Arvadını gölün yanında öldürüb meyitini gizlətdi:  "O adda qızım yoxdur, nə istiəyirsən et"
22 dekabr 2025 20:15 (UTC +04:00)

Arvadını gölün yanında öldürüb meyitini gizlətdi: "O adda qızım yoxdur, nə istiəyirsən et"

1

CİNAYƏT İŞİ

Qısa arayış...

Bu il iyulun 1-də Bakının Qaradağ rayonunda qətl hadisəsi olur. Məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları əraziyə yollanır. Məlum olur ki, hadisə yeri Lökbatan qəsəbəsi, Massiv 1-də yerləşən boş ərazidir. Yolun kənarında, mişar daşları və dam örtüyünün qırıntılarının altında arxası üstə uzanıqlı vəziyətdə qadın meyiti aşkar edilib. Baxışda iştirak edən 1989-cu il təvəllüdlü Rəşad Tağıyev bildirib ki, həmin qadın onun arvadı Sevinc Hüseynovadır.
 
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1989-cu il təvəllüdlü Sevinc Hüseynovanın boyununda qansızma ilə müşayiət olunan stranqulyasiya şırımı və qarın nahiyəsində bir bıçaq yarası aşkar edilib. Ölümünə boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
 
İstintaqla müəyyən edilib ki, iyunun 30-u saat 23 radələrində Rəşad Tağıyev arvadı Sevinc Hüseynovanı öldürmək qərarına gəlib. O, evin mətbəxindən götürdüyü  bıçağı şalvarının belində gizlədib və söhbət etməkdən ötrü yoldaşı ilə birlikdə yaşadıqları massivdəki boş əraziyə gəlib. Aralarında qısqanclıq zəmnində yaranmış mübahisə zamanı bıçaqla qadının qarın nahiyəsinə zərbə vurub. Sonra əlləri ilə yerə yıxılmış arvadının boğazından tutub, sıxaraq, onu boğub. Nəticədə qadın yerindəcə keçinib.


 
Mobil telefona baxış zamanı, Sevinc Hüseynovaya məxsus nömrə ilə Maqsud İsmayılova məxsus nömrə arasında, cinsi ehtiraslarını təmin etmək məqsədilə yazılmış mesajlar, həmçinin “TikTok” şəbəkəsində qadının müxtəlif profillərlə tanışlıq mövzusunda yazışmaları aşkar edilib.
 
İş üzrə dindirilmiş Rəşad Tağıyev bildirib ki, 2016-cı ildə Cəbrayıl rayon sakini Sevinc Hüseynova ilə ailə həyatı qurub. Nikahdan 2 övladları dünyaya gəlib:

“Rəsmi olaraq heç yerdə işləmirəm, müxtəlif yerlərdə günəmuzd fəhlə kimi çalışırdım. Çox vaxt Sevincin evdə olmadığını və uşaqların tək qaldığını görürdüm. Harda olduğunu soruşanda arvadı müxtəlif bəhanə gətirərək ya mağazaya, yada həkimə getdiyini söyləyirdi. Təxminən 3 il əvvəl telefonuna zəng gələndə, Sevinc onu tanımadığını dedi. Özüm telefonu götürüb cavab verəndə tanımadığım şəxs arvadımı soruşdu. Həmin şəxslə mübahisə edib, bir-birimizi söydük. Sevinc zəng edən adamı tanımadığını və mənim yalan danışdığımı bildirdi. Bundan sonra bu barədə Sevincin anası Sehrana danışdım və yoldaşıma telefon işlətməyə qadağa qoyub, telefonunu satdım.

Amma bir müddət keçdikdən sonra oğlum mənə anasının telefon işlətdiyini və onu balışın içində gizlətdiyini dedi. Həqiqətən ordan telefon tapdım. Qonşularım evimə yad kişilərin gəlib-getdiklərini söyləsələr də, Sevinc onların da yalan danışdıqlarını deyirdi. Konkret heç bir sübutum olmasa da, Sevincin məni aldatdığını başa düşdüm. Qayınanama bu haqda danışsam da, mənə dedi ki, elə adlı qızım yoxdur, nə istəyirsənsə, et”.

Rəşadın sözlərinə görə, hadisədən 2 həftə əvvəl hamam otağından telefon tapanda, Sevinc ağlayaraq, qızının dərslərinə görə onu aldığını və telefon işlətməyə icazə verməsini xahiş edib. İnanaraq, telefonu yoldaşına qaytarıb. Bundan başqa, Sevinc qonşululaqda yaşayan Telman adlı şəxsin arvadı Rəqiyə ilə rəfiqəlik edib:

“İyunun 28-də Telmanın yanında bir neçə nəfərlə evimə gələrək, yoldaşının qaçdığını və Sevincin Rəqiyənin hara getməsini bildiyini dedi. Lakin arvadım heç nə bilmədiyini söylədi. Onlar getdikdən sonra mübahisə edərək, Sevincə yalan danışdığını bildirdim. Onu döydüm. Sonra onun telefonunu götürüb evdən çıxdım. Arvadım 102 xidmətinə zəng edərək, döyülməsi barədə məlumat verdi. Sevincin telefonu məndə olan zaman yad nömrələrdən zənglər gəldi, cavab verəndə zəng edənlər susurdular. İyunun 30-da evdə araq içmişdim. 

