CİNAYƏT İŞİ
Qısa arayış...
2022-ci il fevralın 20-də Bakının Nizami rayonu Rüstəm Rüstəmov küçəsindəki mənzildə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova, onun övladları 2011-ci il təvəllüdlü Ataxan və 2008-ci il təvəllüdlü Lamiyə qətlə yetirilir. Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirilməsi zamanı G. Qaraxanlının meyiti giriş qapısının sağında, Ataxanın meyiti divanda arxası üstə uzanmış halda, Lamiyə isə çarpayıda uzanmış halda aşkarlanıb.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Gülnar Qaraxanovanın bədənində 3, Lamiyədə 9 və Ataxanda 5 ədəd bıçaq yaraları aşkar edilib.
Fevralın 21-də Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları Sabirabad rayon sakini 1981-ci il təvəllüdlü Əhəd Əliyevi Nərimanov rayonu, Hacı Məmmədov küçəsi, ev 12, mənzil 2-də şübhəli şəxs qismində saxlayıblar. Əhəd Əliyev könüllü olaraq ayın 19-da cinayət yolu ilə əldə etdiyi 18 min 100 manat, 1100 dollar məbləğində pul vəsaitini və yeni aldığı “Samsung” markalı mobil telefonu polislərə təqdim edib.
İttiham aktı
Videogörüntüyə baxış keçirilərkən fevralın 19-u saat 19:53-də Əhəd Əliyevin Gülnar Qaraxanovanın övladları ilə yaşadıqları bloka girməsi, saat 20:38-də binanın qarşısına polis avtomobilinin gəlməsi, polis əməkdaşlarının bloka daxil olması və 10 dəqiqədən sonra, çıxıb, xidməti avtomobillə hadisə yerindən uzaqlaşmaları müəyyən olunub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Əhəd Əliyev keçmiş arvadı Nərmin Əliyevanın bacısı Gülnar Qaraxanovanın ailəsi ilə birlikdə kirayədə yaşadıqları evdə 35.000 manat məbləğində nağd pul vəsaiti saxlamaları barədə məlumat əldə edib. Basqın edib qadını və övladlarını öldürmək qərarına gəlib. Bu məqsədlə fevralın 17-də Nərimanov rayonun Təbriz küçəsində yerləşən “1001” xırdavat mağazasından 2 manat ödəməklə bir ədəd bıçaq alıb. Ayın 19-da keçmiş qohumluq əlaqələrindən istifadə edərək R.Rüstəmov küçəsi, ev 48 mənzil 65-ə gəlib. Gülnar Qaraxanovadan 50 manat borc istəməsi adı ilə içəri daxil olub. Sonra çoxsaylı bıçaq zərbələri ilə övladlarının qözləri qarşısında endirməklə, qadını xüsusi amansızıqla öldürüb. Daha sonra mənzilin qapısını açıb, qonşuları köməyə çağırmaq istəyən azyaşlı Lamiyyə Qaraxanlıya bıçaqla xəsarətlər yetirərək, onun öldüyünü güman edib. Bloka çıxan qonşular polisə məlumat veriblər. İfşa olunmamasından ötrü bıçaqla azyaşlı Ataxan Qaraxanlını hədələyib. Ona guya dərs davamiyyətinin pis olması ilə əlaqədar ataları tərəfindən danlanmasını və heç nə baş vermədiyini mənzilin qapı arxasından deməyə məcbur edib. Buna inanan qonşuların və polis əməkdaşlarının getmələrinə nail olub. Ataxan Qaraxanlını fevralın 20-i saat 4 radələrinədək girov saxlayıb. Bu müddət ərzində mənzildə axtarış aparıb, Qaraxanlı ailəsinə məxsus 20000 manat və 1100 dolları ələ keçirib. Sonra mənzilin qonaq otağında divanda yatmış Ataxan Qaraxanlının boyun və döş qəfəsi nahiyyələrinə bıçaqla zərbələr vuraraq onu da öldürüb. Saat 12 radələrində yetirdiyi ağır bədən xəsarətlərindən Lamiyə Qaraxanlının ölmədiyini görüb. Buna görə, ölümünü sürətləndirmək məqsədilə bıçaqla 1 dəfə də zərbə endirib, azyaşlı qızı qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Əhəd Əliyev bildirib ki, Sabirabad rayonunda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini başa vurub:
