Azərbaycanda mənzilləri sığortalamaq məcburi olacaq
02 noyabr 2010 17:51 (UTC +04:00)

Azərbaycanda mənzilləri sığortalamaq məcburi olacaq

Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

N.Xəlilovun sözlərinə görə, yeni qanunun tətbiqindən sonra sayından asılı olmayaraq, vətəndaşlar bütün dşınmaz əmlaklarını (yaşayış sahələri) icbari qaydada sığorta etdirməli olacaqlar. Xidmət rəhbərinin sözlərinə görə, bu zaman daşınmaz əmlak bütün aktual risqlərdən sığortalanmalıdır, başqa sözlə əmlakın icbari sığortası zamanı tətbiq olunan sığorta paketi, indi sığorta şirkətlərinin təklif etdiyi sığorta paketinə yaxın olacaq.

Qeyd edək ki, əmlakın icbari sığortası dünya ölkələrinin əksəriyyətində çoxdan tətbiq olunur. Azərbaycanın sığorta şirkətləri də ölkədə sığorta biznesinin inkişafı, eləcə də təbii fəlakət və digər hallar zamanı vətəndaşlara dəyən ziyanın ödənilməsi üçün daşınmaz əmlakın sığortasının icbari qaydada tətbiq olunmasını çoxdan təklif edirdilər. Əmlak sığortası ən ucuz sığorta növlərindən sayılır – ölkənin sığorta şirkətlərinin təklif etdiyi tariflərə görə, indi əmlakı bütün əsas risqlərdən sığorta etdirmək üçün onun dəyərinin orta hesabla 0,1%-i qədər sığorta haqqı kifayətdir.

Hərçənd bu işə (yəni vətəndaşların bu tələbə əməl edib-etmədiyinə) necə nəzarət olunacağı məsələsi hələ də açıq qalıb. N.Xəlilovun sözlərinə görə, nəzarət üsullarından biri mənzillərin alqı-satqısı zamanı sığortanın mövcudluğunun tələb edilməsidir. Amma bu üsul özünü həmişə doğrultmur: «Bəziləri ömrü boyu bir evdə yaşayır, evi satmadıqlarına görə, onlara qarşı bu üsul tətbiq oluna bilmir».

Bununla bağlı nəzərdən keçirilən digər üsul təbii fəlakət baş verərkən sığortasız evlərə dövlət yardımının göstərilməməsi ola bilər. Bəzi ölkələrdə tətbiq olunan bu üsulun məğzi ondan ibarətdir ki, evini sığorta etdirməyən vətəndaşlara təbii fəlakət zamanı dövlət də yardım etməyəcək: «Burda məntiq sadədir – sən evinə görə narahat deyilsənsə, sənə dövlət də yardım etməyəcək».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672

Oxşar yazılar