CİNAYƏT İŞİ
Qısa arayış...
2021-ci il iyulun 24-də Bakı şəhər sakini Meyxoş Cəfərovun Binə qəsəbəsində yaşadığı evdə arvadı Xatirə Fərəcovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olur.
Dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxır. Əməliyyat qrupu yolun kənarında, piyadaların hərəkət etdiyi səkinin üzərində, arxası üstə uzanmış vəziyyətdə, paltarları qana bulaşmış və üstü ağ mələfə ilə örtülmüş qadın meyiti aşkar edirlər.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılır.
Lent.az məlum cinayət işinin istintaq materiallarını əldə edib
İstintaqla müəyyən edilib ki, Meyxoş Cəfərov həyat yoldaşı Xatirə Fərəcovanın boşanmaq istəməsindən qəzəblənərək, qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. İyulun 24-də bıçaqla silahlanaraq, arvadının işlədiyi gözəllik salonuna gedib və ona arxadan yaxınlaşıb. Cinayətkar niyyətini həyata keçirməkdən ötrü kəsici alətlə onun döş qəfəsinə, qarın və digər nahiyələrinə ümumilikdə 13 dəfə zərbə vuraraq qəsdən öldürüb.
İş üzrə dindirilmiş Meyxoş Cəfərov bildirib ki, xalası nəvəsi Xatirə Fərəcova ilə 2008-ci ildə ailə həyatı qurub. Onların birgə nikahdan 3 övladları dünyaya gəlib. Uzun illər xoşbəxt və qarşılıqlı anlaşma şəraitində yaşayıblar, heç vaxt aralarında ciddi problem olmayıb. Təxminən 5 il əvvəl, Xatirənin istəyini yerinə yetirərək, evlərinin qarşısında gözəllik salonu tikib və arvadı orda müştəriləri qəbul edərək, saç düzəltməklə məşğul olub. 2020-ci ilin yanvar ayında aralarında baş vermiş mübahisədən sonra Xatirə uşaqları götürüb, atasının evinə gedib. Dəfələrlə zəng edib, evə qayıtmasını xahiş etsə də, yoldaşı razılaşmayıb. Nəhayət qayınatasının köməkliyi ilə arvadı ilə övladları evə qaytarıb. Amma Xatirə artıq onunla əvvəlki kimi davranmayıb. Mütəmadi onu təhqir edib, ayrı-ayrı otaqlarda yatıblar. Günlərin bir günü işdən evə gələndə arvadının barəsində polisə şikayət etdiyini bilib. Məlum olub ki, Xatirə şikayətində, cinsi əlaqədə olmaq istəmədiyi halda ərinin şiddət göstərdiyini və onu ölümlə hədələdiyini göstərib. Bununla əlaqədar onu bölməyə dəvət ediblər. Sorğu-sual zamanı, barəsində yazılanların yalan olduğunu bildirib. Həmin ilin dekabr ayında Xatirə övladları ilə yenidən ata evinə gedib. Uşaqları ilə danışmaq istəyərkən, buna imkan verməyib. Bir müddətdən sonra arvadının başqa ünvanda, kirayədə yaşamağa başladığını öyrənib.
2021-ci il iyulun 23-də evə soyuducu almaq üçün Binə qəsəbəsinin mərkəzinə doğru gedərkən, təsadüfən Xatirəni, orda fəaliyyət göstərən salonların birində görüb. Kənardan baxaraq, müşahidə aparıb. Tikdiyi salonu qoyub, digər yerdə işləyən yoldaşının hərəkətlərindən hiddətlənərək, keçib yaxınlıqdakı mağazadan bıçaq alıb. Yenə salonun yanına qayıdıb. Bir neçə dəqiqdən sonra qızı Zeynəbin, əlində çantalarla həmin obyektə gəldiyini görüb.
