Donetskin “Şaxtyor” klubu braziliyalı futbolçu Taysonu Ukrayna vətəndaşlığını qəbul etməyə razı salıb. Lent.az-ın “Ua.tribuna.com”a istinadən məlumatına görə, vətəndaşlığını dəyişdirməsi qarşılığında 25 yaşlı yarımmüdafiəçiyə 500 min dollar bonus ödəniləcək.
Tayson Ukrayna pasportu aldıqdan sonra legioner sayılmayacaq. Hazırkı qaydalara əsasən, ölkə çempionatının oyunları zamanı meydanda 7-dən çox əcnəbi futbolçu ola bilməz.
Bundan əlavə, Tayson Braziliya yığmasında oynamadığından, Ukrayna milli komandasında çıxış edə bilər. Artıq bu komandada daha bir “sambaçı” - “Metallist”in 2011-ci ildə milliləşdirilmiş yarımmüdafiəçisi Edmar da “sarı-göy” forma geyinir və 6 dəfə meydanda olub. “Şaxtyor”un daha bir braziliyalısı Luis Adriano da Ukrayna vətəndaşlığı almaq arzusundadır.
Qeyd edək ki, Tayson Barselyos Freda Donetsk komandasına yanvardan “Metallist”dən 15,24 milyon avroya keçib. O, karyerasına Braziliya “İnternasyonal”ında başlayıb və 2010-cu ilin avqustunda Xarkov komandasına transfer olub.