Lent.az-ın müsahibi deputat Elman Nəsirovdur.
- Elman müəllim, iş qrafikiniz gərgindir...
- Haqlısız. Bizim üçün ən dəyərli şey zamandır. Ayda minimum iki dəfə seçicilərimlə görüşürəm. Eyni zamanda Milli Məclisdə də görüşlərim olur. Gün ərzində 4-5 tədbirə dəvət alıram, lakin onların maksimum 1-2-də iştirak edə bilirəm. Bəzən tədbirlər eyni vaxta düşür, bəziləri maraq dairəmdə olmur. Milli Məclisin iclasları, səfərlər, beynəlxalq tədbirlərdə iştirak və mətbuatla intensiv ünsiyyətdəyəm. Eyni zamanda müxalifət nümayəndələri ilə siyasi debatlarım olur. Hesab edirəm ki, bu debatlar siyasi dialoq cəhətdən çox önəmlidir. Bu debatlarda savadlı və intellektual olmaq işin başlanğıcıdır. Əsas məsələ səbirli və təmkinli olmaqdır.

Çünki qarşı tərəfin niyyəti səni özündən çıxarmaqdır. İstəyirlər, əsəbiləşib siyasi səhvlərə yol verəsən. Oturublar klaviaturanın qarşısında, ağzını güdürlər ki, bir səhvin olsun və onu manşetə çıxarsınlar. Lakin bu sahədə xeyli təcrübəm var. Səbir və hövsələm bir çox hallarda qarşı tərəfi özündən çıxarır. Bu halda onlara deyirəm ki, bu yaşda belə səbirsiz və hövsələsizsiniz. Bu da mənim fəaliyyətimin əsas istiqamətlərindən biridir. Hazırda yaşıl enerji ilə bağlı bir kitab üzərində işləyirəm. Çalışıram vaxtdan səmərəli istifadə edim. Buna görə də, 5-6 saatdan çox yatmıram.
- Bir yerdə oxumuşdum ki, məqalələrinizi gecə saat 1-5 arası yazırsız.
- Bəli, ciddi analitik məqalələri gündüzlər yaza bilmirəm. Gecə 1-dən səhər 5-ə qədər yazıram o yazıları. Gecənin o romantikası da öz təsirini göstərir. Elə olub ki, gecə yorğun olmuşam, demişəm ki, səhər yazaram. Səhər o fikirlər ağlıma gəlməyib.
- Bəzən deyirlər ki, məqalələrinizi kimlərəsə yazdırırsız.
- Bunu mənim haqda deyə bilməzlər. Çünki mən BDU tarix fakültəsində oxumuşam. 75 nəfər arasında yeganə tələbə oldum ki, universitetdə saxlanılmağım haqqında elmi şura qərar verdi. Müəllimlərimlə mübahisəm olurdu. İmtahanda danışanda sözümü kəsib deyirdilər, keç növbəti suala. Mən də mübahisə edirdim ki, bu qədər öyrənmişəm, axıra qədər danışmaq istəyirəm. Sonra doktorant kimi qaldım, tarix elmləri üzrlə namizədlik dissertasiyası müdafiə etdim. 1997-ci ildə "Azərbaycan neftinin dünəni, bu günü və sabahı" mövzusunda ümumrespublika olimpiadası keçirildi.

