Goranboyda kriminal avtoritetin öldürülməsi barədə xəbər vermişdik.
Baş Prokurorluq hadisə ilə bağlı rəsmi məlumat yayıb.
Qurumun mətbuat xidmətindən Lent.az-a bildirilib ki, hadisə bu il iyulun 16-da Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veyisli kəndi ərazisindən keçən hissəsində baş verib. 40 yaşlı Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində almış olduğu xəsarətlərdən 1 gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə əməl həmin məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və hazırda ibtidai istintaq Goranboy rayon prokurorluğunda davam etdirilir.
İstintaq zamanı 36 yaşlı Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən, onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobili vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çoxsaylı bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd edilən maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əhməd Ərəbov kriminal aləmdə "Kürd Amo" ləqəbi ilə tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu deyilir.