Bakıda hücuma məruz qalan AVTORİTET: "Şikayətçi deyiləm"  - MƏHKƏMƏ
06 sentyabr 2023 12:22 (UTC +04:00)

Bakıda hücuma məruz qalan AVTORİTET: "Şikayətçi deyiləm" - MƏHKƏMƏ

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərovun silahlı hücuma məruz qaldığı hadisə ilə bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, iclas bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə baş tutub.

Zərərçəkmiş qismində iştirak edən “Nicat Lənkəranski” növbəti proseslərdə iştirak etməkdən imtina edib. O, yalnız baxış iclasında iştirak edəcəyini və hadisə ilə bağlı heç bir şikayətinin olmadığını bildirib.

Hazırlıq iclası zamanı təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Silahlı hücumda 3 nəfər təqsirləndirilən şəxs qismində iştirak edib.

Belə ki, Şahmar İsmayılov 1995-ci ildə anadan olub. Ailəlidir. Ukraynada ali təhsil alıb. Daha sonra, Naxçıvan Aeroportunda növbə rəisi işləyib. Hadisə zamanı işdən çıxıb. 

Vüqar Elsəvər oğlu Quliyev 1998-ci il Babək rayonunda anadan olub. Subaydır. Bakı Energetika kollecində oxuyur. Hazırda qiyabi olaraq təhsil alır və taksi fəaliyyəti ilə məşğul olub.

Ramal Əmir oğlu Məmmədov Şərur rayonunda doğulub. Evlidir, 2 uşağı var. 2003-cü ildə 182-ci (hədə-qorxu ilə pul tələb etmə) maddə ilə məhkum edilib. Bakıda qohumları ilə qalır.

“Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Sultan oğlu Əkbərov 1983-cü ildə Lənkəranda doğulub. Ailəlidir. Əvvəllər 10 ay 20 gün müddətinə məhkumluq həyatı yaşayıb. Boks üzrə 2003-cü ildə dünya kubokunu qazanıb.

Məhkəmə sentyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, “Nicat Lənkəranski” bu hadisədə zərərçəkmiş qismində iştirak etsə də, o, hadisədən bir müddət sonra 234-cü maddə ilə həbs olunub.

Xatırladaq ki, silahlı insident martın 10-u saat 15 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.

İstintaqla Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov və digərlərinin bir qrup şəxs halında sifarişlə “Nicat Lənkəranski” adı ilə tanınan Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5265
avatar

Fidan İlqar

Oxşar yazılar