Saatlı rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində fevralın 5-də itkin düşmüş Saatlı rayon Şirinbəyli kənd sakini, 1959-cu il təvəllüdlü Mirhəsən Seyidovun qəsdən öldürülməsi müəyyən edilib.
Lent.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1980-ci il təvəllüdlü Elşad Abbasov və oğlu 2005-ci il təvəllüdlü Elçin Abbasovun fevralın 5-də rayonun Şirinbəyli kəndi ərazisindəki çöl sahədə həmkəndliləri Mirhəsən Seyidovu sonuncuya məxsus avtomobildə tamah məqsədilə məftil vasitəsilə boğaraq qəsdən öldürməsi, hadisəni gizlətmək üçün meyiti ayağına daş bağlayaraq həmin ərazidəki su kollektoruna atmalarına əsaslı şübhələr müəyyən edilib.
Mirhəsən Seyidovun meyitinin olduğu yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Elşad Abbasov və Elçin Abbasov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
***
saat 09.12
Saatlı rayonununda itkin düşən Şirinbəyli kənd sakini 66 yaşlı Mirhəsən Mirabdulla oğlu Seyidovun meyiti su kanalında aşkar olunub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, Mirhəsən Seyidovun onunla ədavətli olan qonşuları - 45 yaşlı Elşad Elbrus oğlu Abbasov və onun 20 yaşlı oğlu tərəfindən məftillə boğularaq qətlə yetirildikdən sonra su kanalına atılması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Saatlıda 66 yaşlı Mirhəsən Seyidovun itkin düşməsi barədə xəbər vermişdik.