Bakıda tanışını öldürməyə cəhddə və xuliqanlıqda ittiham olunan paytaxt sakini 1996-cı il təvəllüdlü Fuad Rəcəbzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən növəbti iclasda sənədlər tədqiq olunub. Sonra dövlət ittihamçısı Fuad Rəcəbzadənin ittiham olunduğu maddələrlə təqsirinin sübuta yetirildiyini bildirərək, ona 17 il cəza təyin edilməsini istəyib.
Hakim bildirib ki, zərərçəkmiş ərizə göndərərək, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını göstərib.
Vəkil müdafiə nitqi ilə çıxış etməkdən ötrü məhkəmədən vaxt istəyib.
Proses dekabrın 17-nə təyin olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2024-cü il oktyabrın 5-də Bakıxanov qəsəbəsində, əvvəllər məhkum olunmuş Fuad Rəcəbzadə mübahisə zamanı tanışı Təbriz Rəhimova üzərindəki bıçaqla çoxsaylı zərbələr vurub. Yaralanan şəxs Sabunçu Tibb Mərkəzinə çatdırılıb və göstərilən tədbirlər nəticəsində həyatı xilas edilib.
İstitnaq orqanı tərəfindən Fuad Rəcəbzadəyə Cinayət Məcəlləsinin 29.120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.