Futbol üzrə Topaz Premyer Liqasında IX tura start verilib. Lent.az-ın məlumatına görə, turun açılış oyunlarında qonaq komandalar qalib gəliblər.
“Neftçi” lider “Qəbələ” ilə səfər matçında hesabda geri düşsə də, aparıcı futbolçuları Mahir Şükürov və Rəşad Sadiqovun qolları sayəsində qələbə qazanıb. Bunun nəticəsində “flaqman” xallarını 18-ə çatdıraraq, 1-ci pilləni ələ keçirib. “Qəbələ” isə 16 xalla 2-ci pilləyə enib.
Digər oyunda “İnter” Sumqayıtda eyniadlı komandanın qapısından 2 cavabsız top keçirib. İlk yarıda Matiya Şpiçiç və Vaqif Cavadovun qollarına fasilədən sonra cavab vermək istəyən meydan sahibləri 66-cı dəqiqədə azlıqda qalıblar. Ruslan Qurbanovun meydandan qovulması ilə “Sumqayıt”ın son pillədən qurtulmaq üçün ən azı heç-heçə ümidləri puça çıxıb. Xallarını 10-a çatdıran “İnter” isə 7-ci pilləyə qalxıb.
“Sumqayıt” – “İnter” (Bakı) - 0:2
Qollar: Matija Spiçiç, 11. Vaqif Cavadov, 31
Qırmızı vərəqə: Ruslan Qurbanov, 66
“Qəbələ” – “Neftçi” (Bakı) - 1:2
Qollar: Lorenso Ebesilyo, 7 - Mahir Şükürov, 20 – penalti ilə. Rəşad Sadiqov, 56
Hazırda AZAL – “Sumqayıt” və “Rəvan” – “Xəzər Lənkəran” matçları keçirilir. Tura saat 20:00-da “Qarabağ” – “Bakı” oyunu ilə yekun vurulacaq.
Elşən Məmmədov