Türkiyə milli komandası 2014-cü il dünya çempionatının “pley-off” mərhələsinə vəsiqə qazanacağı halda, böyük məbləğdə mükafat alacaq. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası Estoniya və Hollandiya ilə son qarşılaşmalar öncəsi yığmanı həvəsləndirməyi qərara alıb.
Federasiya rəsmiləri bu görüşlərdə iştirak edən oyunçulara 200 min TL, oynamayanlara isə 100 min TL mükafat söz verib. Lakin futbolçular indi pul haqda düşünmə zamanı olmadığını bildiriblər. Onlar Estoniya və Hollandiya ilə qarşılaşmalara köklənərək, 6 xal qazanmalarının vacibliyini bildiriblər: “Braziliya yolu açıldıqdan sonra hər şeyi müzakirə edərik”.
Qeyd edək ki, seçmə mərhələnin sonuna 2 tur qalmış Hollandiya yığması D qrupundan 1-ci yerin sahibi kimi dünya çempionatına vəsiqəni təmin edib. Macarıstan 14 xalla 2-ci, Türkiyə və Rumıniya 13 xalla 3-cü və 4-cü, Estoniya 7 xalla 5-ci, Andorra isə 0 xalla sonuncu pillədədir. Oktyabrın 11-də Hollandiya Macarıstanı, Estoniya Türkiyəni, Andorra Rumıniyanı qəbul edəcək. Oktyabrın 15-də isə Türkiyə - Hollandiya, Rumıniya – Estoniya və Macarıstan – Andorra matçları keçiriləcək. Qrupda 2-ci yeri tutacaq komanda digər qruplardan birində eyni yerin sahibi ilə “pley-off” oyunları keçirəcək. Qalib komanda Mundiala vəsiqəyə yiyələnəcək.