Respublika üzrə qalib oldum, 500 dollar da mükafat verdilər. 2001-ci ildə Prezident Yanında İdarəçilik Akademiyasına elmi katib vəzifəsinə dəvət aldım. 2011-ci ildə isə "ABŞ və Beynəlxalq terrorizm problemləri" mövzusunda doktorluq müdafiə etdim.
Yəni mən elmdən gəlmişəm deputatlığa. Parlamentdə də heç vaxt çıxışımı üzündən oxumamışam. Yazılarımı özüm yazmıram deyənlər qərəzli adamlardır. Hazırda cənab prezidentin fəaliyyətinin xronikasının hazırlanmasında iştirak edirəm.
- Bəzi ölkələrdə deputatlar, məmurlar işə velosipedlə gedib-gəlirlər, ictimai nəqliyyatdan istifadə edirlər. Bizdə niyə bu ənənə yoxdur? Ümumiyyətlə, siz ictimai nəqliyyatdan istifadə edirsiz?
- Əvvəla onu deyim ki, Bakı şəhərində tıxac ən ciddi məsələlərdən biridir. Ümumiyyətlə, bu, böyük şəhərlərin problemidir. Biz dünyanın çox şəhərlərində oluruq, görürük ki, paytaxt şəhərlərdə tıxac ən ağır problemlərdəndir. Biz gün ərzində çox tədbirlərdə oluruq. İctimai nəqliyyatdan istifadə etməklə o tədbirlərə yubanmaq olar. Öz avtomobilimizdən istifadə edəndə isə vaxtı hesablamaq daha rahatdır, hadisə yerinə getmək üçün daha tez yola çıxırıq. Ailə üzvlərimiz daha çox ictimai nəqliyyatdan, taksidən istifadə edirlər. Lakin işimlə bağlı bunu etməyə imkan olmur. O vaxt biz Şanxay şəhərində idik. O şəhərin 25 milyon əhalisi var. Lakin orada demək olar ki, tıxac görmürdük. Baxırdıq ki, parklanma yerlərinin hamısı velosiped, motosikletlə doludur. Yollarda kütləvi şəkildə velosiped istifadə edirlər. Bizdə bu ənənələr yoxdur. Hesab edirəm ki, bizdə cəmiyyət buna hazır deyil.

- Nə baxımdan?
- Deyirsiz, xaricdə nazirlər, millət vəkilləri işə velosipedlə gəlirlər. Bizdə cəmiyyətin bunu normal qarşılamağına inanmıram. Ona zaman lazımdır.
- Ölkə, cəmiyyətlə bağlı çıxışlarınızda daha çox "uğur", "inkişaf" sözlərindən istifadə edirsiz. Maraqlıdır, Elman Nəsirovun ölkə ilə bağlı narazı olduğu hansı məqamlar var?
- Özüm təbiətən nikbin insanam. Bir şey alınmayıbsa, bunun yolunda hay-həşir qoparmaq, bədbəxtəm, daydayım yoxdur demək məntiqini qəbul etmirəm. Əvvəla, o sualın cavabını tap ki, işlərin niyə yolunda getmir? Boş yerə deyinməklə heç nə olmur. Balıq istəmə, balıqçılığı öyrən. Dünənki problem bu gün həllini tapır. Bu gün həll olunmayan problem sabah həll olunacaq. İstərdim ki, insanların maaşı lap yüksək olsun.
- Normal yaşamaq üçün nə qədər maaş kifayət edər? Məsələn, 4 nəfərlik ailəyə nə qədər məbləğ lazımdır ki, normal yaşasın?
- Hər ailənin uyğunlaşa bildiyi həyat tərzi var. Dəqiq rəqəm demək çətindir. Bizdə orta aylıq əməkhaqqı 1000 manatı keçib. Düşünürəm ki, bunun iki dəfə artığı olsa, dolanışıq imkanları daha yaxşı olar. Gələcəkdə orta aylıq əməkhaqqı 1500 manat olsa, o zaman bunu ikiyə vurmalıyıq, yəni 3 min manat lazım olacaq ki, dolanışıq imkanları daha yaxşı olsun. Lakin bütün bunları deyərkən fərqindəyəm ki, dövlətin xərcləri də böyükdür. Cənab Prezidentin sözləridir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı və onun təhlükəsizliyi dayanır. İnsanın mədəsi dolu ola bilər, lakin o bayıra çıxanda təhlükəsizliyi təmin olunmayacaqsa, mədənin doluluğu nəyə lazımdır? 2026-cı il büdcəsini parlamentdə təsdiqlədik. Xərclərimiz 41.7 milyard manat göstərilib. O pulun 17 milyard manatı, yəni 41 faizi sosial sahəyə yönəlib. Büdcənin 21 faizi, yəni 8.7 milyard manat müdafiə və təhlükəsizliyə gedib. Qarabağ və Şərqi Zəngəzurun bərpasına isə 2021-ci ildən indiyə qədər 22 milyard manat xərclənib. 2026-cı ildə isə daha 3.5 milyard manat vəsait ayrılıb. Hərbi büdcəmiz bu il 318 milyon manat daha da artırılıb. Bütün bu xərcləri maaşların daha da yaxşılaşdırılmasına yönəldə bilərdik, amma biz real vəziyyətə uyğun davranırıq, ayağımızı yorğanımıza görə uzadırıq.

