Rusiyanın veteran futbolçulardan ibarət komandası Bakıya gələcək. Azərbaycan Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayevin Lent.az-a verdiyi məlumata görə, səfər AFFA-nın təşəbbüsü ilə baş tutacaq.
O. Abdullayev bildirib ki, oktyabrın 15-də Azərbaycan və Rusiyanın əsas milliləri ilə yanaşı, veteran futbolçuları arasında da yoldaşlıq görüşü keçiriləcək: “2012-ci il oktyabrın 16-da millimiz Rusiya yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirdiyi vaxt biz də qonşu ölkənin veteranları ilə qarşılaşmışdıq. Həmin vaxt səfər xərclərini biz, otel və yemək xərclərini isə Rusiya Futbol İttifaqı çəkmişdi. Razılıq əldə olunmuşdu ki, Bakıda da üz-üzə gələk. İndi AFFA otel və yemək, rusiyalı veteranlar isə yol xərcini çəkəcəklər”.
FVİ sədrinin sözlərinə görə, qonaq komandanın heyətindəki veteranlar tanınmışlardan ibarət olacaq. Amma hələlik onların tərkibi məlum deyil. Oyunun isə “Dalğa Arena” və ya “Şəfa” stadionunda təşkili gözlənilir.
Qeyd edək ki, Azərbaycan və Rusiyanın əsas milliləri arasındakı qarşılaşma “Bakcell Arena”da keçiriləcək və saat 22:00-da başlanacaq.