Milli Məclisdə hasar söhbəti
13 noyabr 2012 16:50 (UTC +04:00)

Milli Məclisdə hasar söhbəti

Bu gün günün ikinci yarısında Milli Məclisdə “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam edib. Lent.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, millət vəkili Mübariz Qurbanlı gələn ilin büdcəsində ipoteka üçün nəzərdə tutulan vəsaitin miqdarının artırılmasını müsbət addım sayıb.

Mübariz Qurbanlı ipoteka kreditlərinin həcminin daha da artırılmasını, xüsusən gənclər üçün ipoteka kreditlərinin faizinin aşağı salınmasını təklif edib. Millət vəkili mənzil tikintisi ilə bağlı sosial yönümlü proqramların qəbul edilməsini zəruri sayıb: “Əhali artımını nəzərə alaraq, dövlət büdcəsindən dövlətin şirkətinə vəsait ayıraraq, binalar tikilə və bu binalar kirayəyə verilə bilər. Bu, ipotekanın başqa formasıdır və gələcəkdə mütləq nəzərə alınmalıdır”.

Rayonlarda gedən quruculuq işlərinə toxunan Mübariz Qurbanlı bəzən rayonlarda ehtiyac olmayan tikinti işlərinə də toxunub: “Bəzən rayonda icra başçısı dəyişir, yeni icra başçısı öncəki icra başçısının dövründə tikilən tikiliyə dəyişiklik edir. Belə hallar olmamalıdır. Hasarlama məsələsinə də toxunmaq istəyirəm. Bəzən ehtiyac olmadan hasarlar çəkilir. Belə məsələlər Hesablama Palatasının da diqqət mərkəzində olmalıdır”.

Millət vəkili Zahid Oruc deyib ki, səhiyyə kimi zəruri sahəyə 0,5 faiz artım nəzərdə tutulduğu halda digər sahələrdə 5,7 faiz artım var: “Azərbaycanda səhiyyə pulsuz olsa da, vətəndaşlar ən çox bu sahəyə pul xərcləyir. Vətəndaşlarımız tibbi ehtiyaclarla bağlı İrana, Türkiyəyə və başqa ölkələrə üz tutur, milyardlarla vəsait ölkədən çıxır. Tibbi tədqiqatlara 4,2 milyon manat kimi cüzi vəsait ayrılıb. Bu, çox azdır”.

Zahid Oruc qeyd edib ki, Azərbaycanda təhsil sahəsində çalışanların əməkhaqqı orta aylıq əməkhaqqından geri qalır: “Dünyada normativ var, 120 şagirdə 1 müəllim düşməlidir. 120 min tələbəyə 6-7 min müəllim düşməli idi. Ancaq reallıqda bu göstərici dəfələrlə çoxdur. Optimal yol tapılmalıdır. Digər tərəfdən, elm üçün ayrılan xərclər 0,7 həddini aşmır. 4-5 milyon manatla səmərəli elmi təhqiqatlara nə dərəcədə nail ola bilirik? Nəticədə Azərbaycandan elm axını baş verir, alimlərimiz xaricə üz tutur”.

Millət vəkili İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Fonduna ayrılan 220 milyon manatın sahibkarların ehtiyacını ödəmədiyini, ipoteka kreditləri üçün də az vəsait ayrıldığını bildirib. O, müdafiə xərclərinə də toxunub: “120 minə yaxın ordu kontingentimiz var. Bu qədər ağır ordu kontingentini idarə etmək çətindir. Mən bir daha Dağlıq Qarabağ üçün büdcədə ayrıca maddə tutulmasını, vəsait ayrılmasını təklif edirəm”.

Millət vəkili Fazil Mustafa isə xalq artisti Zeynəb Xanlarovanın sualını xatırladıb: “Bu büdcə ilə müəllimlərin, həkimlərin, əlillərin, pensiyaçıların sosial vəziyyətini yaxşılaşdırmaq mümkün olmayacaq. Təhsil və səhiyyə işçilərinin orta aylıq əmək haqqı 150 manatı ötmür. Bir şagird üçü adambaşına nəzərdə tutulan vəsait inkişaf etmiş ölkələrdən 7-8 dəfə azdır. Hüquq-mühafizə orqanları üçün 100 milyon manat artım nəzərdə tutulduğu halda təhsil, səhiyyə kimi sahələrdə ümumi artım 84 milyon manatdır. Digər tərəfdən, Bakıda, rayonlarda çəkilən 100 kilometrlərlə mənasız hasarlara ayrılan vəsait müəllimlərə, həkimlərə niyə ayrılmayaydı?! Biz sanki Azərbaycan xalqını hasarların arxasında gizlətmək istəyirik. Sanki işsiz, üzü tük basmış insanları xaricilərdən gizlətmək istəyirik”.

Fazil Mustafa neft pullarının xərclənməsinə də toxunub: “Biz Neft Fondunda 25 faiz yığım nəzərdə tutsaq da, 2016-cı ilin icmal büdcəsinə baxanda görürük ki, 11 milyard manat xərcləyəcəyik. Nə qalacaq? Yolların çəkilməsini, infrastruktur layihələrini başa düşürəm. Digər tərəfdən, Bakıdan kənardakı rayonların büdcədəki payı 3,5 faizdən artıq olmayacaq. Bu o deməkdir ki, regionlarla bağlı yeridilən siyasətdə büdcəyə gəlir gəlmir və bu siyasətə yenidən baxılmalıdır. Tikintiyə ayrılan vəsaitlərin konkret hansı yarımçıq qalmış tiklilərə yönəldiləcəyi açıqlanmır, niyə millət vəkillərindən gizlədilir? Dövlətin vətəndaşın rifahını yüksəltmək üçün proqramı ortaya qoymur. Dövlət imkanlı sahibkarlardan 5-10 mənzil alıb, ipoteka ilə vətəndaşa versə, görün vəziyyət nə dərəcədə müsbətə dəyişər? O cümlədən yarımçıq qalmış binalarda mənzil üçün pul verən vətəndaşların nə günahı var?”

Fazil Mustafa dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitdən də söz açıb: “Siyavuş Novruzov deyir ki, Yeni Azərbaycan Partiyasını xalq dəstəkləyir, dəstəyə ehtiyacı yoxdur. Digər partiyaların dövlət dəstəyinə, vəsaitinə ehtiyacı var, o halda bu vəsait Yeni Azərbaycan Partiyasına yox, digər partiyalara verilsin”.

Spiker Oqtay Əsədov deyib ki, ilk ildir partiyalara pul ayrılır: “Siz pulun artırılmasını istəyirsiniz. Bu, ilk ildir. Digər tərəfdən, Siyavuş Novruzovun sözlərini təkrarladınız və Yeni Azərbaycan Partiyasına pul verilməməsini istədiniz. Xalq dəstəkləməyən partiyanı dövlət niyə dəstəkləməlidir?”

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2832

Oxşar yazılar