Azərbaycanda aldığı malın dəyərini nağdsız qaydada ödəyənlərə ƏDV-nin 15%-i deyil, 20%-i geri qaytarıla bilər.
Lent.az xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Əvəzində ödənişi nağd edənlərə ƏDV-nin 10%-nin deyil, 5%-nin geri qaytarılması təklif olunur. Başqa sözlə, faiz nisbətini dəyişməklə vətəndaşların nağdsız ödənişə stimullaşdırılması nəzərdə tutulub.
Xatırladaq ki, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il iyulun 1-nə qədər istehlakçılara 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun aylarında isə 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.