Sadıq Sadıqov Böyükağa Hacıyevi özünə müşavir götürdü
23 avqust 2013 19:09 (UTC +04:00)

Sadıq Sadıqov Böyükağa Hacıyevi özünə müşavir götürdü

“Neftçi” futbol klubu sabiq baş məşqçisi Böyükağa Hacıyevi geri qaytarıb. Lent.az-ın məlumatına görə, Hacıyev indi klub prezidenti Sadıq Sadıqovun müşaviri vəzifəsini tutacaq.

 

Sadıqov bu təyinatla bağlı flaqmanın rəsmi saytına açıqlama verib. O bildirib ki, “ağ-qaralar”ın son illər qazandığı uğurlarda Hacıyevin böyük əməyi var: “Böyükağa müəllim baş məşqçi olduğu müddətdə komanda iki dəfə ölkə çempionu olmaqla yanaşı, bir dəfə də Azərbaycan kubokunu qazanıb. “Neftçi”nin tarixi APOEL zəfəri ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması və Azərbaycan futbolunda ilkə imza atmasında da onun rolu danılmazdır. Təsadüfi deyil ki, komanda qrup mərhələsində “Partizan”la hər iki qarşılaşmada, “İnter”lə isə səfərdə heç-heçəyə imza atıb və İtaliya təmsilçisinə qarşı doğma arenada cəsarətli futbol nümayiş etdirib. Bu mövsüm Çempionlar Liqasındakı uğursuzluqdan sonra Hacıyev baş məşqçi vəzifəsindən istefa verdi. Bununla belə biz onun klub qarşısındakı xidmətlərini nəzərə alaraq, təcrübəsindən bundan sonra da yararlanmağa qərar verdik. Biz hər zaman kluba yerli mütəxəssislərin cəlb edilməsinə çalışmışıq və bu mənada Böyükağa Hacıyev kimi təcrübəli şəxsin futboldan kənarda qalması düzgün olmazdı. İnanıram ki, O, yeni vəzifəsində də kluba çox faydalı olacaq”.

 

Qeyd edək ki, Böyükağa Hacıyev “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”suna iki oyunun nəticəsində yenilərək, mübarizəni dayandırmasından sonra baş məşqçi postundan istefa verib. Bu, iyulun 25-də baş verib. Beləliklə, Hacıyev cəmi 29 gündən sonra komandaya qayıdıb. Özü də bu qayıdış “Neftçi”nin avqustun 25-də “Xəzər Lənkəran”la Topaz Premyer Liqasının IV turuna təsadüf edəcək prinsipial oyunu ərəfəsində baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1028
avatar

Oxşar yazılar