Azərbaycan Premyer Liqasının arxada qalan 12 turunda 129 qol vurulub.
Apasport.az saytının məlumatına görə, bu toplardan 40-na yerli, 89-una legionerlər imza atıb.
Legioner deyərkən söhbət digər ölkə vətəndaşlarından, ya da sonradan bu vətəndaşlığı Azərbaycana dəyişən milliləşənlərdən gedir. Çünki legioner statusu futbolçunun milliyyəti deyil, ölkəsi ilə müəyyənləşir. Hərçənd sonradan bu statusun dəyişdirilməsi adi hala çevrilib.
Futbolçunun hansı ölkənin yetirməsi olduğunu əsas götürsək, Premyer Liqada qolların 69 faizini əcnəbilər vurub. Yerli futbolçuların payına 31 faiz düşür.
Yerli oyunçuları ən çox qol vuran komanda “Qəbələ”dir. Komandanın qollarından 10-na Azərbaycan futbolçuları imza atıb. Bunun da düz yarısı bombardirlər yarışındakı yeganə azərbaycanlı Ülvi İsgəndərovun aktivindədir.
Liderin ən yaxın izləyicisi adı uğrunda “Qəbələ” ilə şərik olan “Zirə”də də yerlilərin çəkisi böyükdür. Qəsəbə klubunda 8 qola öz futbolçularımız imza atıb.
Aşkar autsayder isə “Sumqayıt”dır. Özünü legionersiz kimi təqdim etdirən “Gənclik şəhəri” təmsilçisi onsuz da hamıdan az qol vurub. Bu 8 qoldan da yalnız birinə yerli futbolçu imza atıb. Digər 7 qola isə müxtəlif ölkələri təmsil edən, hətta milliyyətcə azərbaycanlı olan gəlmələr imza atıb.
“Sabah” da daha çox legionerlərin ümidinə qalıb. Bu komandadakı Azərbaycan futbolunun nümayəndələri cəmi 2 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, bombardirlər cədvəlində ilk iki pillədə də gəlmələrdir. “Zirə”li Davit Volkov 9, “Qarabağ”lı Filip Ozobiç 6 dəfə sevinib. Sonuncu milliləşən çoxsaylı oyunçulardan biridir.