APA-nın məlumatına görə, forumda müxtəlif ölkələrdən dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən AAC-ın biznes əlaqələndiricisi Venesa Rain Azərbaycanın müasir tələblərə cavab verən infrastruktura malik olduğunu qeyd edib və ölkəmizin son illərdəki iqtisadi inkişafdan, insanların həyat səviyyəsinin yüksəlməsindən, dövlət-özəl sektor əməkdaşlığının güclənməsindən danışıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ölkəmiz siyasi və iqtisadi sabitliyini qorumağı bacarıb.
AAC-ın sədri Tale Heydərov deyib ki, forumun məqsədi hər iki ölkədə biznes imkanları barədə məlumat vermək, şirkətlər arasında ilkin təmaslar qurmaq, konkret biznes layihələri və əməkdaşlıq ətrafında fikir mübadiləsi aparmaqdır. “Forumun ənənəvi olmasından məmnunluq duyur və onun ölkəmizdə biznesin inkişafına töhfə verəcəyinə, xarici investisiyaların artmasına müsbət təsir edəcəyinə ümid bəsləyirik” – deyə T.Heydərov bildirib. O, forumun Böyük Britaniya və Azərbaycan arasında iqtisadi və biznes əlaqələrinə daha geniş müstəvidə baxılmasına, bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinə və yeni layihələrin planlaşdırılmasına zəmin yaradacağına əmin olduğunu diqqətə çatdırıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə ölkəmizin inkişaf tarixinə nəzər salaraq qısa vaxt ərzində qazanılan böyük uğurlar barədə məlumat verib. Səfir qeyd edib ki, Azərbaycanda neft sektoru ilə yanaşı, qeyri-neft sektoru - kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, turizm və digər sahələrdə də artım müşahidə olunur, inflyasiya azalır, iqtisadiyyata yatırılan investisiyanın həcmi artır.
Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi Azərbaycanın daha da inkişaf etməsi üçün yetərli potensial olduğunu vurğulayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin(EEAS) nümayəndəsi Dirk Schuebel Avropa və Azərbaycan arasındakı münasibətlərin inkişafından bəhs edərək forum iştirakçılarına bununla bağlı statistik məlumatlar çatdırıb, Azərbaycanın Avropa üçün əhəmiyyətli ölkə olduğunu bildirib.
Böyük Britaniya ilə ölkəmiz arasındakı investisiya əlaqələri haqqında danışan Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Azərbaycan Britaniya sərmayədarları üçün böyük əhəmiyyət kəsb edir və hər iki ölkənin iş adamları qarşılıqlı yatırımlara maraq göstərirlər.
Daha sonra forum sessiyalara davam etdirib.