Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin Lent.az-a müsahibəsi
- Klublarımızın Avropa Liqasının I təsnifat mərhələsindəki ilk oyunlarını necə dəyərləndirirsiniz?
- Özüm hazırda xaricdə olsam da, həm “İnter”, həm “Qarabağ”, həm də “Xəzər Lənkəran”ın oyunlarını izləmişəm. Komandalarımızın çıxışlarını orta qiymətləndirirəm. Hələ püşkatmadan sonra rəqiblərdən “İnter”in bəxtinə düşən Finlandiya “Mariehamn”dan çəkindiyimi demişdim. Həqiqətən də “Mariehamn” Bakıda heç-heçəyə nail oldu. Amma mən nikbinəm və hər 3 klubumuzun II təsnifat mərhələsinə yüksələcəyinə inanıram.
- “Xəzər Lənkəran”ın iyulun 21-də Türkiyə “Fənərbağça”sı ilə qarşılaşacağından xəbərdarsınız?
- Xeyr.
- Sizcə, “Neftçi” ilə Superkubok oyununa vaxtının olmadığını deyən klubun hər həftə keçirəcəyi Avroliqa matçları ərəfəsində daha güclü “Fənərbağça” ilə oynamağa imkan tapması Peşəkar Futbol Liqasına qarşı hörmətsizlik deyil?
- Əksinə, mən “Xəzər Lənkəran”ın bu addımını alqışlayıram. Əgər komandamız “Fənərbağça” kimi klubu Azərbaycana gətirirsə və Lənkəranda görüş keçirirsə, bu, doğrudan da böyük işdir. Digər tərəfdən, “Xəzər Lənkəran” bu oyunu iyulun 21-də keçirməyə vaxt tapırsa, həmin tarixdə “Neftçi” oynaya bilməz. Amma Superkubok oyunu mütləq keçiriləcək.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak Topaz Premyer Liqasının oyunları üçün işlənmiş topların verilməsindən narazı qalıb...
- Bəlkə o, demək istəyir ki, hər oyun üçün klub rəhbərləri təzə top təqdim etsinlər? Elədirsə, problem yoxdur. Günü sabah 1000 dənə təzə top gətirə bilərik.
- Amma bu halda klublar təzə toplara xeyli vəsait sərf etməli olacaqlar. “İnter”in prezidenti Georgi Nikolovun hesablamasına görə, buna 360 min manat lazımdır...
- Nikolovun o yazısından xəbərdaram. Klublar təzə top istəyirlərsə, buyursunlar, alsınlar. PFL-in öz hesabına klubları topla təmin etməyə imkanı yoxdur.