İnternetin durmadan inkişaf etdiyi bir zamandayıq. Çalışırıq ki, yeni mediada bizə aid olan şəxsi məlumatları, informasiyaları qoruyaq. Etiraf etməliyik ki, məlumatlarımızın başqalarının əlinə keçmə ehtimalından hamımız narahatıq. Ona görə də bizə aid materialları şifrələr vasitəsiylə qorumağa çalışırıq. Amma o da qaçılmazdır ki, hakerlərin hücumuna məruz qalan kompüter və məlumatları bəzən qorumaq şox çətin olur. Bəzi peşəkar hakerlər hətta ən ciddi şəkildə mühafizə olunan sistemi belə, qıraraq informasiyaları ələ keçirə bilirlər.
Mütəşəkkil haker qruplarının əsas məqsədi dövlət qurumlarına, ictimai-siyasi şəxslərə aid gizli elektron sənədləri ələ keçirməkdir. Bəzi qruplar isə dövlətdən dəstək almaqla ölkənin maraqlarını qoruyur.
Dünyada yüzlərlə haker qrupu fəaliyyət göstərsə də, yalnız bəzilərinin kiber-aləmdə xüsusi çəkisi və nüfuzu var. Lent.az həmin kiber qruplarından bəzilərinin siyahısını təqdim edirik:
"The Chaos Computer Klub" (Xaos Kompüter Klubu) – Dünyanın ilk haker qrupu 1981-ci ildə Almaniyanın Berlin şəhərində yaradılıb. Məlumata görə, qrup üzvləri hər il Almaniyada konfranslar keçirərək, insanları kiber hücumlar barədə məlumatlandırır. Bəzi mənbələrə görə, qruplaşma hökumət tərəfindən maliyyələşdirilir.
"Anonymous" (Naməlum) – Hazırda dünyada ən məşhur haker qrupudur. 2006-cı ildə yaradılıb. Sözügedən haker qrupunun haradan və kimlər tərəfindən idarə edildiyi məlum olmasa da, 50 nəfər üzvünün olduğu deyilir.
"RedHack" (Qırmızı işğal) – 1997-ci ildə Manyak ləqəbli haker tərəfindən yaradılan qrupun 12 daimi üzvü var. "RedHack" dövlət qurumlarının saytlarına etdiyi hücumları ilə tanınır. Qrup 2013-cü ilin mart ayında "Anonymus" ilə birgə İsrail xüsusi xidmət orqanı olan Mossadın saytını dağıtmağa cəhd göstərmişdi. "RedHack" hətta Türkiyədə terror təşkilatı kimi qəbul edilir.
"Ghostnet" (Ruh) – Çin hökuməti tərəfindən 2009-cu ildə yaradılıb. Xarici dövlətlərin konsulluq və xarici işlər nazirliklərinə müntəzəm kiber hücumlar təşkil edir. Casusluq və kəşfiyyat fəaliyyəti aparması da iddialar arasında yer alır.
"Honker Union" (Honker Birliyi) – Əsası 1999-cu ildə Çində qoyulub. Başda ABŞ və Yaponiya olmaqla, bir çox dövlətlərin hərbi sisteminə kiber hücumlar təşkil etməkdə günahlandırılır. 2005-ci ildə Pentaqona aid gizli elektron sənədləri oğurlamaqda ittiham edilsə də, "Honker Union" bunu rədd etmişdi.
"Cult of The Dead Cow" (Ölü İnəklər Təbəqəsi) – 1984-cü ildə ABŞ-ın Texas ştatında Sid Vikus, Franker Qib və Qrandmaster Ratl adlı şəxslər tərəfindən yaradılıb. 90-cı illərdə dünyada MP3 formatının yayılmasında xüsusi rolu olub. Məlumata görə, ABŞ hökuməti ilə əlaqələri normaldır.
Turan Ordusu – Türkiyənin "Türk Hak Tim" adlı kiber qrupunun başçılığı ilə yaradılıb. Turan Ordusunun əsas məqsədi kiber-terrorla mübarizədir. Sözügedən kiber qruplaşmada müxtəlif türk dövlətlərindən olan hakerlər fəaliyyət göstərir. Bir neçə gün əvvəl Turan Ordusu məşhur haker Skorskinin rəhbərliyi ilə Rusiyanın PKK-ya dəstək verən bir neçə saytını ələ keçirmişdi.