“Sabirabadda fəaliyyət göstərən 6 saylı tam orta məktəbdə kimya müəllimi işləyirdim. 2006-cı ildə dərs dediyim şagirdlərdən Nərmin Əliyeva ilə tanış oldum və bir müddətdən sonra onunla evləndim. Nikahdan 2007-ci ildə bir övladımız dünyaya gəldi. 2010-cu il yanvarın 30-da Saatlı rayonu, Novruzlu kənd ümumi orta məktəbinə direktor vəzifəsinə təyin edildim. 2014-cü ildə 2-ci övladımız anadan oldu. 2015-ci ilin oktyabr ayında işdən çıxdıqdan bir müddət sonra direktor kimi işlədiyim dövrdə, dövlət əmlakını mənimsədiyim üçün barəmdə Saatlı rayon prokurorluğunda cinayət işi başlanıldı və 2016-cı ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il müddətinə şərti azadlıqdan məhrum olundum. Cəzamın icrası başa çatdıqdan sonra yenidən imtahan verərək 2017-ci ildə Sabirabad rayonunun Narlıq kənd tam orta məktəbində biologiya müəllimi işləməyə başladım. 2020-ci il fevralın 14-də keçmiş arvadım və uşaqlarımla birlikdə Bakı şəhərinə köçdük. Bir müddət Yeni Yasamalda, sonra isə Nərimanov rayonundə yaşadıq. Həmin dövrlərdə müxtəlif şəxslərdən, o cümlədən bacanağım Fəsahət Qaraxanovdan borc pullar almağıma, işsiz qalmağıma görə yoldaşımla münasibətimiz get-gedə pisləşdi. Borc pul almağım barədə baldızım Gülnar Qaraxanovanın da məlumatı vardı. Fəsahət Qaraxanov Rusiyaya və digər ölkələrə yük avtomaşını ilə mallar daşıdığından bəzən Azərbaycanda uzun müddət olmurdu. Buna görə də, ailənin pul məsələlərinə arvadı nəzarət edirdi. 2022-ci il fevralın 3-də Nərmin Əliyeva ilə rəsmi olaraq Sabirabad rayon məhkəməsinin qətnaməsi ilə boşandıq. Ara-sıra övladlarıma baş çəkmək üçün keçmiş arvadımın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində yaşadıqları ünvana getdim”.
Gülnar Qaraxanovanın meyiti
Buna baxmayaraq, pula ehtiyacı olduğundan hərdən Nərmin Əliyevadan da borc alıb. Fevralın 15-də Gülnar Qaraxanovanın yaşadığı ünvana gedib, məqsədi evdə kimin olmasını yoxlamaq olub:
“Qapını açan azyaşlı Ataxandan məktəb ləvazimatı olan biologiya kitabını müvəqqəti mənə verməsini istədikdə, uşaq kitabı verdi. Rayonda dərs dediyim məktəbdən az həcmdə maaş aldığımdan, təxminən 20.000 manatdan çox borcum yaranmışdı. Gülnar Qaraxnovanın mənzilində çoxlu pulun olmasını bildiyimdən, həmin məbləği ələ keçirmək və borclarımı ödəmək qərarına gəldim. Qaldığım oteldən çıxaraq, Heydər Əliyev Mərkəzi istiqamətində hərəkət etdim. Binalardan birinin 1-ci mərtəbəsində yerləşən mağazadan mətbəx bıçağı aldım. Fevralın 19-u saat 20 radələrində Nizami rayonuna yollandım. R.Rüstəmov küçəsindəki 48 saylı evə çatıb bloka girdim. 4-cü mərtəbəyə qalxarkən, əlində torbalarla marketdən gələn Gülnarla rastlaşdım.