- Qadınların maşın sürməsi haqqında fikirləriniz birmənalı qarşılanmadı. İstərdim o fikrinizi şərh edəsiniz.
- O fikri kontekstdən çıxarırlar və insanlar sadəcə manşeti oxuyur. Mən orada qadınların lehinə danışırdım. Bu dediyim də Almaniyada tanınmış bir qurumun araşdırmalarıdır. Qadın təbiətən zərifdir, kişi isə kobud. Bu araşdırmalarda baxmışdılar ki, kişi maşın idarə edir, qadın isə arxada oturursa, musiqi sədaları altında şəhərə baxa-baxa gedirsə, o qadınların qocalma ehtimalı, üzlərində qarışlar daha azdır. Lakin hansı qadın ki, özü maşın idarə edir, onların yol hərəkəti qaydalarını pozanlara emosional davranış göstərmələri, tıxaclarda əsəbiləşməkləri onların dərilərinə, səhhətlərinə mənfi təsir edir. Nəticədə, özü maşın sürən qadın maşın sürməyənə nisbətən daha tez qocalır, dəriləri daha tez qırışır. Bu dediklərimdən gəldiyim nəticə odur ki, qadınlar seçim etsinlər, ya maşın sürsünlər, ya da dərilərində qırışlar olmaması üçün digər versiyanı seçsinlər.
- Elman müəllim, sizcə, qadının maşın sürməsi, o dediyiniz proseslər onun qocalması üçün kiçik bir səbəb deyil? Qadını daha çox qocaldan, yoran məişət qayğıları, sosial problemlərdir. Siz necə düşünürsüz?
- Məsələ orasındadır ki, dediyiniz məişət və digər problemlərin daşıyıcısı olan qadın avtomobil idarə edəndə artıq ikiqat tez qocalır.

- Onsuz o məişət problemlərini daşıyan qadının maşın almağa imkanı belə olmur...
- Elə bilməyin ki, maşını olan insanların problemi yoxdur. İmkanlı adamın başqa problemi olur, imkansızın ayrı. Bir maraqlı yazı oxumuşdum, deyir, kimlər ki imkanı yoxdur və deyinir, onlara deyirəm ki, xəbərin var, o quru canının milyonlarla dəyəri var. Ciyərin, ödün, böyrəyin - bütün orqanlarının qiyməti bilirsiz nə qədərdir? Sən yeriyərkən milyonları daşıyırsan, xəbərin yoxdur. Nikbin olun, hər qaranlıq gecənin bir işıqlı səhəri var.
- Evdə bir ata kimi necəsiz?
- Hesab edirəm ki, məni qayğıkeş bir ata hesab etmək olar. Bütün uğurlarımın kökündə təhsilim dayanır. Ona görə də, övladlarımın yaxşı təhsil alması mənim üçün prioritetdir. Qızım Azərbaycan Dillər Universitetində oxuyur – ingilis və alman dili üzrə. İngilis dilini mükəmməl bilir. Yerlə göy bir ola, onları heç vaxt universitet rəhbərliyinə, müəllimlərə tapşırmaram.
- Nə əcəb xaricdə oxutmadız?
- Hesab edirəm ki, bakalavrı ölkədə oxutmaq yaxşıdır. Çünki 4 il oxuyursan, artıq beynin, baxışların formalaşır. 17-18 yaşında uşağı xaricə göndərirsən, oranın həm də mənfi tərəfləri də var. Amma burada 4 il oxuyub formalaşandan sonra magistr təhsilini gedib xaricdə oxumağa dəyər. İstərdim magistr təhsilini Almaniyada oxusun. Qızım vətənpərvərdir, Azərbaycan həqiqətlərini, cənab prezidentin siyasətini, tarixi uğurlarımızı beynəlxalq ictimaiyyət üçün yayır. İkinci qızım 10-cu sinifdə oxuyur, hazırlaşır. O da humanitara yönümlüdür. Oğlum isə 7-ci sinifdə oxuyur. O daha çox idmana meyllidir. Ciucitsu ilə məşğuldur. Bu il İtaliyada qızıl medal aldı. Oğlum çox vətənpərvərdir. Bir sinif yoldaşı bayrağı yerə salıb götürmədiyinə görə dalaşmışdı.

