AFFA-nın inzibati binasında Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) Hesabat-Seçki Konfransı keçirilib. Lent.az-ın məlumatına görə, toplantıya konfrans nümayəndələri və veteran futbolçulardan əlavə, qonaq qismində millət vəkili Fazil Mustafa da qatılıb.
Konfransda Fazil Qarayev qurumun prezidenti seçilib. O, çıxışında federasiyanın qarşısında duran vəzifələrdən və inkişaf istiqamətlərindən danışıb. F. Qarayev bildirib ki, tezliklə qurumun fəaliyyəti üçün yeni ofis istifadəyə veriləcək və bununla da bir sürpriz edəcək.
Tədbirdə, həmçinin Oqtay Abdullayev və Nadir Əliyev ATFF-in vitse-prezidentləri, eləcə də İcraiyyə Komitəsinin daha 8 üzvü seçilib. Bunlar Rafiq Bağırov, Akif Atakişiyev, Vasif Məmmədov, Tofiq Xanəliyev, Hikmət Osmanov, Habil Qurbanov, Fikrət Hüseynov və Şaiq Həmidovdur. Baş katib səlahiyyətlərini isə Lətif Novruzov yerinə yetirəcək.
Qeyd edək ki, ATFF-in əvvəlki prezidenti sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov olub. O, 2012-ci il yanvarın 21-də quruma prezident seçilib. Lakin İ.Mərdanov bu il fevralın 22-də istefa verib. Fazil Qarayev isə əvvəllər Bakı Futbol Federasiyasının prezidenti və futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi olub. O, qadın voleybolçulardan ibarət yığmamızın baş məşqçisi və Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayevin qardaşıdır. ATFF AFFA-ya daxil olan Sahə Futbol Federasiyalarının üzvüdür.