AİB sədri “Quest Net”ə xəbərdarlıq edib
15 sentyabr 2009 11:30 (UTC +04:00)

AİB sədri “Quest Net”ə xəbərdarlıq edib

“Köhnə qayda ilə işləməyə son qoyulmasını istədim”

Azad İstehlakçılar Birliyinin (AİB) Eyyub Hüseynov məsafədən satışla məşğul olan“Quest Net” şirkətinin işində hələ də köhnə üsulların istifadə olunduğunu bildirib.

AİB sədri Lent.az-a açıqlamasında deyib ki, o, az əvvəl “Quest Net” şirkətinin Azərbaycandakı Nümayəndəliyinin rəhbərliyi və bu şirkətin hüquqlarını qoruyan şirkətin hüquqşünası ilə görüşüb.

Eyyub Hüseynov bu görüşlərdə şirkət rəhbərliyinə və hüquqşünasa xəbərdarlıq edib: “Bildirdim ki, işləri elə qurmaq lazımdır ki, insanların bir-birini aldatması amili aradan qalxsın. İnsanlar bu vaxta qədər elə düşünüblər ki, onlar belə ofislərdə işə qəbul olunurlar, verdikləri pulun əvəzində onlar işə götürülür və qısa bir müddətdə çox yüksək gəlirli işlə təmin olunacaqlar. Bundan sonra belə hallara yol vermək olmaz, insanlara aydın və dəqiq izah olunmalıdır ki, şirkət onları işə götürmür, yalnız malını satır və ya xidmətini təklif edir. Hələ də mənə məlumatlar çatır ki, istehlakçılarda yanlış təsəvvürlərə meyllənmə var. Mən bu meyllərin aradan qaldırılmasını, köhnə qayda ilə işləməyə son qoyulmasını istədim. İşlər elə şəffaf qurulmalıdır ki, bura insanlar öz xoşuyla qoşulsunlar və başqa maddi risklərə girməsinlər. İstehlakçılar aldıqları malın xarakteri, keyfiyyəti ilə tanış olmaq və onları qane etmirsə, aldıqları malı qaytarmaq imkanı əldə etməlidirlər.”

AİB sədri onu da qeyd etdi ki, şirkətin fəaliyyəti 2005-ci ildə qəbul olunmuş “Elektron ticarət haqqında” qanuna uyğundur, lakin köhnə qaydada işləməklə bağlı hallar yenə də qalmaqdadır: “AİB yaxın vaxtlarda “Quest Net” in fəaliyyəti ilə bağlı monitorinqlərə başlayacaq və mövcud olan bu mənfi halları üzə çıxaracaq. Qeydə alınan hər hansı fakt – istər müsbət, istərsə də mənfi meyllər olsun - barədə cəmiyyətə və şirkətin rəhbərliyinə məlumat veriləcək”.

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 732

Oxşar yazılar