Əhəd Əliyev
Qapını azyaşlı qızı Lamiyə açdı. İçəriyə daxil olandan sonra Gülnara onunla işim olduğunu dedim. Qadın əlindəki paketləri qapının girəcəyindən sağ tərəfdə qoyub uşaqlara yataq otağına keçmələrini bildirdi. Digər otağa keçəndə, baldızımdan mənə 50 manat verməsini istədi. Lakin Gülnar evdə xırda pulu olmadığını, ev almaq üçün topladığı məbləğə isə əl vura bilməyəcəyini dedi. Artıq qadını və uşaqları öldürməyəcəyim təqdirdə, pulları ondan ala bilməyəcəyimi tam dərk etdiyimdən, şalvarımın arxa cibindən bıçağı çıxarıb Gülnarın sinəsinə zərbə vurdum. Baldızım, övladlarına “qonşuları çağırın, kömək edin” deyə qışqırdı. Otağa gəlib, analarının bıçaqla vurulduğunu görən uşaqlar qışqırmağa başladılar. Gülnar övladları ilə birlikdə qapıya tərəf qaçanda, qadını tutub ona bıçaqla daha 2 zərbə endirdim. Bıçaq zərbələrindən sonra baldızım müqavimət göstərə bilmədən huşunu itirib yerə yıxıldı. Lamiyə kömək istəmək üçün mənzilin qapısını açanda, onu tutub geriyə çəkdim və qapını dəmir cəftə ilə bağladım. Səsə gələn qonşular qapını açmağa çalışdılar. Uşaqlardan biri də, “anamı öldürürür bıçaqla” deyə qışqırırdı. Uşaqların pulları axtarıb tapmağıma maneçilik törədəcəklərini düşündüyümdən Lamiyəyə çoxsaylı zərbələr vurdum. Qız dəhlizdə səndələyərək əvvəl divara söykəndi, sonra isə yerə yıxıldı. Lamiyənin səsi gəlsə də, ona son zərbəni vurmağa ehtiyac duymadım. Zənn edib ki, vurduğum güclü zərbələrdən sonra o, artıq ayağa qalxa bilməz. Beləliklə də, mənzildə mənimlə Ataxan qaldı”.
Lamiyə Qaraxanovanın meyiti
Oğlanı dərhal öldürməyib. Fikirləşib ki, qonşular artıq blokda dayanaraq, evdə kiminsə olmasından şübhələniblər. Ataxanı sakitləşdirməyə çalışıb:
“Qonşular qapını döyüb Gülnarı və uşaqları səslədilər. Mənzildə başqa kimin olmasını sorudular. Buna görə də, uşaqdan qonşulara heç bir problem olmamasını bildirməsini tələb etdim. Əks halda onu da öldürəcəyimi dedim. Ataxan da bu qaydada, sadəcə atasının içki qəbul etdiyinə görə, səs-küy yaratmasını və hər hansı problem olmamasını söylədi. Qonşular bir qədər sakitləşləşərək, öz mənzillərinə getdilər. Bir neçə dəqiqə sonra, polis əməkdaşları qapını döyəndə, Ataxan mənim təzyiqimlə polislərə eyni qaydada evdə heç bir problem olmadığını bildirdi. Ataxana inanan polis əməkdaşları da çıxıb getdilər. Bundan sonra uşağa guya anası və bacısının vəziyyətinin yaxşı olacağını və onların bir azdan ayılacaqlarını dedim. Ataxan bir neçə saat ağladıqdan sonra, sakitləşdi və qonaq otağında divanda uzanaraq, yatdı. Əvvəl dəhlizdə, şkafın birinci siyirtməsini açdım və paltarların altında, qara rəngli sellofan torbanın içərisində təxminən 20.000 manat və 1.100 dollar məbləğində pul tapdım. Həmin torbanı götürüb cibimə qoydum. Səhər saat 4 radələrində Ataxanın lazım olmadığını düşünüb onu da qətlə yetirdim.