Artıq Sevincin hərəkətlərinə, yalan danışmasına dözə bilməyərək, onu öldürmək qərarına gəldim. Saat 23 radələrində mətbəxdəki bıçağı götürüb, şalvarımın belində gizlətdim. Sevincə evdən çölə çıxıb söhbət etməyimizi dedim. Evdən 1-2 kilometr uzaqlaşdıq. Onu öldürməyə apardığımı soruşanda, Sevincə heç nə etməyəcəyimi bildirdim. Amma məqsədim yoldaşımı uşaqlarımın gözü qarşısında deyil, yaşadığımız evdən uzaq bir yerdə öldürmək idi”.

Rəşad mübahisə zamanı Sevincə artıq hərəkətlərindən bezdiyini deyib və bıçaqla onun qarınına zərbə vurub. 2-ci zərbəni vurmaq istədikdə,  bıçaq əlindən düşüb:

“Əvvəl əllərimlə, sonra əynimdəki gödəkcənin sol qolunu boğazına dolayıb, Sevinci boğdum. Əllərindən tutaraq, öldürdüyü yerdən 4-5 metr kənara sürüyüb yolun kənarına uzandırdım. Üzərini dam örtüyünün qırıqları və mişar daşları ilə örtdüm. Bıçağı cəsədin yanına atdım. Evə qayıdandan sonra, 102 xidmətinə zəng edərək, əməkdaşa arvadımı öldürdüyümü dedim”.

Rəşad Tağıyev əlavə edib ki, həmin əraziyə gələrkən, küçədə adamlar olub. Uşaqlar onların hara getdiklərini bilməyiblər. Sevinci öldürməsini heç kim görməyib. Narkotik vasitələrdən istifadə etməyib, ara-bir spirtli içki qəbul edib.


 
Zərərçəkmiş şəxsin hüquqi varisi Sehran İsmayılova ifadəsində göstərib ki, Rəşad Tağıyev əvvəllər Samirə adlı qadınla evli olub, 5 il yaşadıqdan sonra ayrılıblar: 

“Həmin nikahdan bir qızı vardı. Daha sonra Rəşad qızım Sevinclə ailə qurdu. 2019-cu ilin avqust ayında əri tərəfindən döyülən qızım polisə şikayət etdi. Rəşad Qaradağ rayon məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinsə də, Sevinc şikayətini geri götürdü və bu səbəbdən iş üzrə icraata xitam verildi. İyunun 28-də Sevinc mənə zəng edərək, Rəşadın növbəti dəfə onu döydüyünü dedi. Həmin gün evimizə gələndə, qızımın üzünə xəsarət izlərinin olduğunu gördüm. Sevinc telefonumla 102 xidmətinə bu haqda məlumat verdi. Qızımla birlikdə 10-cu şöbəyə getdik, orda övladım ərizə və izahat yazdı. Təhqiqatçı Sevincə həftənin birinci günü ekspertizadan keçəcəyini bildirdi. Ayın 30-da şöbədən zəng edən əməkdaş qızımın nəyə görə gəlmədiyini soruşdu. Sevinclə əlaqə saxlayanda, qızım yoldaşı ilə barışdığını söylədi. Gecə saat 1 radələrində Rəşadın qardaşı Orxan mənə zəng edərək, Sevincin öldürüldüyünü xəbər verdi. Buna görə dərhal Lökbatana getdim. Rəşadın Sevinci hansı şəraitdə öldürdüyünü bilmirəm”.


 
Şahid Rafiq Hüseynov bildirib ki, iyulun 1-nə keçən gecə bacısının əri tərəfindən öldürüldüyünü bilib:

“Sevincgilin yaşadıqları evin qapısını açan uşaqlar, atalarının analarını mağazaya apardığını dedilər. Rəşadın qardaşı Vüqar bildirdi ki, hadisə gölün kənarında baş verib. Axırıncı dəfə bacımla 2 həftə əvvəl telefonla danışmışdım. Sevinc danışan zaman hər hansı problemi, kiminləsə münaqişə olması barədə heç nə söyləməmişdi. Bacımın kimlərləsə sevgi, dostluq, intim və sair münasibətinin olub-olmaması, gizlin telefon işlətməsi haqda məlumatım yoxdur”.


 
Məhkəmə iclasında Rəşad Tağıyev ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşam olduğunu qeyd edib.
 
Prokuror təqsirləndirilən şəxsə 10 il 6 ay cəza təyin edilməsini istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
 
Məhkəmə qənaətə gəlib ki, Rəşad Tağıyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. O, qanunla müəyyən edilmiş qaydada həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. 


 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Rəşad Tağıyev 10 il müddətinə azadlıqdan məhrum olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 486

Oxşar yazılar