Su mənbələrimizin çirklənməsinin qarşısı necə alınır? –ARAŞDIRMA
04 may 2011 13:12 (UTC +04:00)

Su mənbələrimizin çirklənməsinin qarşısı necə alınır? –ARAŞDIRMA

Yer kürəsindəki su ehtiyatlarının 97,5 faizi şor, yalnız 2,5 faizi içməli sudan ibarətdir. Şirin suyun da 96 faizi bərk haldadır. Maye vəziyyətində olan su ümumi şirin su həcminin təxminən 0,8-1 faizini təşkil edir. Son 50 ildə isə məişətdə su sərfi 31, sənayedə 39, kənd təsərrüfatında isə 28 dəfə artıb. Təxminən 2030-cu ilə qədər Çinin şimalında və Hindistanın cənub-şərqindəki əsas su təbəqəsi quruyacaq.
Ümumdünya Ərzaq Təşkilatının hesablamalarına görə, son 100 il ərzində içməli suya olan tələbat əhalinin artım tempinə nəzərən iki dəfə artıb. Hazırda 1,1 milyard insan təmiz içməli su əldə etmək imkanından məhrumdur, 2 milyard insan hər gün su çatışmazlığı problemi ilə üz-üzədir. YUNESKO-nun yaydığı məlumata əsasən, 2030-cu ildə planetimizin əhalisinin 47 faizi su çatışmazlığı ilə üz-üzə qalacaq. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, planet əhalisinin 20 faizi çirkli sudan istifadə edir. Sudan qaynaqlanan xəstəliklərdən hər 8 saniyədə 1, bir saatda 450, bir gündə 10 min 800, bir ildə 3 milyon 888 min uşaq həyatını itirir.
Bəs Azərbaycanda vəziyyət necədir?

Kürümüzü, Arazımızı çirkləndirirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə mili monitorinq departamentinin direktor müavini Mətanət Avazova deyir ki, Azərbaycan ərazisi su qıtlığı ilə səciyyələnən regionlar sırasındadır. Hər adambaşına düşən su ehtiyatı Azərbaycanda Ermənistandan 2,2 dəfə, Gürcüstandan isə 7 dəfə azdır. Bütövlükdə Qafqazda yeraltı və yerüstü olmaqla, 310 milyard kub metr şirin su var. Bunun 30 milyard kub metrə qədəri Azərbaycanın payına düşür. Çaylarımızdakı su ehtiyatları 28,1 kubkilometr hesablanır. Azərbaycanın yerüstü su ehtiyatlarının 80 faizini Kür, Araz çayları və onların bir sıra transsərhəd qollarının suları təşkil edir. Bu çayların da ümumi həcminin 70 faizə qədəri qonşu ölkələrin ərazisində formalaşır. Gürcüstan və Ermənistan ərazilərində Kür çayı və onun əsas transsərhəd qollarında yaranmış ekoloji gərginlik nəticəsində bu çayların axımı ilə il ərzində külli miqdarda həll olunmuş kimyəvi birləşmələr və çirkləndirici maddələr ölkəmizin ərazisinə gətirilir. Çirklənmə səviyyəsi dayanıqlı olaraq qalır. Ölkəmizin Gürcüstanla sərhədində yerləşən Şıxlı-2 monitorinq məntəqəsində Kür çayı suyunun tərkibində fenolların miqdarı sanitar normadan 4-8 dəfə, metallar 6-9 dəfə, neft məhsulları 2-3 dəfə, sulfatların miqdarı isə 2 dəfəyə qədər yüksəkdir. Mətanət Avazova bildirdi ki, Kürün Gürcüstan ilə sərhəddən Mingəçevir su anbarına kimi axımında mütəşəkkil çirkləndirici mənbələrin olmaması və çayda gedən təbii özünütəmizləmə prosesləri, eləcə də Yenikənd su anbarında təmizlənməsi nəticəsində suyun tərkibindəki çirkləndirici maddələrin qatılığı 30-55 faizə qədər azalır, lakin bununla belə, onların miqdarı 2 dəfəyə qədər yüksək olaraq qalır.
Ancaq Arazın Kür çayı ilə qovuşan hissəsində, Surra məntəqəsində Kür çayı suyunun minerallaşması 800-1200 mq/l qədər yüksəlir. Bu da Kürün yuxarı axımı ilə müqayisədə iki dəfə, onun orta axımı ilə müqayisədə 35-50 faiz çoxdur. Çayın bu hissəsində çirkləndirici maddələrdə qatılıqlar nisbətən yüksəlir. Məsələn, metalların konsentrasiyası sanitar normadan 9 dəfə, fenollar 6 dəfə, neft məhsulları və sulfatlar 2-3 dəfə yüksəkdir. Bunun da səbəbi Kürə qovuşan Araz çayının bədnam qonşularımızın ərazisindən keçərkən həddən çox çirkləndirilməsidir. Araz çayında miss birləşmələri 10 YVQH, fenollar 8 YVQH, neft və neft məhsulları 0,9 YVQH olmaqla, yüksək çirklənmə halı qeydə alınır.
Kürün transsərhəd qollarından biri olan Qanıx (Alazan) çayı da əsasən Gürcüstan ərazisində çirklənməyə məruz qalır. Çayın Əyriçay ilə qovuşan hissəsində çirkləndirici maddələrin qatılığı mütəmadi olaraq sanitar normanı dəfələrlə aşır.