Qruplardan başqa dünyaca məşhur hakerlər də var ki, indi sizə 10 ən məşhurlarının adını təqdim edir:
1.Adrian Lamo - "Evsiz haker" adı ilə tanınmış Lamonun ən çox səs-küylü əməliyyatı “New York Times” və Microsoft-un sistemlərinə girmiş olması idi. Bu əməliyyata görə, o, 65000 dollar cərimələnib, barəsində altı ay ev dustaqlığı və 2 il kompüterə toxunmama hökmü verilib.
2. Kevin Mitniç - Ədliyyə Nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan haker olaraq tanınır. Onun haqqında iki film çəkilib: "Freedom Downtime" və "Takedown". Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə daxil ola bilmək və Digital Equipment Corporation-un kompüter şəbəkəsinə girib proqram oğurlamaq. Bu haker 5 il həbs, 8 ay kompüterə toxunmama cəzası alıb.
3. Kevin Poulsenin - Kod adı Dark Dantedir. Ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xəttlərinə girərək, verilişlərin birində özünə “Porsche” avtomobili və başqa bir sıra mükafat qazandırması olub. Hakerlik fəaliyyətinə görə ona 5 il həbs cəzası kəsilib. Hazırda azadlıqdadır və jurnalist olaraq çalışır.
4. Robert Tappan Morris - Dünyanın ilk soxulcan proqramı olan “Morris soxulcanı”nın istehsalçısıdır.Bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etsə də, proqram çox böyük sayda kompüterə yayılıb, şəbəkələri çalışmaz hala gətirib. Morris buna görə 3 il həbs cəzası alıb.
5. Stephen Vozniak - Apple-nın "Voz" ləqəbli idarəçisidir. Gənclik illərində telefon sistemlerini haçk edib. Nəticədə uzun məsafələrə havayı telefon danışıqlarından istifadə edib.
6. Tim Berners-Lee - Word Wide Web, yəni www anlayışı. Berners-Leenin icadıdır. Tim hələ universitet illərində haker günahlandırması ilə cəza almış və ona kompüterlərdən istifadəni qadağan edən 3 illik cəza kəsilmişdi. Universitet illərində öz kompüterini özü yaradıb. Lee hypertext (http) sisteminin istehsalçısıdır.
7. Linus Torvald - Windows-un ən böyük rəqibi Linux-u icad edib. 1991-ci ildə Linux sistemini ortaya çıxartması ilə dünya tərəfindən tanınan bir şəxs oldu. Kompüter həyatına Commodore VIC-20 ilə başladı. Etdiyi ən böyük hack isə məşhur ev kompüteri Sinclair-in əməliyyat sistemini dəyişdirib asanlaşdırmasıdır.
8. Riçard Stelman - GNU layihəsinin atası olan Stallman məktəb illərində "heyətli ağ hacker" olaraq Emacs layihəsində çalışıb. Hər qurulan şifrəli qoruma sistemini qırıb şagirdlər üçün açıq hala gətirməsi ilə tanınıb.
9. Tsutomu Şimomura - Bir haker olaraq FBR-lə əməkdaşlıq edərək özünü zamanında hack etmiş Mitnickdən intiqam alıb.
10. Conathan Cames – Hakerlikdə günahlandırılıb, mühakimə olunaraq 16 yaşında həbs edilib. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə arxa qapı proqramı yerləşdirib; NASA kompüterlərindən 1.7 milyon dollarlıq proqram oğurlayıb.
Ona 10 il həbs cəzasə kəsilib, sonra bu cəza 6 aya endirilib və kompüterlərə toxunması qadağan edilib.
Sonda isə qeyd edək ki, haker hücumuna məruz qalmamaq üçün ehtiyatı əldən verməmək lazımdır. Təhlükəsizliyin ən önəmli amillərindən biri şifrələr olduğunu bilirsiniz. Adi istifadəçilərdən tutmuş, mütəxəssislərə qədər hər kəs çətin şifrələrdən istifadə etməlidir. İlk növbədə, proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır. Hər hansı bir problem hiss etdiyiniz halda mütəxəssislərə müraciət etməyinizi tövsiyyə edirik.