Nazirlər Kabineti “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”nın təsdiq edilməsi barədə qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.
Bu Qaydalar gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir. Bu Qaydaların müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşımasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınmasına və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunur. Gömrük təminatlarının gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması gömrük orqanları tərəfindən həmin təhlükəsiz bağlamaya təkrar gömrük təminatlarının vurulmasına mane olmur. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.
Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların qablaşdırılmasına dair tələblər də müəyyənləşib. Bu sıraya malların qablaşdırıldığı bağlamaların konstruksiyasının bütövlüyünün və salamatlığının təmin olunması, mallara gömrük nəzarətinin asan şəkildə aparılmasına şərait yaradılması, malların daşınma üsulundan asılı olaraq, qablaşdırma materiallarının düzgün seçilməsi daxildir. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların yüklənməsinə dair tələblərə isə malların yüklənməsi zamanı şəxslər tərəfindən kənar müdaxilənin mümkünsüzlüyünün təmin edilməsi, malların yükləndiyi yerlərdə onların xüsusiyyətləri nəzərə alınmaqla, nizamlı şəkildə yerləşdirilməsi, qarışıq malların yüklənməsi zamanı onların xüsusiyyətləri nəzərə alınmaqla, qruplaşdırılaraq yerləşdirilməsi, malların yükləndiyi nəqliyyat vasitələrinin yük bölmələrində toxunulmazlığının təmin edilməsi aid olunur.
Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların daşınması zamanı malların insanın həyatının və əmlakının təhlükəsizliyinə dair məcburi tələblərə uyğun nəqliyyat vasitələrində, malların müəyyən olunmuş marşrutla daşınması, malların daşınması zamanı onların salamatlığının təmin edilməsi, xüsusi saxlanma şəraiti tələb edilən malların saxlanc yerlərinin təcrid edilmiş ayrıca bölmələrdə yerləşdirilməsi əsas götürüləcək. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların çatdırıldığı təyinat yerlərində boşaldılmasından əvvəl malların çatdırıldığı yer üzrə gömrük orqanının məlumatlandırılması, malların yerləşdirildiyi bağlamalardakı gömrük təminatlarının mövcudluğunun yoxlanılması, malların daşındığı marşrut üzrə baş vermiş hər hansı qəza hadisəsinin mövcud olması halında mallarla bağlı ilkin mühafizə işlərinin aparılması və dəymiş zərərin nəticələri barədə gömrük orqanının məlumatlandırılması təmin edilməlidir. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan malların çatdırıldığı təyinat yerlərində boşaldılması zamanı onların təhlükəsiz yerlərə nizamlı şəkildə boşaldılması təmin edilməlidir.
Malların təhlükəsiz ixrac sxemi çərçivəsində daşınması hava, dəmiryol, dəniz, daxili su və ya avtomobil nəqliyyatı vasitələri, yaxud kombinə (müxtəlif nəqliyyat vasitələrindən istifadə etməklə) edilmiş üsullarla həyata keçirilir. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxslə daşıyıcı arasında bağlanan yük daşınması müqaviləsində malların təhlükəsiz ixrac sxemi çərçivəsində daşınması ilə bağlı tərəflərin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə münasibətdə mühasibat sənədlərinin təhlükəsiz qaydada saxlanılmasını, fors-major hallarında təxliyə planlarının mövcud olmasını, malların yüklənməsi, boşaldılması və saxlanılması üçün xüsusi yerlərin ayrılmasını, malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan və onlara kənar müdaxilələrin qarşısının alınmasına və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunma şəraitini. malların qablaşdırıldığı və saxlanıldığı yerlərə giriş imkanları müəyyən olunmuş şəxslərin siyahısının müəyyənləşdirilməsini, informasiya sistemləri sahəsində təhlükəsizliyin təmin olunmasını, kommunikasiya (su, elektrik, yanğın, siqnalizasiya, videomüşahidə) xətlərinin və obyektdə nəqliyyat vasitələri üçün yolun və dayanacaqların olmasını təmin etməlidir.
Malları daşıyan şəxslərə münasibətdə tələblərə gəlincə, bura malların Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təyinat yerinə çatdırılması, təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması, fors-major hallarında müəyyən olunmuş marşrutdan kənarlaşma və ya yükləmə-boşaltma yerlərindən başqa digər yerlərdə mallarla əməliyyatlar aparılması, malların mühafizəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və dəymiş zərərin nəticələri barədə gömrük orqanlarının dərhal məlumatlandırılması, malların yerləşdirildiyi bağlamalarda gömrük təminatlarının mövcudluğunun və salamatlığının yoxlanılması daxildir.