Qızını söydüyünə görə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işinin bəzi detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, o, qonşusu Bəhruz Məmmədovun bacısı oğlu Muradlı Əbəlfəzlə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbini aydınlaşdırmağa çalışıb.
Bu zaman Nahid Həsənov Bəhruz Məmmədovun onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsini öyrənib. Buna görə onu öldürərək, qisas almaq qərarına gəlib.
Bu məqsədlə Nahid Bəhruz Məmmədovu kompleksin həyətində görüşə dəvət edib və cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə bıçaq da götürüb.
Nahid Həsənov həmin gün "Qobu Park-3" yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayırıcında Bəhruz Məmmədovla görüşərkən şəxsi münasibətlər zəminində əlbəyaxa olub. Bu zaman onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Daha sonra üzərindəki bıçaqla Bəhruz Məmmədovun kürək nahiyəsinə 1 ədəd həyati təhlükə sayılan zərbə endirib. Nəticədə Bəhruz Məmmədov kəskin daxili qanitirmədən ölüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.