Sizə əyani olaraq göstərdiyimiz piknik yerləri ilə yanaşı, Bakıda gedə biləcəyiniz digər məkanlar da var.
Lent.az Apa TV-yə istinadən xəbər verir ki, bunlardan biri Nəbatat bağıdır. Bağda müxtəlif növ yerli və xarici bitkilər əkilib. Bağa giriş 1 nəfər üçün 1 AZN təşkil edir və içəridə piknik edə bilərsiniz.
Şəhərin mərkəzində salınmış Dədə Qorqud Parkı da piknik etməyiniz üçün münasibdir. Bura giriş isə pulsuzdur. Parkın ərazisində ağaclar çox hündür deyil, bu səbəbdən günortadan sonra istirahət etmək tövsiyə olunur.
Bakının mərkəzində yerləşən “Bakı Mərkəzi Park”da da ailəniz və dostlarınızla piknik etmək üçün bir araya gələ bilərsiniz. Pulsuz piknik edə biləcəyiniz bu məkan köhnə “Sovetski” ərazisində salınıb.
Növbəti məkan "Omar atçılıq klubu"dur. Mehdiabad qəsəbəsi, 2-ci Sovxoz ərazisində yerləşən bu məkan həftənin bütün günləri saat 10:00-dan 22:00-a qədər fəaliyyət göstərir. Məkana giriş bir nəfər üçün 5 AZN-dir. 3 yaşına qədər uşaqlara isə pulsuzdur. Ödədiyiniz məbləğə parkinq, ərazidə gəzinti, atlarla ünsiyyət, mini zoopark, uşaq meydançası, balıq ovu daxildir. Əgər siz burda at sürmək istəsəniz, əlavə ödəniş etməli olacaqsınız. 3 dairə at sürməyə və poni sürmək üçün hərəsinə 10 manat ödəməlisiniz.
Digər yer isə Binə Atçılıq Mərkəzidir. Bura giriş ödənişsizdir. Özünüzlə yemək aparıb piknik edə bilərsiniz. Amma atla gəzmək istəsəniz bunun üçün nəzərdə tutulan məbləğdə pul ödəməlisiniz.