2020-ci ilin dəbli YAY ÇANTALARI
03 iyun 2020 15:21 (UTC +04:00)

2020-ci ilin dəbli YAY ÇANTALARI

Dəbli obraz yaratmaq sənəti o qədər də asan iş deyil, Çünkü sizdən mövcud tendensiyaları bilməklə yanaşı, palto, paltar, şalvar, ətək və bluzdan başlayaraq, ayaqqabı və çanta ilə tamamlanan imicin bütün elementlərinin düzgün birləşməsini seçmək qabiliyyəti də tələb olunur. Nə qədər qəribə səslənsə də, çanta ən çətin aksessuarlardan biridir. Çanta sadəcə, telefon, kosmetika, açarları daşıdığınız bir vasitə deyil.

Geyimlərdə olduğu kimi, çantaların görünüşündə də hər il fərqlilik nümayiş olunur. Hər bir qadının sahib olmaq istədiyi lüks çantaların naxışlarında və modellərində fəsillərə görə dəyişiklik sezilir.

Lent.az 2020-ci ilin yayında dəb olacaq qadın çantalarını təqdim edir:

Böyük klaçlar

 

Bottega Venetanın böyük bir dəri klaçı son bir neçə ay ərzində Instagramı ələ keçirib. Instaqram ulduzlarının əlindən düşməyən bu çanta yeni bir trendin ayaq səsləridir. Qolunuzun altına, yaxud elə əlinizdə tuta biləcəyiniz böyük klaçlar gündəlik görünüşünüzdə yenilik yaradacaq.

Həsir çantalar

Həsir çantalar son bir neçə yay mövsümünün favoritlərindən biridir. Mütəmadi istifadədə yararlı olması və yaz-yay geyimləri ilə uyğunluğu onu yalnız çimərliklərdə deyil, gündəlik həyatımızda da əvəzedilməz edir. Bu yay mövsümündə də həsir çantaları seçməklə peşman olmayacaqsınız. Fendi, Dolce & Gabbana, Celine, Valentino kimi böyük moda evləri öz kolleksiyalarında bu çantalardan nümayiş etməklə yayın trendi olacağının siqnallarını verdilər.

Torba çantalar

Torba çantalar çox zərif olurlar. Bu trend çantalar podiumlardan fırtına kimi keçərək hər bir xanımın olmazsa olmazına çevrilib. Yay aylarında da istənilən yerə gedərkən yanımızda içini doldura biləcəyimiz çantaların olması arzuolunandır.

 “Çömçə” çantalar

 “Çömçə” çantaların son bir neçə mövsümü və Prada, Chloe, Celine kimi markaların piştaxtalarını da bəzədiyini nəzərə alsaq, bu mövsüm mütləq alınmalı çantalardan biri olduğunu söyləyə bilərik.

Göy qurşağı rəngləri

Bu yay rəngli çantalarınız olmadan tamamlanmayacaq. Zümrüd yaşılı, portağal narıncısı, limon sarısı... Əlimizdə göy qurşağı rənglərini daşıyacağımız bir yay mövsümünə hazırıq.

Kəmərli çantaları

Ötən ilin payızındakı kimi, bu yay mövsümündə də kəmərli çantalardan uzaq qala bilməyəcəyik. Əgər sizin artıq belə çantanız varsa, bu mövsümü rahatlıqla başa vura bilərsiniz. “Louis Vuitton, Gucci, Etro kimi moda evləri də eyni fikirdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4996
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar