Yüksək təşkilatçılıq, itən istedad, zəif təsəlli – REPORTAJ
04 aprel 2013 11:42 (UTC +04:00)

Yüksək təşkilatçılıq, itən istedad, zəif təsəlli – REPORTAJ

Vaxt var idi hamı onu vunderkind adlandırırdı. Təbii, sıraladığı uğurlar Teymur Rəcəbovun istedadından xəbər verirdi. O, elə Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin göstərilməyə başladığı vaxtlarda parlamışdı. 12 yaşında ikən 18 yaşadək şahmatçılar arasında Avropa çempionu olmuş, 14 yaş 14 günlüyündə qrossmeyster adını almışdı. Elə həmin yaşından etibarən güclü şahmatçılarla müxtəlif turnirlərdə üz-üzə gəlirdi. Rəcəbov böyüklər arasında ilk uğuruna 2003-cü ildə Linares turnirində Harri Kasparovu, Dortmundda isə hazırkı dünya çempionu Vişvanatan Anandı yenməklə imza atmışdı.

...Onda cəmi 16 yaşında idi.

 

İndi isə 26 yaşındadır. Bir ilə yaxındır ailə qurub. Ötən 10 ildə bir neçə turnirin qalib və mükafatçısı olub. Amma hamının azərbaycanlı dünya çempionu Harri Kasparovun davamçısı kimi gördüyü Rəcəbov indi nəinki yerində sayır, hətta geriləyir. Elə yenicə başa çatan İddiaçılar Turnirindəki nəticələri də bunu bir daha sübuta yetirdi. Rəcəbov turnirin 8 iştirakçısı arasında norveçli Maqnus Karlsendən sonra ikinci ən gənci idi. Karlsen isə 13 yaş 4 ay 27 günlüyündə beynəlxalq qrossmeyster adını almış, 19 yaşında blits üzrə dünya çempionu olmuşdu. O da vunderkind sayılırdı. Amma bu iki şahmatçının yekun nəticəsi bir-birinin əksi oldu. Turnir göstərdi ki, istedad Rəcəbov yox, Karlsendə daha parlaq imiş. 

 

***

 

Böyük Britaniyanın paytaxtı Londondakı turniri işıqlandırmağa Lent.az-ın əməkdaşı kimi mən də ezam olunmuşdum. Yarışın son 4 turunu canlı izləmək imkanı qazandım. Ümumilikdə 14 turluq mübarizə Londonun görkəmli yerlərindən birində - Temza çayı sahilindəki Mühəndis və Texnologiya İnstitutunda (İET) baş tutdu. Görüşlər isə İET-in mühazirə zalında keçirilirdi. Zala giriş biletlə idi. Tamaşaçılar bəzən 7 saatadək davam edən hər turu sakit-səssiz izləyirdilər. Sakitliyə o dərəcədə əməl edilirdi ki, hətta qapını da ehtiyatla açıb-örtürdülər. Şahmatçıların düşünmək üçün kifayət qədər vaxtları da vardı. Hər bir oyun iştirakçısına 2 saat vaxt verilirdi. Bu bölümdə tərəflər 40 gediş edəcəkləri halda, hərənin vaxtı daha 1 saat uzadılırdı. Sonra isə hər gedişə 30 saniyə vaxt verilirdi. Hər bir görüşün ardından oyun iştirakçıları mətbuat mərkəzinə gələrək, jurnalistlərin suallarını cavablandırırdılar. Bu mərkəzdə jurnalistlər üçün kofe-breyk də təşkil olunmuşdu. Mətbuat işçilərinin və şahmatçıların əksəriyyəti keçmiş SSRİ respublikalarından olsa da, əlaqələndirici şəxs – Anastasiya Karloviç şahmatçıları ingiliscə danışdırırdı. O, tədbirin İngiltərədə keçirilməsini səbəb göstərirdi. Hər dəfə Portuqaliyanın futbol üzrə milli komandasının baş məşqçisi Paulu Bentunun Bakıda sözlərinin Azərbaycan dilinə tərcümə olunmasına qoyduğu qadağaya rəsmi qaydada heç bir reaksiyanın verilməməsini xatırlayırdım. Daha bir otaqda isə görüşlərin gedişi şahmat həvəskarları üçün on-layn formada təhlil olunurdu. Burada 2 şahmat mütəxəssisinin şərhlərini tamaşaçılar diqqətlə dinləyirdilər. Bir sözlə, Azərbaycan tərəfi əcnəbi ölkədə də yüksək təşkilatçılıq bacarığı ilə seçilirdi.

 

***

 

Kifayət qədər vaxt verilməsinə baxmayaraq, Rəcəbov əksər oyunlarında seytnota düşdü. O, hər bir görüşünün əvvəllərində düşünməyə xeyli zaman sərf edir, nəticədə saatı rəqibindən geri qalırdı. Sona doğru isə şahmatçımız qısa vaxt ərzində xeyli gedişlər etməli olurdu. Bu zaman qrossmeysterimiz tələskənlikdən səhvlərə yol verirdi. Hətta üstün olduğu görüşlərdə belə, endşpili zəif alınırdı. Növbəti görüşlərində də ənənəsinə sadiq qalan Rəcəbovdan mətbuat konfransında səbəbini soruşdum. Cavabından belə aydın oldu ki, o, vaxtını hər hansı kombinasiyanı ölçüb-biçməyə sərf edir. Buna görə seytnota düşür. Lakin şahmatçımız məğlubiyyətlərini seytnotla əlaqələndirmədi. Əsl səbəb kimi son aylar heç bir turnirdə oynamamasını göstərdi.

