"Xəzərdə baş verən zəlzələlərin neft yataqlarına ciddi təsiri var". Bunu APA TV-yə müsahibəsində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş drektoru Qurban Yetirmişli son günlər ölkə ərazisində qeydə alınan zəlzələlərin törədə biləcəyi fəsadları analiz edərkən bildirib.
Onun sözlərinə görə, Xəzərdə əksər hallarda zəlzələ dərində baş verir və dənizdə ən dərin neft yatağı da 7 km. dərinlikdə yerləşir. Mütəxəssis qeyd edib ki, Xəzərdə bir sıra hallarda 4-5 km. dərinlikdə təkanlar baş verir. Bu isə istənilən halda neft yataqlarına təsirsiz ötüşmür: “Əgər layda parçalanma gedirsə, o zaman yataqda olan neftin digər istiqamətə axını olmalıdır. Elə son zamanlar bp-nin məlumatlarında da deyilir ki, Xəzərdə neft azalıb. Xeyr, bu belə deyil. Əslində Xəzərdə çox böyük neft yataqları var. Sadəcə, istiqamət dəyişir”.
Qurban Yetirmişli onu da bildirib ki, dənizdə baş verən yeraltı təkanların nəticəsində bir sıra hallarda istifadəsi bitən quyulara yenidə neft axını baş verir: “ Bu isə yeraltı struktur dəyişikliyinin nəticəsində əmələ gəlir. Lakin bəzən bu prosesin əksi də müşahidə edilir”.
Mütəxəssis hesab edir ki, neft istehsalı zamanı süxurların boşalmasının zəlzələyə yol açması fikirləri yanlışdır.
Qurban Yetirmişli vurğulayıb ki, neftçıxarma üsulları zamanı laylardan nefti çıxarmaq üçün o suxurlara flüidlər vururlar: “Bu zaman balans tənzimlənir. Laylarda hər hansı boşalmalar müşahidə edilmir. Neft çıxırsa, onun yeri mütləq doldurulur”.
Mütəxəssis deyib ki, yaxın günlərdə neft şirkətləri ilə birlikdə Geologiya İnstitutu yeni layihə həyata keçirəcək. Layihədə əsas məqsəd neft yataqlarına antropogen təsirlər, struktur dəyişiklikləri və seysmik proseslərin təsiri araşdırılacaq.