Dağ çaylarımızda vəziyyət təhlükəli deyil

Mətanət Avazova transsərhəd çayları ilə müqayisədə ölkənin daxili çaylarının az, mülayim çirklənməyə məruz qaldığını söyləyir. Kiçik Qafqaz regionu çaylarında nisbətən yüksək çirklənməyə məruz qalmış çay Qoşqarçaydır. Kiçik Qafqazın digər çayları (Şəmkirçay, Gəncəçay, Kürəkçay) nisbətən mülayim çirklənməyə məruz qalsa da, xüsusən Tovuzçayda fenolların və metalların qatılıqları sanitar normadan 2-3 dəfə, neft məhsulları və sulfatların qatılıqları isə 1,5-2 dəfə çoxdur.
Böyük Qafqazın cənub yamacının şərq hissəsindən axan çaylar (Türyançay, Qarasu, Dəmiraparançay, Göyçay) mülayim çirklənmiş su obyektlərinə aiddir. Bu çayların suyunun tərkibində metalların qatılıqları normadan 1,5 dəfə, fenollar, neft məhsulları və sulfatları qatılıqları isə sanitar norma həddində olub. Anoloji vəziyyət Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylarda (Qusarçay, Qudiyalçay, Vəlvələçay) da müşahidə olunur. Ölkənin su obyektlərindən daha az çirklənməyə məruz qalan isə Talış dağlarından axan çaylardır.
Çaylarımızın üzərində süni olaraq yaradılmış və əsasən energetika məqsədləri üçün istifadə olunan su anbarları da su mənbələri sırasındadır. Bu sırada Mingəçevir, Şəmkir, Yenikənd, Araz, Ceyranbatan və digər su anbarlarını qeyd etmək olar. 1957-ci ildə Bakı şəhərinin içməli su təminatını ödəmək üçün inşa edilən Ceyranbatan su anbarı istisna olmaqla, digər su anbarlarından əsasən kənd təsərrüfatı və energetika sahəsində istifadə edilir. Mətanət Avazova qeyd edir ki, ölkə ərazisində su anbarlarına birbaşa axıdılan çirkləndirici mənbələr yoxdur. Lakin su anbarlarımız tranzit çayların suları hövzəsindədir və çaylara daxil olan çirkləndiricilər də tranzit daşınır.

Ekoloji terrordan qorunuruq

Belə vəziyyətdə xüsusən tranzit çaylarda daim suyun tərkibinin yoxlanılması çox vacibdir. Effektli nəzarət sistemi qurulmazsa, su təhlükəli dərəcədə çirkləndiyi halda əhalinin özünün sağlamlığını qorumaq, kənd təsərrüfatı, heyvandarlıq sahəsində zərərlərin, risklərin minimuma endirmək mümkün olmaz.
Mətanət Avazova Azərbaycanda belə bir sistemin yaradıldığını vurğulayır. Kür və Araz çayları və onların transsərhəd qollarında suyun çirklənmə vəziyyətinə daimi nəzarətin təşkili məqsədi ilə 2004-cü ildə Qazax və Beyləqan rayonları ərazisində müasir analitik təhqiqat laboratoriyaları yaradılıb, suyun keyfiyyətinə nəzarət həyata keçirilir. Bu nəzarət ongünlük, ekstremal hallarda isə hər 3 saatdan bir aparılır, bülletenlər hazırlanaraq müvafiq dövlət orqanlarına təqdim olunur. Ölkə ərazisindəki digər su obyektləri yüksək antropogen təsirə məruz qalmadığı üçün onların üzərində bu işlər ayda bir, yüksək dağ çaylarında isə fəsildə bir dəfə aparılır: “Bütün bunlar zərərin minimuma endirilməsi məqsədini daşıyır. Məsələn, Kürün yuxarı axarında təhlükəli həddə çirkləndiricilər aşkarlanarsa, bu suyun orta axarlara 24-30 saata gəldiyi nəzərə alınarsa, biz qısa müddətdə əhaliyə xəbərdarlıq etmək imkanına malikik. Digər tərəfdən, əhalinin ayıqlığı da ekoloji terrordan qorunma sahəsində mühüm əhəmiyyət kəsb edir. Məsələn, keçən il noyabrın 19-da ermənilərin hərbi hissələrinin yerləşdirildiyi Gülüstan və Talış kəndlərindən keçən, İnciçayda kəskin çirklənmə müşahidə edilib. Tapqaraqoyunlu kənd sakinləri tərəfindən İnciçayda gündüz saat 14-15 radələrindən başlayaraq suyun qatı köpüklə axdığı müşahidə olunub və bu barədə nazirliyin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinə məlumat verilib. Qısa müddət ərzində birbaşa mobil cihazlar vasitəsilə ölçmə işləri görülüb. Nazirliyin mərkəzi analitik laboratoriyasında analizlər aparılıb, suyun keyfiyyətinin ciddi dərəcədə pisləşməsi qeydə alınıb”.
Mətanət Avazova onu da xatırlatdı ki, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamına əsasən Kür-Araz boyu və digər yaşayış məntəqələrində əhalinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 rayonun ümumi əhalisi 300 mindən artıq olan 156 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılıb. Bunun davamı olaraq hazırda 18 rayonun ümumi əhalisi 45 minən artıq olan 29 kəndində də modul tipli su təmizləyici qurğular quraşdırılmaqdadır.