Qonaq otağına girib yatmış vəziyyətdə olan uşağın boğazına bıçaqla bir neçə zərbə vuraraq qırtlağını kəsdim. Oğlanın öldüyünü görüb dərhal evdən çıxmaq istəsəm də, bir qədər oturub istirahət etmək qərarına gəldim.
Ataxanın meyiti
Hər bir halda evdən çıxacağım təqdirdə, polis əməkdaşlarının məni tuta biləcəyindən qorxdum. Səhər saat 11 radələrində qonaq otağından çıxanda, Lamiyənin dəhlizdə, yıxıldığı yerdə olmadığını gördüm. Digər yataq otağına keçəndə, qızın çarpayıda uzanıqlı vəziyyətdə olmasını gördüm. Lamiyənin bu qədər bıçaq zərbəsindən sonra sağ qalması mənə qəribə gəldi. Bıçaqla boğazına axırıncı zərbəni vuran kimi qız öldü. Artıq tam arxayın siqareti çəkərək, külqabıda söndürdüm. Ataxanın əlindən aldığım 2 ədəd mobil telefonu evdə qoydum. Bıçağın üzərindəki qanı dəsmala sildim və oğlanın meyitinin üstünə ataraq, saat 12 radələrində evdən çıxdım. Ordan birbaşa Rüstəmov küçəsində yerləşən və əhali tərəfindən “Maklerlər parkı” adlanan yerə gəlib bıçağı zibil qutusuna atdım. Taksi ilə Nərimanov rayonu, A.Nemətulla küçəsinə gəldim. Mağazadan özümə təzə gödəkçə aldım, hadisə zamanı əynimdə olan gödəkçəni isə 178 saylı orta məktəbin yanında, zibil qutusuna tulladım. Daha sonra “28 may” metrostansiyasının yaxınlığına gəldim. Özümə 560 manata mobil telefon aldım.
Saat 17 radələrində Nərimanov rayonuna qayıtdım. Restoranda yemək yeyərkən, internet vasitəsi ilə özümə kirayə ev tapdım”.
Ataxanın meyiti
Nərimanov rayon Polis İdarəsi ilə üzbəüz yerləşən yaşayış binasında mənzil sahibinə 500 manat pul ödəyib və ondan açarları təhvil alıb.
Növbəti gün, səhər saatlarında polis əməkdaşları gələrək, onu şübhəli şəxs qismində saxlayıblar. Polislərə törətdiyi cinayəti etiraf edib. Əldə etdiyi pulları, şkafa, ikinci siyirtməyə qoyduğunu bildirib. Polis əməkdaşları onun iştirakı ilə protokol tərtib edərək, maddi sübut kimi pulları götürüblər. Aldığı mobil telefonu da təqdim edib. Sonra onu Nizami RPİ 24-cü PŞ-nə gətiriblər.
