Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə tanışını qətlə yetirməkdə təqsirləndirilən Rauf Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Rauf Sadıqov özünü qismən təqsirli bildiyini deyib.
Daha sonra məhkəmə təqsirləndirilən şəxs Rauf Sadıqovun ifadəsi ilə davam edib:
"Elsevəri on beş ilə yaxındır tanıyıram, bir məhəllədə böyümüşük. Dekabr 26-da zəng edib, onunla bir yerə qədər getməyimi istədi. İnanın möhtərəm hakim, mən narkotik almağa getdiyimizi bilmirdim, Elsevər mənə heç nə deməmişdi. Bunu ancaq tutulanda bildim. Nə isə, taksi ilə getdik. Elsevər Ramin adlı tanışı ilə gəlmişdi. Qayıdanda bu ikisi düşdülər. Bir də baxdım, telefonum yoxdur. Telefonu Raminin oğurladığını anladım. Elsevəri çağırıb dedim ki "Mən bu adamı tanımıram, sən onu gətirmisən. Mənə problem lazım deyil. Ona de ki, ədəbi ilə mənim telefonumu qaytarsın. Tanımadığım biri ilə üz-göz olmaq istəmirdim, odur ki, Elsevərlə Raminə danışmağa şərait yaransın deyə qırağa çəkildim. Elsevər geri qayıdıb onun telefonu vermək istəmədiyini dedi. Səbrim tükənməyə başlayırdı. Özümü güclə ələ alıb buna yaxınlaşdım, əlimi atdım bunun çiyninə ki, "Qardaşım, bəlkə sənə bir pisliyim dəyib? Mənim bir ayağım onsuz da "srok"dadır, məni işə salma, qaytar telefonu, xoşluqla çıx, get". Ramin qayıdasan ki, "Mən "lomka"dayam, canım ağrıyır. Telefon mənə lazımdır". Dedim "Mənə nə sən "lomka"dasan? Gəl, sənə pul verim, amma telefonumu qaytar. Onun içində önəmli şəkillər, videolar var, qaytar". Nə qədər dilə tutdum, telefonu qaytarmaq istəmədi. Yapışdım yaxasından ki, "Sənə ziyan vurmaq istəmirəm, əcəl səni hərləməsin, telefonumu qaytar", yenə qaytarmadı telefonumu. İki bıçaq zərbəsi vurdum qarnından, sifətinə də bir yumruq ilişdirdim. Bunu qan apardığını görüb, Elsevərə dedim ki, tez "təcili yardım" çağırsın. Mən dörd aya yaxın müddətdir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə gedib-gəlirəm; həftənin 4-cü günü orada olurdum, qalan günlərdə iş tapanda şəhərdə işləyirdim. Hadisə günü mən məntəqə tipli cəzaçəkmə müəssisəsinə qayıtmalı idim, amma yolpulum olmadığına görə gedə bilmədim. Zəng edib rəisə durumu bildirdim, dedi "Eybi yox, amma tezdən burada olmalısan". Mən elə orada amnistiyaya düşdüyümü öyrəndim. Səhəri əməliyyatçılar məni müəssisədən apardılar".
Növbəti proses 1 iyun 14:30-a təyin olunub.
Xatırladaq ki, qətl hadisəsi 2025-ci ilin 26 dekabr tarixində Xətai rayonu NZS qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Ramin Qarayev aldığı bıçaq xəsarətlərindən ölüb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Ona xəsarətlər yetirməklə qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Rauf Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, Rauf Sadıqov Cinayət Məcəlləsinin 120.1(Qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.