Rusiyanın paytaxtı Moskvada sovet alpinizminin 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər keçirilib. Lent. az-ın məlumatına görə, Rusiya Alpinizm Federasiyanın təşkil etdiyi mərasimə keçmiş SSRİ ölkələrinin bir çox alpinist təşkilatları dəvət alıblar.
Ölkəmizi Azərbaycan Alpinizm Federasiyasının(AAF) rəhbəri İsrafil Aşurlı təmsil edib. AAF mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə “Beynəlxalq yarışma, alpinizmin perspektivləri, təcrübə və problemləri” haqqında II beynəlxalq elmi-nəzəri konfrans, ardından “Memarların Mərkəzi Evində” təntənəli mərasimi təşkil olunub.
Rusiya Alpinizm Federasiyası mötəbər tədbirlə əlaqədar döş nişanı təsis edib. Bu nişan ilə alpinizm veteranları və alpinizmin inkişafında böyük rolu olan insanlar təltif olunur. İsrafil Aşurlıdan əlavə bu nişan ilə 49 alpinizm veteranı və fəalları təltif edilib. Bu da rusiyalı həmkarlarımız tərəfindən bu il 50 illik yubileyini qeyd edən Azərbaycan Alpinizm Federasiyası üçün yaxşı hədiyyə olub.
Mərasimdə, həmçinin, mayda Everesti fəth edən digər alpinistimiz Murad Aşurlı “Everesti fəth edən” döş nişanı ilə təltif edilib.