Zərərçəkmiş şəxsin hüquqi varisi Fəsahət Qaraxanov ifadəsində göstərib ki, Rüstəm Rüstəmov küçəsi, 48 ünvanında təxminən 10 ildir ki, kirayədə, ailə üzvləri ilə birlikdə yaşayıb. Gülnar Qaraxanlı ilə 2007-ci ildə Sabirabad rayonunda ailə qurub:
“2008-ci ildə qızımız Lamiyə dünyaya gəldi. Rayonda yaşadığım dövrdə fərdi sahibkarlıqla məşğul olmuşam. Sonra Bakıya köçdük. 2011-ci ildə oğlum Ataxan anadan oldu. Arvadım Gülnar bacısı Nərmin Əliyevanın vasitəçiliyi ilə Nərimanov rayonunda yerləşən şirniyyat evində satıcı kimi çalışırdı, mən də ağır tonnajlı (TIR) avtomaşın sürücüsü işləyərək, əsasən Rusiyaya yük daşıma işi ilə məşğul olurdum. Bəzən işimlə əlaqədar 1 ay ölkədə olmurdum. Buna görə də, Azərbaycana qayıdanda, aldığım məvacibi evdə saxlaması üçün yoldaşıma verirdim. Məqsədimiz pul yığıb Bakıda ev almaq idi. 2022-ci ilin yanvarında növbəti dəfə Belarusiyaya yük apardım. Arvadımla axırıncı dəfə fevralın 17-də telefonla danışdıq.
Evdən götürülən pullar
Hal-əhval tutub sağollaşdıq. Fevralın 20-də səfərdən qayıdarkən, qohumum zəng edərək, arvadım və övladlarımın öldürüldüyünü xəbər verdilər. Ayın 21-də cinayətin bacanağı Əhəd Əliyev tərəfindən törədilməsi və onun tutulmasını öyrəndim. Uzun müddət ölkədə olmadığım üçün bacanağımı təxminən 1 il əvvəl görmüşəm.
Əhəd Əliyev məktəbdə müəllim, sonra isə direktor vəzifələrində çalışıb. Əhəd cəmiyyətdə ziyalı mövqeyi ilə seçilsə də, 2015-ci ildə Saatlı rayonun Novruzlu kəndində direktor olanda məktəbdə yeyintiyə yol verdikdən, sonralar da müxtəlif şəxslərdən borc alıb, dələduzluq etməyinə görə Sabirabad rayonunda nüfuzdan düşüb. Bacanağımın ailə üzvlərini qətlə yetirib, quldurluq edəcəyini ağlıma gətirə bilməzdim”.
Şahid Nərmin Əliyeva ifadəsində göstərib ki, əri Əhəd Əliyevlə 2022-ci ilin fevral ayında Sabirabad rayon məhkəməsinin qərarı ilə boşanıb:
“Bacım Gülnar Qaraxanova 2021-ci ilin yayından Nərimanov rayonunda yerləşən şirniyyat mağazasında işləyərək, aylıq 500 manat məbləğində əməkhaqqı alırdı. 2021-ci ilin oktyabr ayında bir neçə dəfə Əhəd Gülnarın yaşadığı mənzilə gedərək, bacımdan bizi barışdırmasını istəyib. Eyni zamanda, Gülnardan evdə pulları harda saxlamasını soruşub. Bacım Əhədin bu cür suallar verməsindən narahat olub və bu barədə mənə də bildirib. Bir neçə dəfə də elə olub ki, Gülnar evdə olmayanda Əhəd onlara gedib və uşaqlar evdə tək olduğundan, qapını açmayıblar. Bacım Əhədə zəng edərək, o, evdə olmadığı vaxt evə gəlməməsini tələb edib. Fevralın 20-i saat 14 radələrində iş yoldaşımla birlikdə Gülnargilin yaşadığı ünvana yollandıq. 4-cü mərtəbəyə qalxıb mənzilin qapısını döydüm. Aralı vəziyyətdə olan qapıya əlimlə toxunan kimi qapı açıldı. Dəhlizdə, sağ tərəfdə bacımı yerdə uzanıqlı vəziyyətdə gördüm. Qışqırıq səsinə qonşular yığışdı. Bacımı yerdə ölmüş vəziyyətdə görəndə, artıq digər otaqlara keçə bilmədim”.
İstintaq fotosu
Nərmin Əliyeva əlavə edib ki, 2020-ci ildə Əhədin mobil telefonuna baxdıqda onun bir qadınla mesajlaşmasını görüb. Daha sonra, ərinin öz şagirdi ilə sevgi məzmunlu danışıqlar aparmasını başa düşüb.