Ayın 24-də hadisə baş verən yerdən təxminən 200 metr aralıda dayanıb Xatirəni gözləməyə başlayıb. Bir az keçmiş gəldiyini görərək ona yaxınlaşıb və yenə evə qayıtması üçün onu razı salmağa çalışıb. Amma Xatirə cavabında təhqir edib, ona yaxın gəlməməsini tələb edib, əks halda polisə şikayət edəcəyini bildirib. Arvadının arxasınca gedərək heç bir söz demədən bıçağı çıxarıb, kürək nahiyəsinə zərbələr endirib. Xatirə qışqıraraq, ona tərəf çevrilib və müqavimət göstərmək istəyib. Bu səbəbdən də, çevrildiyi anda bir neçə bıçaq zərbəsi onun qollarına dəyib. Arxası üstə yerə yıxılan arvadının yaralarından təzyiqlə qan gəlib. Güclü qanaxmanı görən kimi Xatirənin artıq öləcəyini anlayıb, kənara çəkilib. Gözlərini görüb baxışları ilə rastlaşmamaq üçün üzünü yana çevirib. Həmin vaxt ətrafda insanlar olsa da, heç kim qorxusundan ona yaxınlaşmayıb. Bıçağı sağ arxa cibinə qoyub və təslim olmaq üçün polis bölməsinə gedib. Bölmədə törətdiyi cinayəti etiraf edib və bıçağı polislərə təhvil verib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Ramazan Fərəcov ifadəsində göstərib ki, qızı Xatirə 2008-ci ildə Meyxoş Cəfərovla ailə quranda, onların evliliyinə qarşı olub. Nikahlarının ilk dövrlərində Meyxoşun ata evində yaşayıblar, sonra Binə qəsəbəsindəki öz evlərinə köçüblər.
Təxminən 5-6 il əvvəl Meyxoş ona zəng vurub evlərinə qonaq dəvət edib. Orda olanda, kürəkəninin, evlərinin qarşısında qadın salonu tikmək istədiyini deyib. Xatirə salonu işlətməyə başlayandan sonra, evdə söz-söhbətlər başlayıb. 2020-ci ilin yanvar ayında kürəkəni arvadını bərk döyüb. Bunu eşidib, evlərinə gedəndə, qızının həqiqətən döyüldüyünü və vəziyyətinin yaxşı olmadığını görüb. Təcili yardıma zəng vurmaq istəyəndə, qızı yalvarıb ki, bunu etməsin. Niyə belə hərəkət etdiyini soruşduqda kürəkəni ona «mülk mənimdir, sən kimsən ki, qarışırsan» deyə, cavab verib. Aralarında mütəmadi mübahisələr baş verib. Qızının sözlərinə görə, əri uşaqları da döyüb. Xatirə 2 dəfə polisə şikayət edib, amma hər dəfə böyüklərin məsləhəti ilə aralarında barışıq olub. Qızı bir neçə dəfə uşaqları götürüb, onun evinə gəlib. Meyxoş bir daha belə etməyəcəyinə söz verdiyindən, həm də Xatirənin ailəsinin dağılmasını istəmədiyindən, bir müddət qalandan sonra qızını ərinin evinə yola salıb. Ailə münasibətlərindəki gərginliklə bağlı onlar bir müddət psixoloqun yanına getsələr də, müsbət nəticə olmayıb. Onun özünün şəxsi qənaətinə görə, onların ailədaxili münaqişələrinin baş verməsində səbəbkar kürəkəni olub.
2021-ci il iyulun 24-də Meyxoşun Xatirəni bıçaqlayıb, öldürdüyünü eşidib. Hadisədən sonra bilib ki, qızı uşaqları ilə evdən gedib və kirayədə yaşayıb. Kürəkənin, özünü təmizə çıxartmaq üçün guya Xatirənin uşaqlara yaxşı baxmaması ilə bağlı ifadəsi həqiqət deyil. Əslində Meyxoş faktiki evə qazanc gətirməyib, dolanışıq yükü arvadının üzərində olub. Nəvələri hazırda onun himayəsindədir.
