Polşanın “Piast” klubu azarkeşlərinin “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündəki yolverilməz davranışları cəzasız qalmayıb. Lent.az-ın məlumatına görə, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.
Qurumun rəsmi açıqlamasında bildirilib ki, görüş zamanı yerli fanatlar rasist hərəkətlərə yol verərək, irqçi banner nümayiş etdiriblər. İntizam Komitəsi “Piast”ı cərimələməklə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.
“Qarabağ”la oyun zamanı “Piast” azarkeşləri Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını nümayiş etdirib.
Onlar həm də Ağdam komandasının qaradərili futbolçularını irqçi şüarlarla təhqir ediblər.
“Qarabağ” rəsmilərinin UEFA nümayəndəsinə şikayətindən sonra separatçıların bayrağı yığışdırılıb.
Oyunun əsas vaxtı “Piast”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Əlavə vaxtda isə “Qarabağ” hesabı bərabərləşdirərək, iki oyunun cəmində mərhələ adlayıb.
Qeyd edək ki, azarkeşlərinin rasist davranışı və irqçi banner açmaları üzündən Polşanın “Lex” klubuna da eyni məbləğdə cərimə və analoji cəza kəsilib. Poznan komandasının fanatları avqustun 8-də Litva “Jalgiris”i ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə belə hərəkətlərə yol veriblər. Macarıstanın “Honved” klubu isə daha ağır cəzaya məruz qalıb. Klubun fanatları Serbiya “Voyvodina”sı ilə həm ilk, həm də cavab matçında rasist hərəkətlər edərək, irqçi mahnılar oxuyublar. UEFA İntizam Komitəsi “Honved”ə qarşı 22 avqust 2008-ci ildə kəsdiyi şərti cəzanı da qüvvəyə mindirərək, komandanın Avropa kuboklarında növbəti 2 ev oyununu bağlı qapılar arxasında keçirməsinə və 50 min avro cərimələnməsinə qərar verib.