Şahid Hədiyyə Bayramova bildirib ki, R.Rüstəmov küçəsi, ev 48 mənzil 66-da qızı ilə birlikdə kirayədə qalır:
“Bizdən sağda, 65 nömrəli mənzildə Gülnar Qaraxanova ailəsi ilə yaşayırdı. Fevralın 19-da blokdan dəhşətli qışqırıq səsləri, həmçinin qapımızın əllə vurulmasını və ayaq səsləri gəlməsini eşitdim. Səslərdən narahat olub cəld qapıya tərəf qaçdım. Qapının gözlüyündən baxanda, qaranlıq olmasına görə heç nə görə bilmədim. Qapını açıb bloka çıxanda 65 nömrəli mənzilin qapısının çırpılaraq örtülməsini gördüm. Digər qonşular da toplaşmağa başladı. Qapını təpikləyib var gücümlə yumruqladım. İçəridən azyaşlı uşaqlar - Ataxan və Lamiyə “anamı öldürür, bıçaqla vurur” deyə, qışqırırdılar. Qapını döydükcə, uşaqlar qışqırmağa davam edirdilər. Bir neçə dəqiqədən sonra qapı ani açıldı, həmin vaxt qonşular içəriyə keçməyə cəhd etsələr də, bacarmadılar. Qapı yenidən çırpılaraq örtüldü. Evdə ailə-məişət münaqişəsi olmasını düşündük. Buna görə də, 102 xidmətinə zəng edərək məlumat verdik. Bir qədər sonra 24-cü PŞ-nin əməkdaşları gəlib nə baş verdiyini soruşanda az əvvəl mənzildən qışqırıq səsləri gəldiyini dedim. Polislər qapını döydülər, sonra qapını sındırıb içəri girəcəyini bildirdilər. İçəridən Ataxan qırıq səslə atasının sərxoş olmasını, içki qəbul edib yatmasını, hər şeyin qaydasında olmasını bildirdi. Mənzildən uşağın səsi istisna olmaqla heç kimin səsi gəlmədi. Bundan sonra polis əməkdaşları getdilər, qonşularla evlərimizə getdik.
Bütün gecəni bir qədər narahat yatdım, qonşu mənzildə baş verənləri düşündüm. Növbəti gün, saat 14 radələrində blokdan yenə qışqırıq səsi eşitdim. Qapını açanda Gülnarın bacısı Nərminin ağlamasını və mənzilin dəhlizində qonşumun meyitini gördüm”.
Hadisənin törədildiyi bıçaq növü
O, ifadəsinə əlavə edib ki, hadisədən bir neçə gün əvvəl naməlum şəxs 65 nömrəli mənzilin qapısını döyüb və uşaqdan kitab istəyib. Daha sonra uzunboylu, əynində qara rəngli gödəkçə olan şəxs kitabı qapıdan götürüb gedib.
