Həbsdən çıxıb narkotik puluna görə  arvadını öldürdü - Xutordakı qətlin DETALLARI
13 may 2024 20:15 (UTC +04:00)

Həbsdən çıxıb narkotik puluna görə arvadını öldürdü - Xutordakı qətlin DETALLARI

CİNAYƏT İŞİ

Qısa arayış...

2023-cü il avqustun 5-də Bakının Xutor qəsəbəsində qətl hadisəsi olur. Dərhal məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Tacirə Salmanovanın meyiti aşkar edilib. Hadisənin şahidləri olan azyaşlı uşaqların sözlərindən məlum olub ki, cinayəti ataları Teymur Məmmədov törədib və sonra evdən çıxaraq, qaçıb. 
 
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səhərisi gün 1989-cu il təvəllüdlü Teymur Məmmədov könüllü gərələk Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təslim olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.


 
İstintaqla müəyyən edilib ki, Teymur Məmmədov 2009-cu ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə 1 il 6 ay, 2012-ci ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə 2 il, 2015-ci ildə Yevlax rayon Məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) maddəsi ilə 1 il, 2020-ci ildə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 29, 180-ci (soyğunçuluğa cəhd) maddəsi ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Salyan rayon Məhkəməsinin qərarı ilə 2023-cü il sentyabrın 22-də cəzasının çəkilməmiş hissəsindən şərti, vaxtından əvvəl azad edilməsinə baxmayaraq, islah olunmayıb. Qeyri-rəsmi arvadı Tacirə Salmanovanın əxlaqsız həyat tərzi sürməsinə, habelə narkotik vasitələrdən istifadə etməsinə dair əsassız şübhələrini bəhanə edib, qadını öldürmək istəyib. Avqustun 5-i saat 17-də Xutor qəsəbəsində, kirayədə yaşadıqları evdə övladları 2017-ci il təvəllüdlü Solmaz və 2019-cu il təvəllüdlü Rəsul Salmanovların evdə olmaqlarına baxmayaraq, Teymur Məmmədov bıçaqla Tacirə Salmanovaya yaxınlaşıb. Ümumilikdə 19 dəfə zərbə vuraraq, qadını xüsusi amansızlıqla öldürüb.
 
İfadəsinin yerində yoxlanılması zamanı Teymur Məmmədov cinayəti hansı qaydada törətməsi haqda ətraflı şəkildə göstərib. Bıçaq zərbələrinin sayını xatırlamadığını, xəsarətləri əsasən qadının kürək və boyun nahiyələrinə vurduğunu bildirib. O, yetkinlik yaşına çatmayan şahid Fatma Salmanova, atası Teymur Məmmədovun anasına bıçaqla xəsarət yetirdiyi vaxt, çöldə olduğunu, pəncərədən hansı qaydada hadisəni gördüyünü əyani şəkildə göstərib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qənirə Salmanova ifadəsində göstərib ki, qızı Tacirəni 14 yaşında Bayram adlı uzaq qohumlarına ərə verib:

“Həmin nikahdan Mahirə və Tahirə adlı qız övladları dünyaya gəldi. Sonradan Bayram işləmək üçün xarici ölkəyə getdi və bu günə kimi ondan xəbərimiz yoxdur. Yevlaxda yaşayan Tacirə 18 yaşı olanda bibisi Solmaz Məmmədovanın oğlu Teymur Məmmədova qoşulub qaçdı. Rəsmi nikahları olmayıb. Teymurla ailə həyatı qurduqdan sonra Tacirə birinci yoldaşından olan övladlarını bacısı İlhamənin himayəsinə verdi. Hazırda İlhamə öz ailəsi ilə birlikdə Rusiyada yaşayır. İkinci evliliyindən 2012-ci ildə Fatma, 2015-ci ildə Zeynal, 2017-ci ildə Solmaz və 2019-cu ildə Rəsul adlı uşaqları anadan oldu. Təxminən 10 il əvvəl Bakıya köçərək, müxtəlif ünvanlarda kirayədə yaşayıblar. Tacirə müxtəlif şəxslərin evlərində xadiməlik edirdi. Aralarında yaranan mübahisələrə - Teymurun işləməməsi və Tacirədən pul istəməsi səbəb olurdu. Teymur narkotik vasitələrə qurşanmışdı. Axırıncı dəfə o, 2020-ci ildə Binəqədi polisi tərəfindən tutulub. Teymur həbs olunandan sonra Tacirənin xahişi ilə rayondan gələrək qızımın evində qaldım. 2023-cü ilin mart ayında Xutor qəsəbəsinə, Əmir Qəmbərova məxsus evə köçdük. Kasıbçılıqla da olsa, Tacirə öz imkanı daxilində, cəzaçəkmə müəssisəsinə, Teymurun yanın gedirdi. Yayda Teymur həbsdən çıxandan sonra, həmin evdən çıxdım və oğlum Əli ilə birlikdə yaxınlıqda kirayədə qaldıq. Bir müddət sonra qızımdan yoldaşının yenə də işsiz evdə oturduğunu, ondan narkotik vasitə almaq üçün pul tələb etdiyini eşitdim. Tez-tez mübahisələr yarandığını nəvələrim də danışırdı. Axırıncı dəfə, qızımı hadisədən bir gün əvvəl, evlərinə gedəndə gördüm”.

Avqustun 5-i saat 17 radələrində Mədinə ilə birlikdə evdə olanda, Tacirənin böyük qızı Fatma qışqırıb, ağlayaraq həyətə girdi və “atam anamı öldürdü” dedi. Mədinə ilə Fatma evlərinə qaçdılar:

“Qeyd etmək istəyirəm ki, şəkər xəstəliyi ilə bağlı bir ayağım kəsildiyindən sərbəst hərəkət edə bilmirəm. Buna görə, evdən çölə çıxa bilmədim. 10 dəqiqədən sonra oğlum evə daxil olaraq, ağlayıb-qışqırmağımı görüb məni sakitləşməyə çalışdı.

Öyrəndim ki, Teymur Tacirəni bıçaqla qətlə yetirib. Qızım Yevlax şəhər qəbirstanlığında dəfn olunub. Hadisədən sonra nəvəm Fatmadan öyrəndim ki, həmin gün atası anasından pul istəyib, bu zəmində aralarında mübahisə yaranıb. Bundan sonra Teymur yaxınlıqda yaşayan bacısı Dünyagilə gedib. Bir müddətdən sonra evə qayıdıb. Küçə qapısını içəridən bağlayıb və bıçaqla anasına çoxsaylı xəsarətlər yetirib. Qızımı öldürdükdən sonra Teymur evdən qaçıb. Fatma ilə Mədinə içəri girərək, analarına köməklik etməyə çalışıblar”.


 
Qanuni nümayəndəsinin iştirakı ilə şahid, yetkinlik yaşına çatmayan Fatma Salmanova ifadəsində göstərib ki, atası Teymur Məmmədovun narkoman olduğunu hamı bilib:

“Avqustun 5-də atam mübahisə edib, pul istəyəndə anam, sakitləşsin deyə ona 10 manat verdi. Harasa çıxıb gedən atam 1 saatdan sonra qayıdaraq, yenə pul tələb edəndə, anam pul olmadığını dedi. Evin pəncərəsindən içəri baxanda, atamın anama çoxlu bıçaq zərbələri vurduğunu gördüm. Kömək üçün küçəyə çıxıb qışqırmağa başladım. Atam cinayəti törədib küçəyə çıxandan sonra Mədinə ilə içəri girib anamın qan içində, döşəmədə uzandığını gördük. Teymur anamı öldürəndə, evdə balaca bacım Solmaz və qardaşım Rəsul var idi”.
 
