2018-ci ilin mayında Moskva vilayətinin Vidnoe şəhərində azərbaycanlı iş adamı Toğrul Tağıyev öz maşınında qətlə yetirildi. Əslində, bu Tağıyevə qarşı ikinci sui-qəsd idi. Bir il əvvəl o, Moskva dairəvi yolu kənarında hücuma məruz qalmışdı. Onun maşınını güllə-baran etmişdilər. Amma o, yüngül xəsarət almışdı.
Bəs, görəsən, Toğrul Tağıyev kimlərə mane olub?
Toğrul Tağıyev
Axı o, Moskvada böyük bizneslə məşğul olmurdu, kimlərinsə marağına toxunmurdu. O, “Fud-siti” topdan satış meyvə-tərəvəz bazarında bir-iki mağazası olan kiçik bir sahibkar idi. İllər öncə Azərbaycandan Moskvaya gəlmiş, elə burada meyvə-tərəvəz alveri ilə məşğul olmuş, evlənmiş, ailə qurmuş, ev-eşik sahibi olmuşdu. Bəs, Toğrul kimlərə mane ola bilərdi? Onu niyə qətlə yetirməli idilər?
Bu sıradan bir qətl deyildi. Toğrul “Cəbi” ləqəbli Cəbrayıl Heydərovun cinayətkar dəstəsinin qurbanı olmuşdu. Cəbi və tərəfdarları 2016-cı ildən başlayaraq “Fud-siti”də azərbaycanlı meyvə-tərəvəz satıcılarına haqq qoymuşdular. Hər bir dükan və konteyner sahibindən onlar ayda 80-100 min rubl arası pul tələb edirdilər. Azərbaycanlılar Cəbinin qorxusundan bu pulu verməyə məcbur idilər. Onlara bircə Toğrul pul ödəmirdi. Məhz buna görə itaətsizliyin qarşısını almaq üçün onu güllələmişdilər.
Toğrul Tağıyevin avtomobili
Cəbi və dəstəsi təxminən iki il müddətində “Fud-siti”ni qorxu altında saxlamışdılar. Onlar heç bir qanuni oğrunun belə mövqeyini nəzərə almırdılar. Aylıq pulu verməyənləri isə ciddi şəkildə cəzalandırılır, bəzən girov götürülürdü.
Bu yerdə inanılmaz bir faktı nəzərinizə çatdıraq. Əslində Cəbi neçə ildir ki, həbsdə idi. Onun vur-tut 32 yaşı var idi və bu yaşa qədər artıq bir sıra ağır cinayətlər törətmişdi. Sonuncu əməlinə görə isə 11 il iş almışdı. O, Stavropol diyarındakı həbsxanaların birində cəza çəkirdi. Cəbi bandasını elə türmədən idarə edirdi. Onun kamerasında 10-dan çox mobil telefon, onlarla sim kart vardı. Hər bir dəstə üzvünə ayrı-ayrılıqda tapşırıqlar verilirdi. Aylıq yığılan pul isə təbii ki, Stavropoldakı həbsxanaya göndərilir, oradan isə dəstə üzvlərinə pay ayrılırdı.
"Cəbi" ləqəbli Cəbrayıl Heydərov
Tağıyevin öldürülməsindən sonra Moskva polisi onun qətlinin izinə düşə bildi. Söhbət ondan gedir ki, hadisə yerində Aqşin Nurəddinli adlı şəxsə məxsus pasport və onun adına olan telefon tapılmışdı. Həmin telefondan isə sonuncu dəfə elə Toğrula zəng vurmuşdu. Hüquq-mühafizə orqanları əvvəlcə Toğrulun Şəmkir qruplaşması tərəfindən öldürülməsi versiyasını araşdırırdılar. Amma bu faktdan sonra istintaq fikrini dəyişdi. Tezliklə Aqşin Nurəddinli həbs edildi. Cinayətin məhz Cəbi tərəfindən planlaşdırıldığı üzə çıxdı. Məhkəmə Cəbrayıl Heydərova 25 il həbs cəzası kəsdi. Dəstənin digər üzvləri - Nurəddinli, Ələkbərov, Cəfərov, Məmmədov və Rəhimov isə 14 ildən 21 ilə qədər azadlıqdan məhrum edildilər.
Aqşin Nuraddinli
“Cəbi və dəstəsi sözün həqiqi mənasında təxminən iki il ərzində azərbaycanlı ticarətçilərə qan uddurmuşdular. 2016-cı il avqustun 18-də Rövşən Lənkəranski Türkiyədə öldürülmüşdür. Onun ölümündən sonra bir çox Moskva bazarlarında belə xırda cinayətkar dəstələr peyda olmuşdur. Lənkəranski heç vaxt bazarlardakı xırda ticarətçilərdən haqq-filan alınmasına qəti razı olmazdı. Amma onun ölümündən sonrakı boşluqdan istifadə edən cəbi kimilər hərəkətə keçdilər. Amma onların cinayətkar fəaliyyəti uzun çəkmədi. Bu sözləri Lent.az “Fud-siti”də ticarətlə məşğul olan soydaşlarımızdan biri deyib.
Onun dediyinə görə, hazırda “Fud-siti”yə nəinki bandit və ya rekert, heç polis belə daxil olmur. Çünki hərə öz işi ilə məşğuldur.