Rusiya Azərbaycanda etdiyi qanunsuz reklama əncam çəkdi
27 noyabr 2013 11:14 (UTC +04:00)

Rusiya Azərbaycanda etdiyi qanunsuz reklama əncam çəkdi

2014-cü ildən futbol üzrə Rusiya milli komandasının bütün səfər oyunlarında spirtli içkilər reklam olunmayacaq. Lent.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqı (RFİ) qərar qəbul edib.

 

Qərar şimal qonşularımızın, statusundan asılı olmayaraq, bütün oyunlarına şamil ediləcək. RFİ prezidenti Nikolay Tolstıx deyib: “Gələn ildən oyun təşkilatçıları qarşısında irəli sürəcəyimiz şərtlərdən biri meydanda alkoqol reklamının yerləşdirilməməsi olacaq. Artıq Birləşmiş Ərəb Əmirliklərində keçirdiyimiz son 2 yoldaşlıq görüşündə belə reklam olmayıb. Gizlətmirəm, spirtli içki reklamından gəlirimiz yüksəkdir. Lakin bunlar təşkilatımızın büdcəsinə hansısa formada təsir edəcək vəsait deyil. Mən idman tədbirlərində alkoqola marağın formalaşmasına və dəstəklənməsinə qarşıyam”.

 

Qeyd edək ki, Rusiya millisinin oktyabrın 15-də Bakıda Azərbaycan yığması ilə keçirdiyi 2014-cü il dünya çempionatının seçmə qrup matçı zamanı “Bakcell Arena”da spirtli içkilər reklam olunub. Saat 22:00-da başlanan matç televiziya vasitəsilə canlı yayımlanıb. Halbuki ölkəmizin qanunlarına əsasən, spirtli içki saat 23:00-dan tez televiziyada reklam oluna bilməz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326
avatar

Oxşar yazılar