“Azercell”dən müştərilərinə XƏBƏRDARLIQ ®
12 sentyabr 2022 11:16 (UTC +04:00)

“Azercell”dən müştərilərinə XƏBƏRDARLIQ ®

“WhatsApp” və digər tətbiqlərdə təhlükəsizlik pozuntuları ilə bağlı dünya miqyasında baş verən bir sıra hadisələri diqqət mərkəzində saxlayaraq, “Azercell” abunəçilərini cihaz və telefon nömrələrini potensial haker hücumlarından qorumaq üçün priventiv tədbirlər görməyə çağırır.

Bu cür hücumların sayının artmasını və bunun nəticəsində şirkətə son günlər ərzində daxil olan çoxsaylı sorğuları nəzərə alan mobil operator, məlumat təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələri abunəçiləri ilə bölüşür:

- Telefonlarınızı nəzarətsiz qoymayın;

- “WhatsApp” tətbiqi, SMS və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə, sorğu və ismarışlara reaksiya verməyin;

- Şübhəli zənglərə cavab verməyin;

- Etibar doğurmayan internet saytlardan istifadə etməyin;

- Şübhəli məzmunlu müxtəlif oyun, yarışma və s. təkliflərdən yararlanmayın;

- “WhatsApp”dan qeydiyyatdan keçmək üçün nömrəyə göndərilən 6 rəqəmli şifrəni heç kimlə bölüşməyin:

İstifadənizdə olan nömrənin “WhatsApp” hesabı yaradılarkən sizə sms vasitəsilə 6 rəqəmli şifrə göndərilir. “WhatsApp” hesabınızın təhlükəsizliyini qorumaq üçün bu şifrə gizli saxlanılmalıdır və heç kimlə bölüşülməməlidir.

- “WhatsApp”da şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yaradın:

“WhatsApp” istifadəçiləri şəxsi 6 rəqəmli təhlükəsizlik şifrəsi yarada bilərlər. Bunun üçün proqram parametrlərində “İki addımlı təsdiqetmə” funksiyasını aktiv edin. Sonra müvafiq xanalara təhlükəsizlik şifrəsini və e-poçt ünvanını əlavə edin.

“Azercell” abunəçilərinin məlumat təhlükəsizliyini təmin etmək və onlara ən yaxşı müştəri təcrübəsini təqdim etmək üçün bu növ məlumatları müntəzəm olaraq onlarla paylaşmağa davam edəcək.

“Azercell” tətbiqlərdən və ya sosial şəbəkələrdən yararlanmaq üçün yalnız mobil internet bağlantısını təmin edir. Tətbiqlərə və sosial şəbəkələrə aid istifadəçi hesablarının təhlukəsizlik və istifadə şərtləri “Azercell” tərəfindən idarə edilmir. Məhz bu səbəbdən bu mövzularda yaranan sual və çətinliklər müvafiq proqramın dəstək xəttinə yönləndirilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Oxşar yazılar