Şahid Zeynal Salmanov bildirib ki, baş vermis hadisəni görməyib, çünki həmin vaxt həyətdə oynayıb. Teymur Məmmədovu ata kimi qəbul etmir, onu anasız qoyduğundan atasını heç vaxt bağışlamayacaq.


 
Şahid Solmaz Salmanova evdə, danışa bilməyən qardaşı Rəsulla oyuncaqları ilə oynayanda, atası evə qayıdaraq, anasının üstünə qışqırmağa başlayıb:

“Buna görə, otaqdakı divanın altında gizləndik. Qardaşımla ordan baxanda, atam bıçaqla anamı vurmağa başladı. Qorxduğumuzdan səsimizi çıxarmadıq. Hazırda anamız olmadığından özümüzü çox piss hiss edirik. Buna görə atamızı heç vaxt bağışlamayacağıq”.
 
Şahid Mədinə Dəvrişova ifadəsində göstərib ki, Tacirə Salmanova onun bibisi olub. Onunla qonşuluqda yaşayıb:

“Avqustun 5-də Fatma qışqıra-qışqıra gəlib Teymurun Tacirəni öldürdüyünü dedi. Evə çatanda, qapı açıq idi, bibim oğlu Zeynal həyətdə dayanıb ağlayırdı. Teymur Tacirəni bıçaqla öldürəndə azyaşlı Solmaz və Rəsul bu dəhşətli mənzərəni görüblər”.
 
Məhkəmə iclasında Teymur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, arvadını xəyanət etdiyinə görə öldürüb. Tacirəyə bıçaqla 20-yə yaxın zərbə vurub. İttiham aktında yazılıb ki, guya o, arvadını uşaqlarının gözləri qarşısında öldürüb. Amma bu doğru deyil, heç kim hadisənin şahidi olmayıb. Törətdiyi əməldən peşman deyil.


 
Son sözündə Teymur Məmmədov əməlinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilərək, ona yüngül cəza təyin edilməsini xahiş edib. Həyatının qalan hissəsini həbsxanada keçirmək istəmədiyini bildirib.
 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini xahiş edib.
 
Məhkəmə nəticəyə gəlib ki, dəfələrlə cinayət məsuliyyətinə cəlb edildiyinə görə kifayət qədər zəngin təcrübəyə malik olan şəxs kimi Teymur Məmmədov məhkəməyə təhrif edilmiş məlumatlar verməklə, qanunsuz əməllərinə haqq qazandırmaq və məsuliyyətini yüngülləşdirmək məqsədi güdüb. Belə ki, o, Tacirə Salmanovanı qətlə yetirməsinin səbəbi kimi qadının ona xəyanət etməsini göstərsə də, məhkəməyə heç bir inandırıcı sübut təqdim etməyib və susaraq, məhkəmənin suallarını cavablandırmayıb. Eyni zamanda cinayət işinin materialları ilə Tacirə Salmanovanın əxlaqsız hərəkətlər etməsi və ya başqa şəxslərlə cinsi əlaqədə olması təkzib edilir.

Məhkəmədə müəyyən edilib ki, Teymur Məmmədov azadlığa buraxılandan sonra, ailəyə qazanc gətirməyib. Tacirə Salmanova ailəni dolandıran yeganə şəxs olub. Qadının onun tərəfindən qətlə yetirilməsi, ən çox həmin ayzaşlı uşaqların tərbiyəsinə və həyat şəraitinə böyük zərbə vurub. Azyaşlı uşaqların bilavasitə, hadisə anını görmələri şahid ifadələri ilə öz təsdiqini tapıb.
 
Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Teymur Məmmədovun əməli CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə düzgün tövsif edilib. 
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azaqlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7752
avatar

Oxşar yazılar

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini  öldürdü

16 yaşlı azərbaycanlı oğlan anasının sevgilisini öldürdü

14 dekabr 2024 , 16:15
Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45