Şahid qismində dindirilmiş Ramin Hacıyev ifadəsində göstərib ki, Nizami RPİ 24-cü PŞ-də sahə müvəkkili vəzifəsində işləyir. Fevralın 19-u saat 20 radələrində məsul növbətçi üçün ayrılmış otaqda olub:
“Polis leytenantı Nizami Kərimov 102 xidmətindən daxil olan məlumatı cinayət xarakterli hadisələr kitabında qeydə alıb. Hədiyyə Bayramova qonşusunun mənzilində uşaqların döyülməsi barədə məlumat verib. Çevik Polis Alayının əməkdaşları ilə birlikdə R.Rüstəmov küçəsi, 48 ünvanına yollandıq. 65 nömrəli mənzilin qapısına çatanda bir qadının dayanmasını gördüm. Danışıq əsasında bildim ki, 102 xidmətinə zəng edən Hədiyyə Bayramovadır. Qadın, o gələnədək içəridən dava-dalaş səsi gəldiyini, hazırda isə bilmədiyi səbəbdən sakitçilik yaranmasını bildirdi. Qapını bir neçə dəfə döysəm də, açan olmadı. Polis əməkdaşı olmağımı və qapının içəridən açılmayacağı təqdirdə, qırıb içəri keçəcəyimi bildirəndə, Ataxan Qaraxanlı dedi ki, atası içki qəbul edib, yatıb və hər şey yaxşıdır. Həmin vaxt mənzildən başqa heç kimin səsi gəlmədi və tam sakitçilik idi. Şöbəyə qayıdıb, təhqiqatçı Füzuli Qurbanova baş vermiş hadisəni danışdım. Fevralın 20-də həmin ünvanda Gülnar Qaraxanova və
2 uşağının meyitlərinin aşkar olunmasını öyrəndim. Hadisə ilə əlaqədar DİN-nin 24 fevral 2022-ci il tarixli əmri ilə tutduğum vəzifədən azad olunmaqla Daxili İşlər Orqanlarından xaric edildim”.
Hadisə olan evdən foto
Şahid Əzim Həsənov bildirib ki, Nərimanov rayonunun Hacı Məmmədov küçəsində yerləşən mənzilini kirayə vermək üçün internetdə elan yerləşdirib:
“Fevralın 20-də mənzilli müqavilə əsasında özünü müəllim kimi təqdim edən Əhəd Əliyevə 500 manat məbləğində kirayə verdim. Müqavilənin bağlanması prosesi az vaxt apardı. Çünki, o, tələsirdi. Demək olar ki, otaqlara baxmadı və artıq sual vermədi. Səhərisi gün Nizami rayonunda baş vermiş amansız qətl hadisəsi ilə əlaqədar Əliyevin şübhəli şəxs kimi saxlanılmasını, üzərində olan pulların cinayət yolu ilə əldə olunmasını öyrəndim”.
Əhəd Əliyevin, polis əməkdaşları tərəfindən fiziki zor tətbiqinə məruz qalması barədə göstərdiyi xüsusatlar üzrə prokurorluqda araşdırma aparılıb. Toplanmış material əsasında cinayət işinin başlanılması 2022-ci il aprelin 8-də müvafiq qərarla rədd edilib.
Məhkəmə iclasında Əhəd Əliyev ittiham üzrə özünü təqsirli bilməyərək, Gülnar Qaraxanovanı və onun övladlarını öldürmədiyini qeyd edib. Onun sözlərinə görə, ayın 21-də kirayədə qaldığı mənzildə polis əməkdaşları onu şübhəli şəxs qismində saxladıqda, nə baş verdiyini başa düşməyib. İbtidai istintaqda, ilkin ifadələrində qeyd olunanlar yalandır. Əhəd Əliyevin prokurorluqda verdiyi ifadələri ilə, məhkəmə zalında verdiyi ifadəsi arasında ziddiyət yarandığından onun ilkin ifadəsi elan olunub.
Lamiyə və Ataxan Qaraxanovlar
Məhkəmə təqsirləndirilən şəxsin hadisə günü Gülnar Qaraxanovanın yaşadığı ünvana gedib onunla bir qədər danışdığını, azyaşlı Lamiyə Qaraxanlıdan borc kimi 7 manat pul alıb çıxıb getməsini, qətl törətməməsi barədə verdiyi ifadələrini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə və özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirib.
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.
Dövlət ittihamçısı Əhəd Əliyevin ömürlük azadlıqdan məhrum edilməsini, təqsirləndirilən şəxsin vəkili cinayətin müdafiə etdiyi şəxs tərəfindən törədilmədiyini və cinayət işini ibtidai istintaqa qaytarılmasını istəyib.
Məhkəmə qənaətə gəlib ki, Əhəd Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona həmin maddələrlə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhəd Əliyev qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.