Transssərhəd çaylarımızın Gürcüstanda çirkləndirilməməsi üçün ciddi addımlar atılır

Ancaq problemin köklü həlli tranzit çayların qonşu respublikaların ərazilərində çirkləndirilməsinin qarşısını almaqdan keçir. Mətanət Avazova nəzərə çatdırdı ki, Azərbaycan 2000-ci ildə “Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Helsinki Konvensiyasına qoşulub. Həm də Azərbaycan su axarlarının axınının aşağı hissəsində yerləşdiyi üçün Konvensiyaya qoşulmaq bizim üçün çox vacibdir. Mətanət Avazova vurğulayır ki, çox təəssüf ki, bu günə qədər qonşularımız qoşulmayıblar. Çünki Konvensiyaya qoşulan hər bir ölkə konvensiyanın şərtlərindən irəli gələn öhdəliklər götürməlidir və hər bir öhdəliyin yerinə yetirilməsinin arxasında isə böyük maliyyə dəstəyi durur. Qonşu dövlətlər də ilk növbədə maliyyə məsələsindən çəkinirlər.
Ancaq Mətanət Avazova deyir ki, son 5 ildə Avropa Birliyi tərəfindən Gürcüstanda böyük layihələrə maliyyə dəstəyi verilib ki, Helsinki Konvensiyasının öhdəliklərindən irəli gələn tələblərin bəzilərini həyata keçirsin və son nəticədə Konvensiyaya qoşulsun: “Fikrimcə, yaxın 1 il, 1,5 il ərzində Gürcüstanı məcburiyyət qarşısında qoyacaqlar ki, bu Konvensiyaya qoşulsunlar. Bədnam qonşularımız olan ermənilər Konvensiyaya qoşulmamaq üçün cürbəcür bəhanələr gətirirlər. Ancaq Gürcüstanı mərhələ-mərhələ bu Konvensiyaya qoşulmaq ərəfəsinə gətirib çıxarıblarsa, Ermənistanı da o formada buna məcbur edəcəklər. Lakin buna zaman lazımdır”.
Direktor müavini onu da qeyd etdi ki, Azərbaycanla Gürcüstan arasında Kür suyunun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir çox hüquqi sənədlər var. Bunlardan ən əsası iki dövlət arasında mövcud olan iqtisadi əməkdaşlıq üzrə sazişdir. Sazişin bir bölməsi ətraf mühitin idarə olunması, bu bölmənin əsas bəndlərindən biri isə Kürün suyunun keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədardır: “Gürcüstan özü də bilir ki, Kürə hansı təsirləri göstərir. Beynəlxalq layihələr, beynəlxalq laboratoriyalardan alınmış testlərin cavabı suyun keyfiyyəti barədə beynəlxalq rəqəmlərin olduğu deməkdir. Digər tərəfdən, Avropa Birliyinin layihəsi çərçivəsində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gürcüstanın Ekologiya Nazirliyi arasında ikitərəfli saziş imzalanmalıdır. Artıq saziş layihəsi hər iki ölkənin mütəxəssisləri tərəfindən işlənərək hazırlanıb. Son düzəlişlər üzərində Xarici İşlər Nazirliyinin əməkdaşları çalışırlar. İyun ayında isə Bakıda sonuncu görüşümüz olacaq və sənədin yekun formasına baxılacaq”.

Ramiz Mikayıloğlu

Yazı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5224

Oxşar yazılar