İlk əməliyyat, Rafiqin çağırdığı erməni qızı, ölümün 3 metrliyində... - XATİRƏ
16 oktyabr 2012 14:11 (UTC +04:00)

İlk əməliyyat, Rafiqin çağırdığı erməni qızı, ölümün 3 metrliyində... - XATİRƏ

 

Əvvəli: burada

Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.
Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalan insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam.

“Qrom”un ilk sınağı

Üçüncü yazı


İlk dəfə 1991-ci ilin oktyabrın axırı - noyabrın əvvəlləri “Qrom” olaraq Sırxavənd kəndinin müdafiəsində iştirak etdik. Bizi evlərə paylamışdılar, hər əsgər bir evdə qalırdı. Sırxavənd Ağdərənin azərbaycanlılar yaşayan kəndi idi. Ermənilərin məskunlaşdığı Kiçanla (Ballı qaya) qonşu idi bu kənd. Xankəndi ilə Ağdərəni birləşdirən yeganə avtomobil yolunun, o yolun ən strateji hissəsi olan “Vəng körpüsü”nün yaxınlığında yerləşirdi. Əhalisi çox mərd, döyüşkən və zəhmətkeş idi Sırxavəndin. Bu kəndin döyüşçülərindən indi yaddaşımda qalanlar Nağı və Bilal, bir də sonuncunun qardaşıdır. Sırxavənd Kiçanla o qədər yaxın idi ki, erməni evləri ilə azərbaycanlı evləri bir-birinə az qala bitişik idi. Hadisələr başlayandan bəri bu kənd də itkilər vermişdi. Nağının qohumlarından bir ailəni ermənilər meşədə diri-diri yandırmışdılar...

Amma o vaxt haradan biləydik ki, bunlar hələ başlanğıcdır. Qanlı-qadalı, ölümlü, itkili, ağrılı-acılı günlər hələ qabaqdaydı.

Ermənilərlə qonşu kəndlərin ən vahiməli anları gecələr olurdu. Çünki Yerevandan, Suriyadan, Livandan gəlmiş erməni saqqallıları azərbaycanlıların evlərinə əsasən gecələr basqın edirdi. Mənim qaldığım evin həyəti bir erməninin həyətinə açılırdı. Bizə tapşırmışdılar ki, səbəbsiz güllə atmayaq. Son illərə qədər qaldığım evdəki ailə başçısının adını xatırlayırdım, təəssüf ki, indi unutmuşam. Evdə özü idi, xanımı, bir də azyaşlı uşaqları. Axşam məni şam yeməyinə dəvət etdilər. Heç yadımdan çıxmaz, qırmızı lobyadan ətsiz şorba bişirmişdilər. Uzun müddət “kilki” balıq konservi yeməyə özünü məcbur edənlər üçün bu, əsl şam yeməyi, əsl qonaqlıq idi! Hələ də dadı damağımda qalıb o şorbanın...

Yeməkdən söz düşmüşkən, elə Sırxavənddə olduğumuz müddətdə Xanların 10 gün səhər, günorta və axşam “kilki”balıq konservi yeyərkən sifətini necə turşutduğunu ölənə qədər unutmaram. “Nə qədər “kilki” yemək olar?” gileyinə bir dəfə Ramiz özünəməxsus tərzdə belə cavab verdi:

- Xanlar, balıq tikəsini ağzına qoyanda gözünü yum və elə təsəvvür elə ki, quzu kababı yeyirsən.

- Elə şey olar?!

- Sən bir yoxla də...

Xanlar gözünü yumub balıq tikəsini ağzına qoyur və asta-asta çeynəməyə başlayır... Sonra da sifətini adəti üzrə turşudub, yazıq-yazıq deyir:

- Ramiz, and olsun Allaha, “kilkidi” ey, “kilki”!

...O gecəni səhərə qədər əlimdə avtomat, əynimdə ağır, gülləkeçirməyən zirehli gödəkçə (bronejilet) gözlədim. Arada yuxu məni tuturdu - Məlikməmmədin barmağına kəsib, yarasına düz basmağı yadıma düşürdü, gülürdüm. Amma dözüb səhərə qədər gözləyə bildim. Ermənilər həmin gecə bir hadisə törətməyə cəhd eləmədilər. Amma “saqqallı”ların erməni həyətlərində gəzişdiklərini, bizlərə kinli-kinli baxdıqlarını açıq-aydın görürdük. Səhər isə kəndin mərkəzindəki qərargaha getdim. Hər kəs gecə olanları danışdı, ümumiləşdirib Şirin Mirzəyevə məlumat verdik...

...Bir gün səhər həyəcan siqnalı verildi: Ermənilər Sırxavəndin otlaq sahəsindən camaatın mal-qarasını, qoyun-quzusunu aparır! “Qrom 2”nin heyəti tam şəkildə döyüşə atıldı. Qısa bir müddət ərzində ərazini mühasirəyə aldığımızı görən ermənilər mal-qaranı, qoyun-quzunu qoyub atışa-atışa geri qaçası oldular... Həmin gecə kolxoz sədri bizim şərəfimizə qonaqlıq verdi. Quzu kababı! Xanların kefi kökəlmişdi...

Ermənilər Ağdamın sərhəd kəndlərinə tez-tez hücum edirdilər. Biz də yerli əsgərlərlə birgə bu hücumların qarşısını alırdıq, xırda mövqe döyüşlərində iştirak edirdik. O döyüşlərin detallarını, tarixini unutmuşam deyə heç nə yaza bilmirəm.

Hələ qanlı-qadalı günlər qarşıdadır...

1991-ci ilin noyabrın sonlarında “Qrom 2”-nin kəşfiyyat qrupu və bir qrup əsgərlə Xocavəndin Əmralılar kəndinə ezam olunduq (Əmralılarda iki dəfə olmuşuq - R.K). Bakıdan gəlib kəndi mühafizə edən bir rota bizə məlum olmayan hansı səbəbdənsə Əmralıları müdafiə etməkdən imtina etmişdilər. Onların silahlarını bizə verdilər. Xeyli müddət Əmralıların məktəbində qaldıq. Ramiz, Nail və Rəmiyəddin Məhərrəmov (uşaqlıqdan onu Rəmiş çağırardıq, 1992-ci ilin iyun ayında şəhid oldu) da bizimləiydilər. Nizami ordudakı kimi, hərbi xidmətin bütün sərt qaydalarına riayət edərək, qərargah yaratdıq, növbəlilik sistemi ilə kəndi qorumağa başladıq. Demək olar ki, hər gecə ermənilər kəndi müxtəlif silahlardan atəşə tuturdular. Biz də onlara cavab verirdik.

“Qrom 2” əsgərləri ilə yanaşı batalyonun kəşfiyyat dəstəsindən Rafiqlə (“Çantos” - o, əvvəllər Xankəndindəki hərbi hissələrin birində müqavilə əsasında xidmətdə olmuşdu. Hadisələr gərginləşəndə adına olan AKM markalı avtomatı da götürüb, Ağdama gəlmişdi), Əlabbas İsgəndərovla, Həsən Mehdiyevlə birgə postda durur, kəşfiyyat xarakterli müşahidə aparırdıq. Atışmaların birində Əlabbas əlindən yüngül yaralandı...

Atışma olmayan gecələrdə ermənilər səngərlərindən bizi hövsələdən çıxaran sözlər deyirdi. “Çantos” da onların bu psixoloji savaşına Xocavənddən (Martuni) olan erməni sevgilisini haraylamaqla cavab verirdi:

- Aksanaaaaaaa, ya tebya...!

Rafiqin səsi gecənin səssizliyində dağlarda əks-səda verib, bütün rayonu başına götürürdü...

Növbəti gecə kəşfiyyatın komandiri Əkbər Məmmədov Əlabbasa, Həsənə və mənə ermənilərin Xocavənd rayonunda əsas hazırlıq məntəqələrindən birində kəşfiyyat xarakterli əməliyyat aparmağı tapşırdı.

İlk kəşfiyyat əməliyyatım...

Artıq dağlara ilk qar yağmışdı... Səhərin ayazlı havası adamın əlini körpə gicitkən kimi dalayırdı. Səhər tezdən Əlabbas, Həsən və mən Əmralılardan Xocavəndə tərəf irəliləməyə başladıq.

Dağdan enib, otu-ələfi qurumuş keçəl təpələrdən aşıb rayon mərkəzinə gedən yolla gedib Xocavəndin Çörək zavoduna (“Pekarnı”) çatdıq. Dağın yamac boyu ermənilər cərgə ilə xeyli ağac əkmişdilər. Ağacları yağış suları ilə asan suvarmaq üçün onların dibini xəndək kimi qazmışdılar. Bu xəndəklər uzaqdan baxanda dağın belində kəmərlərə bənzəyirdi... Bu xəndəklər bizə ermənilərin Çörək zavodu yaxınlığındakı toplanış qərargahını lap yaxından müşahidə etməyə kömək etdi. Hava bərk duman olduğundan daha aydın görmək üçün düz ermənilərin 15-20 metrliyinə qədər irəliləyəsi olduq. Son xəndəkdə dayanıb, rusların erməni könüllərini təlimləndirmələrini açıqca müşahidə edirdik.

Bu arada onu qeyd edim ki, rəhmətlik Çingiz Mustafayevin vasitəsi ilə bizə Türkiyədən gətirilən hərbiçilər üçün nəzərdə tutulan qutular verilmişdi. Həmin qutularda bir nəfərlik quru ərzaq, göy rəngli dəst yun jaket, şərf və uzunboğaz corab var idi (o qədər geyindik ki, onlar cırıldı, amma anam onları söküb iplərindən nəvələrinə corab toxudu). Həmin qutulara su duruldan, ağrıkəsici və sair həblər də əlavə edilmişdi. Onlardan biri də guya gərgin vaxtı insana sakitlik gətirməli olan həb idi...