- Atanız şair olub. Heç onun şair tərəfi sizə də keçibmi?
- Şair tərəfi yox, amma elmi kitablar, məqalələr cəhətdən keçib. Bunun kökü onunla bağlıdır ki, bizim əslimiz Şamaxıdan olub. Şamaxı zəlzələsindən sonra babalarım gəliblər Cəlilabada.
- Yorulanda nə edirsiz, necə dincəlirsiz?
- Yorulanda yaxşı poeziya nümunələrini oxuyuram.
- Kimləri?
- Məsələn, Əli Kərimin poeziyasını çox sevirəm. Əli Kərimə qədər sevgi şerlərində şam işığı, pərvanə, yuxusuz gecələr var idi. Amma 1960-cı illərdə Əli Kərim gəldi və bunların üstündən xətt çəkdi, dedi, lazım deyil bunlar mənə. Onun "İki sevgi" şerini çox sevirəm.
(Müsahibimiz Əli Kərimin "İki sevgi" şerini və atasının bir şerini əzbər deyir)
- Qohumlarınız, yaxınlarınız sizdən nələrsə istəyirlər?
- Bu, biz deputatların alın yazısıdır. Hər görüşlər keçirəndə seçicilərimiz yaxınlaşır, problemlərini deyirlər. Bəziləri gəlir ki, əməliyyat olunmalıyam, pul lazımdır. Reseptlə gələn olur ki, dərman almalıyam, kömək edin. Uşaqla gələn olur, deyir, uşağıma ayaqqabı almağa kömək edin. O gün bir jurnalist dedi, qolum sınıb, mümkündürsə, 300 manat kartıma pul göndər, pensiyamı alanda qaytaracam. Göndərdim. Sadəcə özünü də sındırmaq istəmirdi, gülə-gülə o sözü dedi. Təbii ki, o pulu ondan alan deyiləm. Qohumlar da xahiş edirlər. İşə düzəlməklə, işıqpulu ilə bağlı müraciət edirlər. Bir şey var ki, mən passiv deputat olmamışam, həmişə mövqeyim var.

Məni tənqid edənlər də var. Sadəcə mənə bir şeyə görə hörmət edin ki, bir sifətim var. Prezident İlham Əliyevin rəhbəri olduğu partiyanın üzvüyəm və cənab prezidentin siyasətinin təbliğatçısıyam. Bunu sevə-sevə edirəm. Sağa-sola vurnuxan adam olmamışam. Parlamentdə bir çıxışım var idi, Yaxşı oğlan sindromu. Mənası odur ki, iqtidarı tərifləyirsən, tərəfin tutursan, amma iqtidarın əleyhinə gedənlər haqqında bir kəlimə də demirsən. Özünü təminat bilir ki, birdən başqa reallıq olar, qoy desinlər ki, bu adam bizim haqqımızda nəsə danışmayıb. Mənim isə bir sifətim var. Görəndə ki, mənimlə kişi kimi mübarizə apara bilmirlər, nakişilik edirlər, qarayaxma kampaniyası aparırlar. Yalanlar tirajlayırlar. Dəfələrlə mənə sosial şəbəkələrdə mesajlar göndəriblər ki, sənin dilini kəsəcəyik, sən çox danışırsan. Bu haqda müvafiq dövlət qurumlarına müraciət etmişəm. Və onlar belə etdikcə mən 5 qat mübarizə aparacam. Məni öldürməkdən başqa əllərindən bir şey gəlməyəcək ki. Zaman hər şeyi üzə çıxarır. Mən haqqın yanındayam.
Foto - Rüfət Mustafayev ©️ APA GROUP.