 

 

                                                            ***

 

Rəcəbov, izlədiyim görüşlərindən 3-ünü məğlubiyyətlə başa vurdu. O, rusiyalı Vladimir Kramnik, norveçli Maqnus Karlsen və ermənistanlı Levon Aronyana yenildi. Rusiyalı Aleksandr Qrişukla qarşılaşmada isə şahmatçımız qələbə qazanmalı olduğu halda, pat qeydə alındı. Amma Rəcəbov ən yaxşı görüşünü məhz Karlsenlə keçirdi. Özündən cəmi 3 yaş kiçik rəqibinə qarşı 7 saatlıq mübarizə aparan təmsilçimiz yalnız 89-cu gedişdən sonra təslim oldu. Təsadüfi deyil ki, həmyerlimiz Karlsenə məğlubiyyəti tarixi adlandırdı.

 

Ümumiyyətlə, Rəcəbov 7 rəqibindən 6-na uduzdu. Ən acınacaqlısı odur ki, o, ermənistanlı Levon Aronyana iki dəfə yenildi. Digər rəqiblərindən rusiyalı Peter Svidlerlə Vladimir Kramnikə, eləcə də ukraynalı Vasili İvançuka qara, norveçli Maqnus Karlsen və israilli Boris Gelfanda ağ fiqurla məğlub oldu. Yalnız rusiyalı Aleksandr Qrişukla hər iki qarşılaşma heç-heçə nəticələndi. Şahmatçımızın qalib gəldiyi yeganə görüş isə ağ fiqurlarla məhz Vasili İvançuk üzərində oldu. Nəticədə Rəcəbov 4 xalla sonuncu oldu və 7-ci pillədəki İvançukdan 2 xal geri qaldı. Bu faktlar şahmatçımızın aşkar zəifliyinin göstəricisidir. Əslində o, İddiaçılar Turnirinə hansısa yarışlarda uğurlu nəticələri sayəsində vəsiqə qazanmamışdı. Rəcəbov turnirə Azərbaycan şirkəti SOCAR-ın sponsorluq etməsi səbəbindən təşkilatçı ölkə nümayəndəsi kimi qatılmışdı.

 

***

 

510 min avroluq mükafat fondu uğrunda son turadək gərgin rəqabət getdi. İvançuk 7-ci yeri tutmasına baxmayaraq, ilk 2 yerin sahibləri Karlsenlə Kramnikə qalib gəlməyi bacardı. Norveçli şahmatçı ukraynalıya 12-ci tura təsadüf edən məğlubiyyətindən sonra o qədər əsəbiləşmişdi ki, mətbuat mərkəzindəki otağın qapısını çırparaq açdı. Sonra isə əynindəki gödəkçəni çıxarıb stolun üstünə fırlatdı. Bu nəticə Kramnikin işinə yaramışdı. Rusiyalı şahmatçı Aronyanı yenərək, 1-ci pilləni ələ keçirmişdi. Güman etmək olardı ki, Karlsen İddiaçılar Turnirinin qalibi ola bilməyəcək və daha təcrübəli Kramnik liderliyi əldən verməyəcək. Amma bir günlük fasilədən sonrakı axırıncı 2 turda rusiyalı 1 heç-heçə ilə kifayətləndi, norveçli isə Rəcəbov üzərində qələbə sayəsində 1-ci yerə qayıtdı. Məhz qələbə sayında Kramniki üstələdiyi üçün Karlsen qalib oldu. Bu vaxt skandinaviyalı zəka ustası Svidlerlə görüşündən məğlub ayrılmışdı və mətbuat mərkəzində idi. Qalib olduğu barədə xəbəri alanda hamı onun reaksiyasını gözləyirdi. Lakin Karlsen emosiyalarını məğlub olduğu görüşdəki kimi büruzə vermədi. Halbuki o, şahmat ölkəsi kimi tanınmayan və Azərbaycanın yarısı qədər əhalisi olan Norveçin təmsilçisi kimi keçmiş SSRİ ərazisində dünyaya gəlmiş 7 şahmatçıya qalib gəlməyi bacarmışdı... 

 

 

 

                                                      ***

 

Beləliklə, Azərbaycan şirkətinin təşkilatçılığı ilə dünyanın ən qüdrətli dövlətindən birində keçirilən nüfuzlu turnir 23 yaşlı şahmatçının qələbəsi ilə yekunlaşdı. Halbuki Teymur Rəcəbovun da turnirin qalibi olma şansları yüksək qiymətləndirilirdi. Nə yaxşı ki, birinci yeri Levon Aronyan tutmadı. Qoy, bu da bizim zəif təsəllimiz olsun...

 

Elşən MƏMMƏDOV

Bakı – London - Bakı

# 1683
avatar

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49