Bu gündən SOCAR İstiqrazlarının (ISIN nömrəsi AZ2001019895) Bakı Fond Birjasında (BFB) təkrar bazarına start verilir.
BFB-dən "APA-Economics"ə verilən məlumata görə, SOCAR İstiqrazlarının anderrayteri olmuş "PSG-Kapital" investisiya şirkəti həm də istiqrazların təkrar bazarda SOCAR tərəfindən təyin olunmuş market-meykeri olmaqla, onların BFB-də təkrar bazar likvidliyini təmin edəcək.
"PSG Kapital" istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.
SOCAR birja üzvü olan "PSG Kapital" vasitəsilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə SOCAR tərəfindən təmin olunacaq.
SOCAR İstiqrazlarını BFB-də təkrar bazardan almaq və ya satmaq üçün BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.
SOCAR İstiqrazlarının (ISIN nömrəsi AZ2001019895) BFB-də yerləşdirilməsi 14 oktyabr 2016-cı il tarixində həyata keçirilib. İstiqrazlar nominal qiymətlə 100 000 000 dollar olmaqla, tam həcmdə yerləşdirilib.
SOCAR İstiqrazlarına ümumilikdə 203 milyon 495 min dollar həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.
Beləliklə, tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı emissiya prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib.
Oktyabrın 17-də istiqrazlar üzrə hesablaşmalar MDM tərəfindən tamamlanıb. Beləliklə, istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması ötən gündən etibarən başlayıb.