"Azercell"in dəstəyilə hazırlıq keçən şagirdlər medal və mükafata layiq görülüblər
19-25 sentyabr 2022-ci il tarixlərində informatika fənni üzrə Yeniyetmələrin Avropa Olimpiadasına onlayn qatılan məktəblilərimiz uğurlu nəticə əldə ediblər. Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medala, Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fərid Tarıverdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan "Azercell", ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük əhəmiyyət verir.
Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə məğrur tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərdən ibarət milli komandamız İnformatika fənni üzrə beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 2 qızıl, 11 gümüş, 25 bürünc olmaqla, ümumilikdə 38 medal əldə edib.