AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçi postunda yerli mütəxəssisin çalışmasını istəyib. Lent.az-ın quruma yaxın mötəbər mənbədən əldə etdiyi məlumata Abdullayevin əsas namizədi hazırda “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov olub.
Lakin AFFA İcraiyyə Komitəsinin (İK) bəzi üzvləri hazırkı baş məşqçi Berti Foqtsun saxlanılmasını məqsədəuyğun sayıblar. Dekabrın 7-də AFFA-nın yaydığı rəsmi açıqlamada bildirilib ki, almaniyalı mütəxəssis ötən həftəsonu vətənindən Bakıya gələrək, Abdullayevə gördüyü işlərlə bağlı hesabat verib. O, Topaz Premyer Liqasında XVI turun “İnter” – “Xəzər Lənkəran” və “Qarabağ” – “Neftçi” matçlarını da izləyib. Amma mənbəmizin sözlərinə görə, Foqtsun gəlişində əsas məqsəd AFFA ilə müqavilənin uzadılmasına dair danışıqlar aparmaqdan ibarət olub. İK-in qarşıdakı iclasında 67 yaşlı mütəxəssislə dekabrın 31-dək olan hazırkı anlaşma daha 2 il müddətinə yenilənəcək.
Bununla belə, əvvəlki 3 seçmə tsikldəkilərlə müqayisədə Foqtsun qarşısına qoyulan tələblər sərtləşdirilib. Onun rəhbərliyi altında millimiz 2016-cı il Avropa çempionatının seçmə mərhələsində qrupu ən pis halda 3-cü pillədə başa vurmalı və Fransada təşkil olunacaq həlledici mərhələnin 24 iştirakçısı arasında düşməyə çalışmalıdır. Eyni zamanda baş məşqçi işinə daha məsuliyyətlə yanaşmalı, Topaz Premyer Liqasının əksər turlarını izləməli, bir sözlə, ayın çox hissəsini Almaniyada yox, Azərbaycanda keçirməlidir. Daha bir maraqlı məqam ondadır ki, Foqts daha aşağı əmək haqqı ilə də razılaşıb.
Qeyd edək ki, Berti Foqts Azərbaycan millisinə 2008-ci il aprelin 1-dən başçılıq edir. Onun rəhbərliyi altında yığmamız 2010-cu il dünya çempionatının seçmə mərhələsində qrupu 5 xalla, 2012-ci il Avropa çempionatının seçmə mərhələsində qrupu 7 xalla, 2014-cü il dünya çempionatının seçmə mərhələsində isə qrupu 9 xalla başa vurub.