Futbol üzrə İsrail milli komandasının baş məşqçisi Eli Qutman 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki növbəti matçda Azərbaycan yığmasını yenməyin yolunu göstərib. Lent.az-ın məlumatına görə, Qutman bu barədə ötən gün Ukraynaya 0:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra açıqlama verib.
O bildirib ki, Ukraynanın bir toxunuşla etdiyini İsrail iki toxunuşla yerinə yetirib. Nəticədə komandası əks-hücumlara sürətlə keçə bilməyib. Eyni zamanda İsrail futbolçuları ötürmələrdə dəqiq olmayıb: “Rəqibin tempinə dözə bilməməyimizdən məyus oldum. Ukrayna millisi 2 səhvimizdən əla yararlandı və əks-hücumlarda qol vurdu”.
Qutmanın sözlərinə görə, Azərbaycanla növbəti oyun fərqli olacaq: “Biz bu komandaya evdə qalib gəlmək istəyiriksə, Ukrayna kimi bir toxunuşla oynamalıyıq. Belə futbolçularımız da var”.
Qeyd edək ki, Ukrayna – İsrail matçını Azərbaycan yığmasının məşqçisi Nazim Süleymanov da izləyib. İsraillə görüş sentyabrın 7-də Təl-Əviv şəhərindəki “Ramat-Qan” stadionunda olacaq və Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.