Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan dekabrın 5-də Bakıya gələcək. Bu haqda Lent.az-a Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı direktoru İsgəndər Əsgərov məlumat verib.
Əsgərovun sözlərinə görə, Ayandan əlavə, Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) prezidenti Antonio Urso, EWF-in baş katibi Hasan Akkuş, qurumun İcraiyyə Komitəsinin üzvləri, ayrı-ayrı ölkələrin milli federasiyalarının rəhbərləri də sabah Azərbaycan paytaxtında olacaqlar. Onlar Ağır Atletika Akademiyasının İdman Mərkəzində keçiriləcək “IWF Qran-Prisi”ni izləyəcəklər.
Sayca ikinci dəfə baş tutacaq nüfuzlu yarışın startı dekabrın 6-da veriləcək. Turnirdə 24 ölkə 4 çəki dərəcəsində qüvvəsini sınayacaq. Kişilər 62 kq və 69 kq, qadınlar isə 53 kq və 58 kq çəkilərdə mübarizə aparacaqlar. Qaydalara əsasən, digər ölkələri hər çəkidə 1, Azərbaycanı isə təşkilatçı ölkə olduğu üçün 2 ağırlıqqaldıran təmsil edəcək. Yığmamızın heyətinə gəldikdə, yarışın ilk günündə qadınlardan Yuliya Derkaç, Silviya Angelova (hər ikisi 53 kq), kişilərdən Valentin Xristov və Yuri Dudoqlo (hər ikisi 62 kq) “körpücük” üzərinə çıxacaq. Dekabrın 7-də isə qadınlardan Kristina Yovu, Mərziyyə Məhərrəmova (hər ikisi 58 kq), kişilərdən Firudin Quliyev və Zülfüqar Süleymanov (hər ikisi 69 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, birdən və təkanla ağırlıqqaldırma hərəkətlərinin cəmində ilk 3 yeri tutanlar medal və diplomlardan əlavə, müvafiq olaraq, 5000 dollar, 3000 dollar və 2000 dollar mükafata sahib olacaqlar.