Şahid Ramil Ağayev bildirib ki, iyulun 24-də şəkil çəkdirmək üçün Xasiyeva küçəsində yerləşən fotostudiyaya gedib. İçəridə növbə olduğu üçün küçəyə çıxıb. Həmin anda görüb ki, bir kişi cəld addımlarla arxadan, piyada hərəkət edən hicablı qadına yaxınlaşıb və bıçaqla kürək, sonra isə digər nahiyələrinə çoxsaylı zərbələr vurub. Hadisə bir anda baş verdiyindən, gördüklərindən şok vəziyyətinə düşüb, nə edəcəyini bilməyib. Qadın yerə yıxılan kimi onu vuran şəxs əlindəki bıçağı arxa cibinə qoyub və uzaqlaşmağa başlayıb.
Şahid Aygün Ağabalayeva ifadəsində göstərib ki, psixologiya mərkəzinin rəhbəridir. 2021-ci ilin fevral ayında mərhum Xatirə Fərəcova və əri Meyxoş ilk dəfə onun qəbuluna gəliblər. Qadın yoldaşı tərəfindən mütəmadi şiddətə məruz qaldığını, döyüldüyünü, bu səbəbdən də intihar etmək istədiyini söyləyib. Apardığı söhbət nəticəsində qənaətə gəlib ki, əslində ər-arvadın arasında qlobal problem yoxdur. Sadəcə xırda məsələləri dava-dalaşa çevirirlər, sözləri bir-birlərinə qıcıq verir, heç bir tərəf güzəştə getmək istəmir. Bir psixoloq kimi onların ailəsinin sevgi üzərində qurulmadığını və aralarında olan yaş fərqinin də münasibətlərə ciddi təsir etdiyini hiss edib. Bir neçə kursdan sonra ər-arvadın münasibətləri nisbətən düzəlib.
Arada, Xatirə ilə telefonla əlaqə saxlayıb, boşanmamasını məsləhət görüb. Qadın, yoldaşının uşaqlarla da sərt davrandığını bildirib. Axırıncı dəfə, may ayında danışanda Xatirə artıq Meyxoşla birlikdə yaşaya bilmədiyini və boşanma ilə bağlı məhkəməyə ərizə verdiyini deyib. İyul ayının axırlarında, sosial şəbəkələr vasitəsi ilə Meyxoş Cəfərovun arvadını qətlə yetirdiyini bilib.
Şahid Elnarə Nəcəfova bildirib ki, qardaşı Meyxoşla Xatirənin münasibətləri son 2 il ərzində korlanıb, mütəmadi davalar baş verib. Şəxsən özü, qardaşına, yola getmirlərsə boşanmalarını təklif edib, amma Meyxoş uşaqlarına görə, ayrılmaq istəmədiyini deyib. İyulun 24-də evdə olanda qardaşı Cabir zəng vurub, Meyxoşun arvadını öldürdüyünü xəbər verib.
Şahid əlavə edib ki, qardaşının hərəkətinə haqq qazandırmır. Güman edir ki, Xatirə evdən çıxıb, getdiyinə görə Meyxoş bərk qəzəblənib. Bir kişi kimi arvadının hərəkətlərini qüruruna sığışdıra bilməyib və evə qayıtmağı üçün, onu qətlə yetirib.
Məhkəmə iclasında Meyxoş Cəfərov «xüsusi amansızlıqla qəsdən adam öldürmə» ittihamını əsassız hesab etdiyini, 3 körpə qız uşağını anasız qoyduğunu anladığını və əməlindən peşman olduğunu bildirib. Qayınatasından onu bağışlamasını xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi qızını öldürən şəxsi bağışlamadığını və ona ağır cəza verilməsini xahiş istəyib.
Şahid Zəhra Cəfərova bildirib ki, anasını öldürdüyü üçün atasını bağışlamır.
Məhkəmə hesab edib ki, Meyxoş Cəfərovun əməlinin CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təsdiq edə biləcək heç bir sübut əldə olunmayıb. Buna görə, onun əməli 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməlidir.
Məhkəmə qənaətə gəlib ki, Cəfərova, qanunla müəyyən edilmiş qaydada, CM-nin 120.1-ci və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələrinin sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Meyxoş Cəfərov cəzasını ciddi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrum olunub.