Azərbaycanda nağdsız ödənişlərin kütləvi yayılmasında iki əsas əngəl
14 iyun 2016 18:43 (UTC +04:00)

Azərbaycanda nağdsız ödənişlərin kütləvi yayılmasında iki əsas əngəl

 

Azərbaycanda nağdsız ödənişlərlə bağlı atılan son ciddi addımlardan biri bu ilin yanvar ayından qüvvəyə minməli olan “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” idi. Həmin Qaydalar aksiz markası ilə markalanmalı olan malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməməsini nəzərdə tuturdu. Aksiz markaları ilə markalanmalı olan malların siyahısına  içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqdı. Ancaq bu addım sahibkarlıq subyektlərinin və cəmiyyətin prosesə tam hazır olmaması səbəbindən  ajiotaja yol açdı və dövlət başçısının tapşırığı ilə Qaydaların tətbiqi təxirə salındı.

 

Bununla belə, nağdsız ödənişlərin cəmiyyətdə geniş yayılmasının vacib olduğunu bu gün hər kəs etiraf edir. Bəs bu sahədə hansı həlli vacib problemlər var?

 

 

Sayı azalan POS-terminal və bankomatlarımız

 

Real mənzərəni təsəvvür etmək üçün nağdsız ödənişlər sahəsində əsas vasitələr olan POS-terminallar və bankomatların statistikası önəmlidir. POS-terminal kart vasitəsilə malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, valyuta mübadiləsi əməliyyatlarının aparılması, habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıqdır. Bankomat  isə bank kartlarından və istifadəçi kodlarından (PİN) istifadə edərək kart hesabından nağd pul vəsaitləri çıxarmağa, hesab barədə məlumat almağa, kommunal və digər xidmətlərin haqqını ödəmək üçün nağdsız hesablaşmalar aparmağa imkan verən aparatdır. Mərkəzi Bankın statistikasına nəzər yetirsək, 2006-cı ildə Azərbaycanda POS-terminalların sayı 2070 ədəd olub, bu ili aprel ayına olan statistikaya əsasən isə POS-terminalların sayı 7396 ədəddir. Ancaq ciddi narahatlıq doğuran məqam odur ki, keçən ilin dekabr ayından başlayaraq POS-terminalların sayında sürətlə azalma tendensiyası müşahidə olunur. Əgər 2015-ci ilin dekabrında Azərbaycanda POS-terminalların  sayı ilk dəfə 80 min həddini keçib, 80301 ədədə çatmışdısa, bu ilin yanvar ayında istifadə edilən POS-terminalların sayı 78452 ədəd,  fevralda 77250 ədəd, martda 75563 ədəd, apreldə 73960 ədəd olub. Yəni 4 ay ərzində istifadə edilən POS-terminalların sayı 6 min ədəddən çox azalıb. Aprel ayının statistikasına əsasən, 72676 POS-terminal pərakəndə ticarətdə istifadə edilir ki, bunun da əksəriyyəti – 41973 ədədi Bakının payına düşür.

 

Azərbaycanda bankomatların sayında ən yüksək göstərici isə 2015-ci ilin noyabrında qeydə alınıb. Həmin vaxt ölkədə istifadə edilən bankomatların sayı 2711 ədəd olub. O vaxtdan başlayaraq bankomatların sayı azalıb və aprel ayının statistikasına əsasən 1412-i Bakıda olmaqla, ölkə üzrə 2553 bankomatdan istifadədə olub. Yəni bankomatların sayında da azalma tendensiyası mövcuddur.

 

Devalvasiya, bəzi bankların bağlanması fonunda POS-terminalların və bankomatların sayında azalma tendensiyasının müşahidə olunması ilk baxışda təbii görünsə də, bu gün dünyada nağdsız ödənişlərin sürətlə artması və Azərbaycan hökumətinin nağdsız ödənişlərin artmasını təşviq etməyə çalışması fonunda ortaya ciddi suallar çıxır. Deməli, Azərbaycanda nağdsız ödənişlərin geniş yayılması önündə daha ciddi əngəllər var.

 

Bəs ekspertlər nə deyirlər?

 

İnzibati və təşviqedici  metodların rolu

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, Azərbaycan dövləti nağdsız ödənişlərin həcminin artmasında maraqlıdır. Çünki nağdsız ödənişlər artarsa, bu, dövlətə maliyyə vəsaitlərinin hərəkətini izləməyə imkan verir: "Nağdsız ödənişlər vergidən yayınmanın qarşısının alınması üçün də olduqca vacibdir. Bank sektorunda  nağdsız bank ödənişlərindən faydalanan tərəflərdən biridir. İqtisadçı qeyd edir ki, baxmayaraq ki, Azərbaycanda plastik kartların sayı çoxdur, təəssüf ki, biznesdə və insanlar arasında nağdsız ödənişlərin həcmi yüksək deyil. Həm də təəssüf ki, bəzi sahibkarlar vergidən yayınmaqda maraqlı görünürlər. Bu sahibkarlar nağdsız yox, nağdı ödənişlərdə maraqlıdırlar ki, vergidən yayına bilsinlər, dövriyyə görsənməsin”.

 

İqtisadçı nağdsız ödənişlərlə bağlı təşviqedici, eyni zamanda inzibati metodların tətbiqinin tərəfdarı olduğunu bildirir: “Fransa daxil olmaqla, inkişaf etmiş ölkələrdə olduğu kimi nağd ödənişlərə limitlərin müəyyənləşdirilməsinin tərəfdarıyıq. Təklif edirik ki, alınan malın, yaxud bir alqı-satqının dəyəri 500 manatdan çoxdursa, o zaman bu, nağd deyil, ancaq nağdsız ödənişlə həyata keçirilsin. Məsələn, mağazanın satdığı malın dəyəri 500 manatdan çoxdursa, müştərinin həmin malı nağd ödəyərək almaq hüququ, mağazanın satmaq hüququ olmasın, yalnız nağdsız alqı-satqı olsun. Bu, imkan verəcək ki, həm nağd satış məhdudlaşdırıldığı üçün şirkətlər post-terminallardan istifadə etməyə məcbur olsunlar, həm də vətəndaşların plastik kartlara marağı artsın”.

 

İqtisadçı ekspert Samir Əliyev də məhdudlaşdırıcı tədbirlərə əl atılmasının tərəfdarları sırasındadır.  Hesab edir ki, Azərbaycanda da böyük həcmdə alqı-satqının aparılmasına qadağa qoyulsa, bu, insanları plastik kartlardan istifadəyə stimullaşdırar.

 

İqtisadçılar inzibati metodlarla paralel, Türkiyə daxil olmaqla, bir sıra ölkələrdə olduğu kimi nağdsız ödənişlərdə təşviqedici metod qismində bonus sisteminin paralel tətbiq olunmasını zəruri sayırlar. S. Əliyev bonus sisteminin geniş tətbiqinin ölkədə nağdsız ödənişlərin artmasına əhəmiyyətli təsir göstərəcəyi qənaətindədir: “Geniş yayılmasa da, Azərbaycanda da bəzi ticarət obyektlərində bonus sistemi var. Müştəri alqı-satqı apardıqca, kartında bonus yığılır. Nə qədər çox alqı-satqı aparılsa, o qədər çox bonus yığılır və o bonus pul şəklində qaytarılır. Bu, əhalini stimullaşdırıcı tədbirdir”.

 

İnfrastruktur dərdimiz

 

V. Bayramov bunlarla yanaşı, inzibati metod kimi pos-terminallardan istifadəyə nəzarətin gücləndirilməsinə, qanunvericilikdəki boşluqların aradan qaldırılmasına  ehtiyac olduğunu nəzərə çatdırır: “Çünki bəzi hallarda vətəndaş plastik kartdan istifadə etmək istəsə də, mağaza, kafe, restoran plastik kartı qəbul etmir ki, pos-terminal işləmir. Belə hallar üçün cəza və cərimələrin artırılmasına ehtiyac var. Bu, həm də müştərinin istehlakçı hüquqlarının pozulması deməkdir. Amma qanunvericilikdə hətta post-terminaldan istifadə etməyən sahibkarlar və xidmət obyektləri üçün də konkret cəzalar və cərimələr nəzərdə tutulmayıb. İstinasız olaraq bütün biznes obyektlərində pos-terminalların quraşdırılması və istifadəyə nəzarətin gücləndirilməsi vacibdir”.

 

İqtisadçı S. Əliyev da infrastruktur məsələsinə diqqət çəkir. Onun sözlərinə görə, bu gün Bakı mərkəzdir, amma heç də bütün mağazalarda pos-terminallar yoxdur, yalnız böy -terminallar yoxdur. Bakıdan kənarda isə bu, ümumiyyətlə, problemdir: “Ona görə də diqqət yetirsək, Azərbaycanda kart əməliyyatlarının 90 faizi nağdılaşdırmadır. Bu, o deməkdir ki, karta pul gələn kimi insanlar bankomata üz tutur, kartda olan pulu çıxarırlar”.

 

Yeri gəlmişkən, alkoqollu içkilərin nağdsız satışının təxirə salınmasında da infrastruktur probleminin əhəmiyyətli rol oynadığı şəksizdir. V. Bayramov deyir ki, vətəndaşların, xüsusən spirtli içkilərdən istifadə edən vətəndaşların çoxunun plastik kartları yoxdur və bu da həmin islahatların həyata keçirilməsinə imkan vermədi:  “Bu prosesi ilk növbədə topdansatışda başlamaq lazımdır. Əgər topdansatışda  nağd ödənişlər qadağan edilərsə, gələcəkdə artıq bunun pərakəndə satışa tətbiqi də mümkündür. Amma bütün hallarda biz təklif edirik ki, konkret əmtəələrə görə deyil, məbləğə görə, yəni 500 manatdan artıq  nağd hesablaşmalar üçün qadağalar müəyyənləşdirilsin”.   

 

Əsas məsələlər…

 

Ancaq plastik kart istifadəçilərinin şikayətləri göstərir ki, nağdsız ödənişlərlə bağlı təklif edilən inzibati və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsindən həlli vacib daha ciddi problemlər var. Məsələn, bu gün plastik kart istifadəçiləri hər hansı böyük supermarketdə alış-veriş edirsə, həmin super-marketdə qoyulan POS-terminal başqa bir banka məxsusdursa, plastik kartdan alış-verişə görə əlavə faiz tutulacaq. V. Bayramov bunun əslində dünya praktikasına zidd  və qeyri-ciddi hal olduğunu vurğulayır: “Tutaq ki, sizdə “Kapital Bank”ın plastik kartı var, alış-veriş etdiyiniz yerdə başqa bir bankın post-terminalı varsa, avtomatik olaraq faiz tutulur. Banklar razılaşdırmalıdır ki, post-terminallardan istifadə zamanı bank digər bankın plastik kartından istifadə zamanı  faiz tutmayacaq”.

 

İqtisadçı S. Əliyev nəzərə çatdırır ki, Azərbaycanda hazırda 3 prosessinq şirkəti – “AzəriKart”, “MilliKart”, “KapitalKart” var.  Bu prosessinq şirkətinin hər birinin bir neçə bank müştərisi var, bankların kartlarına xidmət göstərirlər: “Azərbaycanda bir prosessinq şirkətinə daxil olan kartdan başqa prosessinq şirkətinə daxil olan bankın bankomatında, yaxud post-terminalında istifadə etdikdə, bu zaman əlavə vəsait çıxılır. Buna görə tutaq ki, “Kapital Bank”dan kartı olan müştəri məcbur olub şəhərdə məhz bu bankın bankomatını axtarır.  Nağdsız ödənişləri stimullaşdırmaq üçün prosessinq şirkətləri arasında tarif vahid olmalıdır. Bu ona gətirib çıxarmalıdır ki, bir prosessinq şirkətinə daxil olan bankın kredit, yaxud debit (maaş, yaxud pensiya kartı) ilə başqa prosessinq şirkətinə daxil olan bankın bankomatından, yaxud post-terminalından əməliyyat aparanda əlavə xərc çıxmasın. Maliyyə Bazarlarına Nəzarət Palatası, Vergilər Nazirliyi və Mərkəzi Bank birgə bu məsələyə diqqət yetirməli və vahid tarif məsələsinə keçid təmin edilməlidir”.  

 

Azərbaycanda nağdsız ödənişlər sahəsində ciddi problem tək bu da deyil, post-terminallarla əlaqədar xidmət haqları da ölkəmizdə həm sahibkarların, həm də müştərilərin POS-terminallardan, plastik kartlardan istifadəyə səmərəsiz bir vasitə kimi baxmasını şərtləndirməkdədir. S. Əliyev deyir ki,  bu gün Azərbaycanda ticarət obyektlərində 6 faiz sadələşdirilmiş vergi tətbiq olunur. Əgər ticarət obyektində nağdsız ödəniş əməliyyatı aparılarsa, bu zaman sahibkarlar ticarət obyektini post-terminallarla təmin edən banka 0,5-1 faiz aralığında xidmət haqqı ödəyir: “Sahibkar 6 faiz sadələşdirilmiş vergini, üstəgəl, 1 faizə qədər də ticarət obyektini post-terminalla təmin edən banka xidmət haqqı verməlidir. Yəni xərcləri 7 faizə gəlib çatır. Belə olan halda heç bir sahibkar maraqlı olmayacaq ki, nağdsız şəkildə satış həyata keçirsin. Bunu stimullaşdırmaq üçün vergi güzəşti tətbiq edilməlidir və ən azı nağd dövriyyə ilə müqayisədə nağdsız ödənişə vergi güzəşti tətbiq olunmalıdır. Tutaq ki, ticarət obyektlərində sadələşdirilmiş vergi 6 faizdirsə, nağdsız ödənişdə 3-4 faiz vergi tətbiq oluna bilər. Digər tərəfdən, əgər bu gün müştəri nağd ödənişə nisbətən nağdsız ödəniş zamanı xidmət haqqı ilə bağlı artıq ödəniş edirsə, bu halda nağd ödənişə üstünlük verəcək”.

 

V. Bayramov isə təklif edir ki, vətəndaşın nağdsız ödədiyi vəsaitin 3 faizi dövlət tərəfindən onun hesabına qaytarılsın: “Tutaq ki, vətəndaş rüb ərzində 1000 manat alış-veriş edibsə, rübün sonunda onun plastik kartında 1000 manat alış-veriş etdiyi görünür və həmin 1000 manatın 3 faizi, yəni 30 manat bonus şəklində vətəndaşın plastik kartına yüklənsin. Nağdsız ödənişə görə bonus sistemi tətbiq edilsə də, dövlət bütün hallarda bundan qazanır, çünki dövriyyəyə cəlb edilən vəsaitin həcmi daha böyük olur”.

 

S. Əliyev ölkədə nağdsız ödənişlərlə bağlı əlavə bir problemin də son zamanlar ortaya çıxmasına da diqqət çəkməyi zəruri sayır: “Maliyyə Bazarlarına Nəzarət Palatası kredit götürülməsinə dair şərtləri ağırlaşdırdı. Əgər vətəndaşın başqa bankda krediti varsa, yaxud kreditlə bağlı kiməsə zamin durubsa, maaşı azdırsa, kredit kartı götürə bilmir. Əhatəmizdə olan insanlarla bağlı müşahidələr göstərir ki, faktiki olaraq kredit kartlarının sayı azalıb. İnsanlar kredit kartları ala bilmirlər və banklar getdikcə müştərilərini itirirlər. Maliyyə Bazarlarına Nəzarət Palatasının tətbiq etdiyi sərt qayda Azərbaycanda kredit kartları ilə əməliyyatların azalmasına gətirib çıxaracaq. Bu da nağdsız dövriyyənin artırılması ilə bağlı hökumətin təşəbbüslərinə uyğun olmayacaq”.  

 

Beləliklə, Azərbaycanda nağdsız ödənişlər sahəsində əsas problemlər, hansı stimullaşdırıcı və inzibati tədbirlərin həyata keçiriləcəyi aydındır. Qalır məsələyə kompleks şəkildə yanaşaraq ardıcıl və qəti  addımlar atmaq..


 

Ramiz Mikayıloğlu

 

Qeyd: Yazı Mətbuat Şurasının və Vergilər Nazirliyinin “Azərbaycanın vergi sistemi yeni iqtisadi inkişaf mərhələsində” mövzusunda fərdi yazı müsabiqəsinə təqdim olunmaq üçün verilir

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543

Oxşar yazılar