Üçümüz də yan-yana uzanıb, müşahidə aparırdıq. Bir az keçmiş duman çəkilməyə başladı. Dumanın çəkilməsi ilə həyəcanımız artırdı. Artıq geri qayıda bilməzdik. Çünki geri qayıtmaq üçün arxadakı dayaz arxları keçməliyidik. Bu zaman isə ermənilər bizi mütləq görəcəkdilər. Tərslikdən ermənilər təlim keçə-keçə bizə yaxınlaşırdı...

Uzandığım arxın içində ürəyim elə sürətlə döyünürdü ki, elə bilirdim, ürəyimin döyüntüsünü ermənilər də eşidəcəklər. Bir ara ürəyim döyünməsin deyə nəfəsimi içimə çəkib dayandım. Sonra başladım yavaş-yavaş nəfəs almağa. Bu zaman, ümumiyyətlə, ürəyimdən başqa heç yerimi hiss etmirdim. Eləcə ürəyimin guppultusu qulağıma gəlirdi, bir də köksümün bu ritmə uyğun surətlə enib qalxmasını hiss edirdim. Əlabbasla Həsənin nə fikirləşdiklərini hələ bilmirdim. Yadıma bizə verilmiş qutudan götürüb cibimə qoyduğum “sakitləşdirici” həblər düşdü. Birinin kağızını ehmallıca açıb, ağzıma qoydum. O həblərdən Əlabbasla Həsənə də verdim. Bu həbləri atandan sonra halım daha da pisləşdi... Ürəyimin döyüntüsü daha da artdı! Mənə dəhşətli qorxu gəldi. Həyatım boyu - sonrakı döyüşlərin heç birində belə qorxmamışdım. Ermənilər düz 3-4 metrliyimizə qədər gəlib çatdı və geri qayıtdılar. Bizi görməmişdilər...

Nə edəcəyimizi bilmirdik. Qərar vermək çox çətin idi. Hər saniyənin, hər anın öz hökmü vardı. Əlabbas əli ilə işarə elədi ki, arxın içi ilə sol tərəfə sürünək. Biz bir qədər, təxminən yüz metr sol tərəfə sürünüb arxın içi ilə ermənilərdən xeyli uzaqlaşdıq. Buradan kiçik bir dərə keçərək gəlib digər bir dağın ətəyinə çatdıq. Artıq bizi görə bilməzdilər, amma geri də qayıda bilməzdik - görünərdik. Məcbur olub, irəli getdik. Dayanmadın xeyli yol getdik. Taqətim tamam tükənmişdi... Əynimizdəki isti pambıq hərbi gödəkçə (“buşlat”), qalın alt paltarı və qalın isti pambıq şalvar hərəkət etməyimizə mane olurdu.

Xeyli getmişdik ki, daha bir erməni dəstəsi ilə rastlaşdıq. Bu dəfə onlar bizi gördü. Və erməni olmadığımıza əmin olan kimi bizi atəşə tutdular. Əlabbas qoymadı biz də cavab atəşi açaq, çünki güllə məsafəsindən aralı idik. Biz atəş açmadan onlardan uzaqlaşmaq üçün dağ yuxarı qaçmağa başladıq. Dağı aşıb, üzüaşağı qaçdıq. Ermənilərdən çox uzaqlaşsaq da, yenə qaçırdıq. Təxminən 30-40 dəqiqə dayanmadan dağ yuxarı, dağ aşağı yüyürdük. Hara gedirdik, heç özümüz də bilmirdik... (Bu arada qeyd edim ki, hara getsək, haradan keçsək də, Əlabbasın kompassız-filansız istiqaməti çox yaxşı müəyyənləşdirmə qabiliyyəti var idi. Amma bu dəfə vəziyyət gərgin olduğundan, müxtəlif istiqamətlərdə tez-tez yerimizi dəyişdiyimizdən o da istiqaməti itirmişdi).

Hiss elədim ki, daha qaça bilmirəm, bütün bədənim suyun içindədi. Nəfəsim çıxmır, dağ-dərə çökəklərində sözümə baxmayan ayaqlarımın səsi başımın içində gumbultu ilə əks -səda verirdi. Əvvəlcə qaçışım yavaşıdı, sonra demək olar ki, eləcə yeriyirdim, indi ayaqlarımın səsinə Əlabbasla Həsənin də məni çağırmaları, tələsdirmələri də əlavə olunmuşdu:

- Rey, dayanmaq olmaz, bir az da döz! Rey, gəl, bir az da gedək, dayanarıq. Bu dərəni də keçək. Rey! Rey! Rey!

Bu çağırış deyildi, əmr də deyildi. Bu bir yalvarışdı.

Daha yeriyə də bilmirdim... Əvvəlcə dizim qatlandı, sonra gözümə qaranlıq çökdü. Özümü saxlaya bilmədim. Birdən hərbi mundirimin yaxasını dartışdırıb açaraq bağıra-bağıra, sonralar döyüşçü dostlarım arasında məsələ çevrilmiş o sözləri dedim:

- Mən getmirəm! Qoy ermənilər vursun məni. Getmirəm!

 

# 9758
avatar

Rey Kərimoğlu

Oxşar yazılar