“Növbəti hədəf kəndləri inkişaf etdirməkdir” – MÜSAHİBƏ
25 aprel 2013 17:54 (UTC +04:00)

“Növbəti hədəf kəndləri inkişaf etdirməkdir” – MÜSAHİBƏ

Sahib Məmmədov: “Regional inkişaf proqramlarında mərkəzdən kəndlərə doğru istiqamətlənmək daha effektiv nəticələrə nail olmağa imkan verir”

 

Regionların sosial-iqtisadi inkişafına dair 2009-2013-cü illəri əhatə edən sayca ikinci Dövlət Proqramının icrası başa çatmaq üzrədir. Hazırda İqtisadi İnkişaf Nazirliyində 2014-2018-ci illər üzrə üçüncü beşillik proqram hazırlanır. Birinci (2004-2008) və ikinci (2009-2013) Dövlət Proqramlarından fərqli olaraq növbəti beşillikdə rayon mərkəzləri ilə yanaşı, kənd yerlərinin inkişaf etdirilməsinə xüsusi önəm veriləcək. Bu isə yeni proqramın icra olunacağı növbəti 5 ildə kəndlərin yol, içməli su, elektrik enerjisi, təbii qaz təchizatında ciddi keyfiyyət dəyişikliyinin baş verəcəyini vəd edir.

 

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov Lent.az-a müsahibəsində bu sahədə görülmüş və görüləcək tədbirlərdən danışıb:

 

- Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı artıq başa çatmaq üzrədir. Bu sahədə görülən işləri necə qiymətləndirirsiniz? Dövlət proqramlarının icrası Azərbaycan regionlarının inkişafına nə verdi?

 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası nəticəsində ölkəmizin regionları yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu proqramların əsas məqsədi ölkə regionlarının mövcud potensialından səmərəli istifadə etməklə regionların tarazlı inkişafına nail olmaqdır. Burada həm əmək resurslarının, həm təbii resursların iqtisadiyyatın inkişafına real təsirlərinin artırılmasından söhbət gedir. Bizim əsas məqsədimiz ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların tarazlı və davamlı sosial-iqtisadi inkişafı və beləliklə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu proqramların icrası nəticəsində regionlarda əhalinin işgüzar fəallığı artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, beynəlxalq standartlara cavab verən yeni infrastrukturlar yaradılıb. Həmçinin bu proqramların icrası nəticəsində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi yaxşılaşdırılıb, yeni müəssisələr və sosial obyektlər istifadəyə verilib ki, bu da nəticə etibarilə əhalinin rifahını xarakterizə edən göstəricilərin yaxşılaşmasında əhəmiyyətli rol oynayıb.

 

- Birinci Dövlət Proqramı ilə ikincinin arasında hansı fərqlər və ya uyğunluqlar var?

 

-  Birinci Dövlət Proqramı çox böyük əhəmiyyəti olan infrastruktur layihələrinin icrası ilə yadda qalıb. Bunlara Gəncə, Naxçıvan, Zaqatala və Lənkəranda 4 beynəlxalq hava limanının istifadəyə verilməsi, 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilişinin bərpası, Lerik, Yardımlı və Füzuli rayonunun Horadiz şəhərinə ilk dəfə təbii qazın verilməsi, yeni elektrik stansiyalarının tikintisi, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və tikintisi kimi mühüm tədbirlər aiddir. Birinci Dövlət Proqramı çərçivəsində sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi və yeni müəssisələrin yaradılması istiqamətində, çox böyük addımlar atılıb. Məsələn, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2004-2008-ci illərdə 6991 sahibkara 323,4 milyon manat güzəştli kredit verilib. Təkcə 2012-ci ildə Fond tərəfindən 2419 sahibkara 218 milyon manat güzəştli kredit ayrılıb. Yəni istər birinci, istərsə də ikinci Dövlət Proqramının həyata keçirildiyi dövrdə sahibkarlığın inkişafı xüsusi olaraq dövlətin diqqət mərkəzində olub. Sahibkarlara vergi güzəştlərinin tətbiqi, güzəştli kreditlərin ayrılması, subsidiyaların verilməsi, eyni zamanda onların xarici tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi üçün biznes forumların keçirilməsi, sahibkarların maarifləndirilməsi belə dəstək tədbirlərindəndir. Birinci Dövlət Proqramının icrası nəticəsində əldə olunmuş uğurların davam etdirilməsi məqsədilə ölkə başçısının 2009-cu il 14 aprel tarixli fərmanı ilə regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramı qəbul edildi. Bu proqram birinci Dövlət Proqramının məntiqi davamıdır. İkinci Dövlət Proqramı kənd təsərrüfatı və sənaye, yol təsərrüfatı nə nəqliyyat, elektrik enerjisi, istilik, təbii qaz, su və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya, səhiyyə, mədəniyyət, idman sahələrini əhatə edir.

 

- Amma hələ ki, ölkə iqtisadiyyatına, işsizliyin ləğvinə töhfə verə biləcək sənaye müəssisələrinin yaradılması prosesi sanki bir qədər ləng gedir...

 

- Qətiyyən belə deyil. Sənayenin inkişafı bu proqramların əsas prioritetlərindəndir. Cənab prezidentin sənayeləşmə siyasətinə uyğun olaraq, konkret tədbirlər həyata keçirilir və bu tədbirlər nəticəsində 2012-ci ildə 100-dək sənaye müəssisəsi tikilib istifadəyə verilib, 90-dan artıq sənaye obyektinin tikintisi davam etdirilir. Bunlara misal olaraq ötən il istifadəyə verilmiş Gəncədə Alüminium Zavodunu,  Naxçıvan Muxtar Respublikasında və Bakının Qaradağ rayonunda sement zavodlarını, Bakıda Bərk Məişət Tullantılarının Çeşidlənməsi və Yandırılması  zavodlarını, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodlarını göstərə bilərəm. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının yaradılması da bu proqramların prioritetlərindən hesab olunur. Ötən il Sumqayıtda “Azgünteks” Günəş Panelləri istehsalı müəssisəsi yaradılıb. Sənaye sahəsindən danışarkən ölkə başçısının Sumqayıt Kimya Sənaye Parkının, Sumqayıtda Yüksək Texnologiyalar Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı müvafiq fərmanlarını və sərəncamını xüsusi vurğulamalıyıq. Sənaye parklarının yaradılması ölkədə innovativ iqtisadiyyatın formalaşması, iqtisadiyyatın ixrac potensialının artırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin təmin edilməsi sahəsində əhəmiyyətli rol oynayacaq. Bu iqtisadi mexanizmlər vasitəsilə ölkədə sahibkarlıq daha sürətlə inkişaf edəcək, İKT-nin tətbiqi genişlənəcək, bu sahədə elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənməsinə şərait yaranacaq və beləliklə ölkədə qeyri-neft potensialı daha da güclənəcək.

 

- Regional inkişaf proqramlarında kənd təsərrüfatı sektorunun əhatəliliyi nə dərəcədə nəzərə alınır?

 

- Aqrar sektor daim dövlətin diqqət mərkəzində olub və hazırda kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif güzəştlər tətbiq olunur. Kənd təsərrüfatı sahəsi ilə məşğul olanlar 2014-cü ilədək torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Həmçinin onlara İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə güzəştli kreditlər, “Aqrolizinq” ASC tərəfindən kənd təsərrüfatı texnikaları lizinqə verilir, gübrələr güzəştli qiymətlərlə satılır, subsidiyalar tətbiq olunur. Bütün bunlar aqrar sektorun inkişafına xidmət edən dövlətin dəstək tədbirləridir. 2012-ci ildə ölkə başçısının tapşırığı əsasında iri taxılçılıq təsərrüfatlarının yaradılması diqqət mərkəzində saxlanılıb və ilk belə təsərrüfat Ağcabədi və Beyləqan rayonlarının ərazisində 5 min hektara yaxın ərazidə yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq, bu təsərrüfatların sayı 50-dək artırılacaq. Kənd təsərrüfatının əsas istiqamətlərindən olan üzümçülüklə bağlı 2011-ci ildə xüsusi Dövlət Proqramı qəbul olunub. Bu sahənin inkişafı istiqamətində görülmüş işlərin nəticəsidir ki, ötən il ölkədə üzümçülük sahəsində 10,2 faiz artım qeydə alınıb. Təkcə 2012-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən üzümçülük sahəsində 36 investisiya layihəsinin maliyyələşdirilməsinə 9,1 milyon manat güzəştli kredit verilib.

 

- Azərbaycan İnvestisiya Şirkətinin regional inkişaf proqramlarının icrasında iştirakçılığı hansı səviyyədədir?

 

- Azərbaycan İnvestisiya Şirkəti bir sıra layihələrin maliyyələşdirilməsində fəal iştirak edir. Misal olaraq 2012-ci ildə istifadəyə verilmiş “Ağstafa Aqroservis” müəssisəsini qeyd etmək istərdim. Müəssisənin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı istehsalçılarına kompleks aqrotexniki xidmətlərin göstərilməsi ilə yüksək məhsuldarlığa nail olmaq, əkinçiliyin səmərəliyini artırmaqdır. Bu məqsədlə müəssisə Almaniyanın aparıcı şirkətlərinin istehsalı olan müasir kənd təsərrüfatı texnikasından istifadə edir. Azərbaycan İnvestisiya Şirkətinin payçı olduğu müəssisələrdən biri “Dəvəçi Broyler” hazırda taxılçılıq sahəsində də uğurla fəaliyyət göstərir. Şirkət tərəfindən 2012-ci ildə iri taxılçılıq müəssisəsi “Qarabağ Taxıl” MMC təsis edilib. Bu müəssisə il ərzində Beyləqan və Ağcəbədi rayonlarında yerləşən 5000 hektar ərazidə əkin işləri aparır. Bununla yanaşı, Azərbaycan İnvestisiya Şirkəti ölkədə müasir toxum istehsalı zavodu olan “Azərtoxum”da 17,5 faiz pay əldə edib. Müəssisənin məqsədi R1 və R2 reproduksiyalı rayonlaşdırılmış toxum sortlarının yaradılması üçün müasir səviyyədə toxumçuluq sistemi yaratmaqdır. Bu məqsədlə müəssisə dünyada istifadə olunan müasir texnologiya, maşın və avadanlıqlarla təchiz edilib. Sadaladığım bu müəssisələrdə Azərbaycan İnvestisiya Şirkəti payçılıq missiyası davam edir. Şirkətin payçılıq missiyası başa çatmış digər uğurlu layihələri də var. Misal olaraq duz zavodunu və Səngəçal terminalını göstərmək olar.

 

- Regional inkişaf proqramlarının icrasından əldə olunan nailiyyətlərdən danışdınız. Ümumiyyətlə, bu proqramların hazırlanması mexanizmləri necədir? Bu mexanizmləri hansı hesablamaların əsasında hazırlayırsınız?

 

- Ümumiyyətlə, hər bir proqram müfəssəl hesablamalara əsaslanır. Yəni konkret sahənin mövcud vəziyyəti araşdırılır və zərurət olduğu halda həmin sahənin inkişafına dair konkret tədbirləri, onun icraçılarını, tədbirlərin icra müddətlərini özündə əks etdirən dövlət proqramının layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılır. Konkret olaraq regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları regionlarda bütün sahələrin inkişafını əhatə edir. Bu proqramlar hazırlanarkən biz yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edirik və bundan sonra daxil olmuş təkliflər ümumiləşdirilir. Növbəti mərhələdə Dövlət Proqramının layihəsinə daxil edilmiş bütün təkliflər bu məqsədlə yaradılmış işçi qrupu tərəfindən yerlərdə olmaqla araşdırılır və yekun sənədin layihəsi hazırlanır. Bir məqamı xüsusi olaraq deməliyəm ki, regional proqramlar hazırlanarkən məhz yerlərdən daxil olmuş təkliflərə üstünlük verilir. Bütün bu proses başa çatdıqdan sonra proqram layihəsi aidiyyəti üzrə təsdiq edilmək üçün təqdim olunur.

 

- Deməli, ərazi inkişaf proqramları əsasında regionların inkişafı üzrə vahid bir strategiya hazırlanır. Bəs, bu proqramların konkret hədəfləri də müəyyən edilirmi ki, onun icrası nəticəsində sahələr üzrə inkişaf göstəriciləri necə dəyişəcək?

 

- Əlbəttə ki, hər bir Dövlət Proqramı hazırlanarkən konkret hədəflər müəyyən edilir. Bu proqramlar hər bir regionun xüsusiyyətləri nəzərə alınmaqla hazırlanır. Burada tutaq ki, kənd təsərrüfatının inkişafı ilə bağlı layihələr planlaşdırılırsa, hər bir regionun iqlim şəraiti, təbii imkanları, torpaq quruluşu, əhalinin məşğulluğu və digər mühüm amillər mütləq nəzərə alınır. Ümumiyyətlə, proqram hazırlanarkən hər bir region üzrə təhlillər aparılır. Hansı sahəni inkişaf etdirməyə daha çox ehtiyac varsa, o sahələr prioritet seçilir.

 

- İkinci beşillik proqramın icra müddəti artıq başa çatmaq üzrədir və siz üçüncü belə proqramın hazırlanması üzərində işləyirsiniz. Bu üç Dövlət Proqramı arasında hansı fərqlər var?

 

- Bu proqramlar bir-birinin məntiqi davamıdır. Əgər əvvəlki iki Dövlət Proqramında məsələn, nəqliyyat infrastrukturunun inkişafı sahəsində magistral yolların yenidən qurulması planlaşdırılırdısa, üçüncü proqramda artıq mərkəzdən yerlərə və konkret kəndlərə istiqamət götürüləcək. Yəni bu proqramda əsas prioritetlərdən biri kənd yollarının yenidən qurulması olacaq. Bununla yanaşı digər infrastruktur sahəsi olan elektrik təchizatı sahəsində əgər əvvəlki proqramlarda yeni elektrik güclərinin yaradılmasından söhbət gedirdisə, bu dəfə elektrik verilişi xətləri, paylayıcı xətlər yenidən qurulacaq. Yaxud əvvəlki proqramlarda yeni müəssisələrin yaradılması qarşıda duran prioritetlərdən biri idisə, artıq üçüncü proqramda beynəlxalq standartlara cavab verən, rəqabətqabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edəcək müəssisələrin yaradılması ilə yanaşı həmin müəssisələrin istehsal etdikləri məhsulların xarici bazarlara çıxış imkanları, onların ixrac qabiliyyətinin artırılmasına daha çox diqqət yetiriləcək. Həmçinin, yeni proqramda kənd təsərrüfatının inkişafı məqsədilə meliorativ tədbirlərin görülməsi, əkinəyararlı torpaqların dövriyyəyə daxil edilməsi, iri fermer təsərrüfatlarının yaradılması, rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşması əsas diqqət mərkəzində saxlanılacaq.

 

- Belə çıxır ki, 2004-cü ildə regional inkişaf proqramlarına başlanarkən mərkəzdən rayonlara, rayon mərkəzlərindən kəndlərə doğru inkişaf hədəf seçilib...

 

- Bəli. Yəni regionların tarazlı və davamlı sosial-iqtisadi inkişafı. Burada əlbəttə ki, mərkəzdən kəndlərə doğru mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

- Bu inkişaf konsepsiyasını əksinə, yəni kəndlərdən mərkəzə doğru proqramlaşdırmaq daha effektiv olardımı? Həm də nəzərə alaq ki, bu proqramların əsas məqsədi məhz regionların inkişafını təmin etməkdir.

 

- Regional inkişaf proqramlarında mərkəzdən kəndlərə doğru istiqamətlənmək daha effektiv nəticələrə nail olmağa imkan verir. Çünki hər bir regionun bir mərkəzi var və hansısa rayonun mərkəzində bu işlərə başlanmasa, o rayonun ucqarların istiqamətlənmək əlavə çətinliklər yaradır. Beynəlxalq təcrübədə də belədir: regional inkişaf mərkəzdən kəndlərə yönəlir. Yəni mərkəz-regional mərkəzlər-rayon mərkəzləri-kəndlər marşrutu daha effektiv sayılır. Biz də beynəlxalq təcrübəni nəzərə alaraq istiqaməti bu cür müəyyənləşdiririk. Bu istiqamət konkret kəndlərdən başlanıb mərkəzlərə yönəldilsə, inkişaf da o dərəcədə sürətli olmayacaq.

 

- Bəs, bu proqram üzrə hədəflər müəyyənləşərkən mövcud sosial-iqtisadi vəziyyət, işsizlik səviyyəsi necə hesablanır?

 

- Bu proqramların konkret məqsədləri və hədəfləri müəyyən edilib. Ümumi məqsədə nail olmaq üçün əvvəlcədən müəyyən edilən hədəflərə çatmaq lazımdır. Bundan ötrü isə konkret sahələr üzrə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, əhalinin bu xidmətlərə əlyetərliliyinin artırılması, onlara bu xidmətlərə bərabər çıxış imkanlarının təmin olunması planlaşdırılır. Bu hədəflərə nail olduqdan sonra proqramın ümumi məqsədinə də çatmış oluruq. Əlbəttə ki, regional inkişaf proqramları hazırlanarkən regionlar üzrə əmək ehtiyatları, əmək qabiliyyətli əhalinin sayı, məşğulluq səviyyəsi və digər amillər araşdırılır. Məsələn, birinci Dövlət Proqramının hazırlığı prosesində 600 min yeni iş yerinin yaradılması proqnozlaşdırılırdı. Amma bu proqramın icrası nəticəsində 760 mindən artıq yeni iş yeri yaradıldı. Bu, onu göstərir ki, proqram hazırlanarkən aparılan təhlillər və araşdırmalar dəqiq aparılıb. Nəticədə yeni iş yerlərinin yaradılması sahəsindəki hədəflərə nail olunub. Bundan başqa, 2001-ci ildə ölkədə yoxsulluq göstəricisi 49 faiz idisə, həyata keçirilən tədbir nəticəsində bu göstərici 2012-ci ilin sonunda 6 faizədək enib. İşsizlik səviyyəsi 2003-cü ildəki 10,7 faizdən 2012-ci ildə 5,2 faizədək azalıb. Bütün bu göstəricilərə həyata keçirilmiş tədbirlər əsasında nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1856

Oxşar yazılar