“Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun apasport.az saytına müsahibəsi
- Bu cür hesabla qələbə qazanacağınızı gözləyirdinizmi?
- Düşünürdüm ki, 1 və ya 2 top fərqi ilə qalib gələcəyik.
- Yəni qələbə qazanacağınıza əmin idiniz?
- Buna çox inanırdım. Naxçıvandakı məğlubiyyətin təsadüfi olduğunu sübut etmək istəyirdik. Məqsədimizə nail olduq.
- Birinci hissədə çox ehtiyatlı oynadınız. Rəqibdən çəkinirdiniz?
- “Xəzər Lənkəran” elə-belə komanda deyil ki, onlarla açıq futbol oynayasan. Əvvəlcə kəşfiyyat xarakterli oyuna üstünlük verdik. Fasilədən sonra isə tam fərqli oyun nümayiş etdirdik. Baş məşqçimiz Nazim Süleymanovun təyinatından cəmi bir həftə keçib. Böyükağa Hacıyevin istefasından sonra komanda bir müddət başsız qalmışdı. Düzdür, Tərlan Əhmədov komandaya rəhbərlik edirdi. Perspektivli məşqçi olsa da, onda “Neftçi”ni çalışdıracaq qədər təcrübə yox idi. Nazim müəllimin gəlişindən sonra fərqli oyun tərzinin şahidi olacağıq.
- Yeri gəlmişkən, Nazim Süleymanov məşqçilər korpusunu tam formalaşdıra bilməyib. Onun Gəray Qarayevi özünə köməkçi gətirmək istəyinə klubdan maneçilik yaradıldığı deyilir. Bu nə dərəcədə həqiqəti əks etdirir?
- Gəray müəllimin gəlişi ilə bağlı Nazim Süleymanov mənə heç bir söz deməyib. O, özü ilə Səmədağa Şıxlarovu gətirib. Yəqin ki, gələcəkdə bu isə baxacağıq. Ancaq Qarayevin gəlişi barədə məndə heç bir məlumat yoxdur. Əgər belə bir məsələ varsa, klub prezidenti kimi mənimlə danışılmalıdır.
- “Böyük oyun” bu gün azarkeş baxımından “qısır” alındı. Bu “Neftçi” rəhbərliyini nə dərəcədə qane etdi?
- Niyə belə olduğunu məndən yaxşı bilirsiniz. Görünür, mənim dilimdən eşitmək istəyirsiniz. PFL “Xəzər Lənkəran”ı cəzalandırıb. Əgər onlar cəzalanmasaydı, 3-4 min onlardan, bir o qədər də bizdən azarkeş gələcəkdi. Nəticədə stadionda anşlaq olacaqdı. Bugünkü gündə belə məsləhət oldu.
- Bu qadağa bütün oyunlara aid ediləcək?
- Xeyr. Naxçıvandakı oyundan sonra biz “Xəzər Lənkəran”la münasibətlərimizə tam aydınlıq gətirdik. Onlar da Azərbaycanın klubudur. Dəfələrlə qeyd etmişəm ki, “Xəzər Lənkəran” rəhbərliyi futbolun inkişafı üçün əlindən gələni edir. Bu gün həmin klubun 16-20 min azarkeş ordusu var. İnanmıram ki, Lənkərandakı olaylar bir daha təkrarlansın. Yəqin ki, gələcək oyunlarımız tam dostluq şəraitində keçəcək. Hamımız çalışırıq ki, futbolumuzun inkişafı üçün əlimizdən gələni edək.
- Amma revanş hissi var idi...
- Əlbəttə, var idi. “Xəzər Lənkəran” Naxçıvanda azlıqda qalmalarına rəğmən, bizi məğlub etmişdilər. Biz də həmin qarşılaşmanın revanşını aldıq.
- Oyundan əvvəl mətbuatda yer alan xəbərlərə görə, bu qarşılaşmada qazanılan qələbəyə görə futbolçulara pul mükafatı verilməyəcək?
- Cari mövsümdə qazanılan hansısa qələbəyə görə hələ komandaya pul mükafatı verməmişik. Sponsorumuzla anlaşmamız var. Hər oyuna görə deyil, mövsümün sonunda qazanılacaq çempionluq və ya kuboka görə ümumi mükafat veriləcək. Yüksək məbləğ nəzərdə tutulub. Bu həm də futbolçuların sona qədər mübarizə aparmasına şərait yaradacaq.
Sadıq Sadıqov: “Xəzər Lənkəran” elə-belə komanda deyil ki..." - MÜSAHİBƏ
1271