Qırğızıstan prezidentinə sui-qəsd hazırlayan dəstə  Azərbaycana təhvil verildi
08 aprel 2024 08:22 (UTC +04:00)

Qırğızıstan prezidentinə sui-qəsd hazırlayan dəstə Azərbaycana təhvil verildi

Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycana təhvil verib.

Lent.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb.

Bildirilib ki, onlar Manas Beynəlxalq Hava Limanında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

Xatırladaq ki, bir müddət əvvəl Qırğızıstanda sifarişli qətllər planlaşdıran azərbaycanlılardan ibarət cinayətkar dəstənin zərərsizləşdirilməsi barədə xəbər vermişdik. 

Saxlanılanların Əliyev V. M., Bağxirov S. A., Əsgərov M. O., Behbudov M. S. və Məmmədov Z. İ. olduqları bildirilir.

Onlar Qırğızıstan rəhbərliyinə sui-qəsd planlaşdırıblar.

Azərbaycan Daxili İşlər Nazirliyinin martın 26-da yaydığı məlumata görə, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Qeyd olunub ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya Federasiyası, digərinin isə Azərbaycan Respublikası ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

# 4203
avatar

Oxşar yazılar