insanlar idmana daha çox meyil edirlər. Buna səbəb çəki atmaq və formada qalmaqdır.

Bu zaman ortaya bir sual çıxır: yay aylarında hansı idman hərəkətləri etmək vacibdir? İdman edərkən doğru bildiyimiz yanlışlar nələrdir? Ümumiyyətlə, ilk dəfə idmana başlayan insan nələri bilməlidir?

Lent.az bu suallara cavab tapıb:

“Hər şey göründüyü kimi deyil. Yəni hər gördüyün hərəkəti bədəninə tətbiq etsən nəticə də pis olar. Buna görə də, çalışmaq lazımdır ki, mütəxəssislərlə məsləhətləşib, onların tövsiyyələrindən yararlanasan. Ola bilər ki, məşq etmək istəyən insanın bədənində problem olsun və ya hansısa xəstəlik ola bilər. Bunu araşdırmaq və müalicədən nə qədər sonra məşqə başlamalı olduğu bildirilməlidir. Yenə də deyirəm, eyni hərəkətləri hər dəfə edəndə inkişaf olmur. Gərək yeni hərəkətlər öyrənəsən. Hər həftənin öz proqramı var və ona uyğun hərəkətləri tətbiq edəndə daha yaxşı olur. Heç kimdən məsləhət almadan, öz bildiyini etmək yanlışdır”.

İdmana yeni başlayanlar daha diqqətli olmalıdır. Belə ki:

“İdmana başlayan insanın çəkisi böyük rol oynayır. Biri var ilk dəfə idmana başlayan, biri də var bir dəfə idmanla məşğul olub yarıda qoyan adam. Bir fərqi yoxdur. İdmana ilk başlayanda müddət az olmalıdır. Birdən birə özünü yükləmək olmaz. Ən çoxu 40-45 dəqiqə vaxt ərzində məşqi etmək lazımdır. Çünki əks təqdirdə bədən bunun öhdəsindən gələ bilmir. Hamamda, paltar dəyişmə otağında yaxud da evə gedərkən yolda baş gicəllənmə, halsızlıq, ürəkbulanma kimi hallar baş verir”.

Tanınmış idmançı onu da əlavə etdi ki, bu gün idman sahəsində yetəri qədər mütəxəssis var:

“Bu gün idmanla məşğul olmaq üçün yetərincə şərait var. İdman zalları da var, işini bilən mütəxəssislər də var. İdmana qarşı həvəs də çoxalıb. Əvvəllər zallar az idi. İndi isə yetərincə var. İdmana sərmayə qoyanlar da var. İdman zallarının çox olması da təbii ki, xeyirdir. Həm sağlamlıq baxımından, həm də işsizliyik aradan qalxıb. İdmançıların sayı da çoxalır. Çoxu deyir idman zalına getməyə güvənmirik. Amma heç nəyə görə narahat olmaq lazım deyil. Bu gün açılan hər bir idman zalı üçün lisenziya verilir. Burada insanların sağlamlığının məsuliyyəti var”.

Hə, beləliklə, bütün bu açıqlamadan sonra aydın olur ki, gərək hər bir işə başlayanda onun mütəxəssisi ilə məsləhətləşəsən. Ev şəraitində idman hərəkətlərini də yalnız bundan sonra etmək olar. 30 dəqiqə gəzinti, yüngül tempdə qaçış, velosipedsürmə, üzmə kimi hərəkətləri gündəlik olaraq etmək olar. İdmanda istənilən nəticəni almaq üçün qidaların əhəmiyyəti çox böyükdür. Həkimlər tərəfindən sübut olunub ki, düzgün, balanslı qidalanma və maye istehlakı ilə məşqin səmərəliliyi artırıla bilər. Yəni insan düzgün və sağlam qidalanma sayəsində fiziki imkanlarını artıra bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9946
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar