Bu ilin birinci yarısında “Şahdəniz Mərhələ 2” layihəsi uğurla davam etdirilib.
“APA-Economics”in “BP-Azerbaijan” şirkətinin hesabatına istinadən məlumatına görə, hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə işlərin 77%-dən çoxu tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Bu ilin ikinci rübündə “İsrafil Hüseynov” boru düzən gəmisi “Şahdəniz”in şimal cinahındakı sualtı qurğular birləşməsindən platformaya qədər olan sualtı kəmərin kompleks quraşdırılmasını başa çatdırıb: “Gəmi indi digər sualtı kəməri quraşdırmaqdadır və bundan sonra qərb cinahındakı daha iki sualtı kəməri quraşdırmaq üçün ora yönələcək”.
“Xankəndi” sualtı tikinti gəmisinin suya endirilməsindən sonra, əsas kran quraşdırılmaq üçün bu yaxınlarda gəmiyə gətirilib. İndi istismara verilmə və sertifikasiya üçün hazırlıq işləri gedir. Bu işlər bitdikdən sonra bu yeni gəmi “Şahdəniz 2” sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.
“Azərbaycan” kran barjı “Şahdəniz”in şimal cinahındakı bütün sualtı fontan qurğularının və infrastrukturun quraşdırılmasını müvəffəqiyyətlə başa çatdırıb.
“Bu ilin birinci yarısında ATA sahəsində iki “Şahdəniz 2” platformasının üst modullarının istismara verilməsinə başladıq və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb. Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsində hasilat və dikborular platformasının dayaq bloku üzərində bütün dikborular və hər iki nəhəng ponton çənləri quraşdırılıb və cari ildə dayaq bloku dənizə yola salınmazdan əvvəl onun yekun tikinti və sınaq işləri aparılır”, - deyə hesabatda vurğulanıb.
Bu ilin ikinci rübündə Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşıdır.