“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Çempionatın XII turu çərçivəsində sabah “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyunun hazırlığı necə gedir?
- Vəziyyət pis deyil. Hazırlıq proqramına uyğun olaraq məşqlərimizi reallaşdırırıq. Hər şeyin qaydasında olduğunu deyə bilərəm.
- Zədə və ya cəza üzündən xidmətindən istifadə edə bilməyəcəyiniz futbolçu varmı?
- Yalnız “Sumqayıt”la oyunda zədələnən Qara Qarayev komandamıza kömək edə bilməyəcək. Digərləri meydana çıxa biləcək durumdadır.
- Rəqibi necə dəyərləndirirsiniz?
- Ciddi komandaya qarşı mübarizə aparacağıq. Komandaya təcrübəli baş məşqçi rəhbərlik edir, yeni heyət formalaşdırıb. Onlar da qələbə qazanmaq üçün oynayacaqlar.
- Turnir cədvəlindəki vəziyyət mövqeyinizi qorumaq üçün mütləq qələbə qazanmalı olduğunuzu ortaya qoyur...
- Bu gün Premyer Liqada istənilən komanda rəqibindən xal ala biləcək gücdədir. Çalışırıq ki, düzgün oynayaq, rəqibə uyğun taktika quraq. Əlbəttə, futbolçular onlara verilən tapşırıqları yerinə yetirə bilsələr, nəticə də bizim üçün yaxşı olacaq. Amma əvvəlcədən dəqiq söz demək mümkün deyil.
- I dövrənin gedişində komandanız ardıcıl 4 oyunda qələbə qazana bilmədi. Hətta bu görüşlərin birində məğlubiyyətlə barışmalı oldu. Amma son üç oyunda böyük hesablı qələbələri sıralayırsınız. Nəyi dəyişdiniz?
- Ciddi şəkildə dəyişən bir şey yoxdur. Təbii, çalışırıq ki, əvvəlki oyunda buraxdığımız səhvi növbəti matçda təkrarlamayaq, əksinə, düzəldək. Hər bir komandada bu cür hallar ola bilər. Yəni 2-3 oyun ardıcıl qələbə qazansın, sonra yenə məğlub olsun. Uğursuz oyunlar seriyası ilə istənilən komanda üzləşə bilər. Dəfələrlə bunun şahidi olmuşuq. Yenə deyirəm, səhvlərimizdən nəticə çıxarmağa, yaxşıları isə inkişaf etdirməyə çalışırıq.
- Bu gün çempionluğa əsas namizəd kimi əksəriyyət “Qarabağ”ın adını çəkir. Sizcə, Topaz Premyer Liqasında çıxış edən klublarda baş verən son proseslərin komandanızın lehinə işlədiyini düşünmək olarmı?
- Hər şeyin lehimizə işlədiyini demək olmaz. Çünki iddialı komandalar çoxdur. Götürək “Qəbələ”ni. Təcrübəli baş məşqçiləri, yaxşı futbolçuları var. Komandaya hər cür şərait yaradılıb. Buna görə də bu komandanı sıradan silmək olmaz. Eləcə də “Neftçi”ni. Paytaxt klubu ardıcıl 3 il çempion olub. Siyahını uzatmaq olar, daha 5-6 komandanın adını qeyd etmək mümkündür. Çempionat yeni başlayıb. Çətin oyunlar irəlidədir. Ola bilər, son qarşılaşmalarda daha yaxşı oyun göstəririk, nəticələrimiz yüksəkdir. Ancaq çempionatın gedişində fikirlər 3-4 dəfə dəyişir. Bəzən bizi, bəzən “Qəbələ”ni, bəzən isə “Neftçi”ni və digər klublarımızı favorit göstərirlər. Hər bir komandanın uğurlu oyunlar seriyası da olur. Buna görə də bu cür fikirlər səsləndirilir. Ancaq biz qətiyyən arxayınlaşmamalıyıq. Əksinə, bütün oyunlara tam hazır olmalıyıq.
- Adını çəkdiyiniz “Neftçi”də baş məşqçi dəyişikliyi baş verib və aydın məslədir ki, hər bir dəyişiklikdən sonra komandanın toparlanması, yeni tapşırıqları mənimsəməsi üçün zamana ehtiyacı var. Eləcə də iddialılar sırasında göstərilən “Xəzər Lənkəran”, “İnter”, “Bakı” kimi komandalar qeyri-sabit çıxış edirlər. Bu baxımdan oturuşmuş heyətə və məşqçi korpusuna malik olan “Qarabağ”ı bir addım öndə hesab etmək olarmı?
- Bu gün turnir cədvəlinə diqqət yetirsək, komandalar arasında xal fərqinin az olduğunu görürük. “Neftçi” son oyunda “Simurq”la heç-heçə etdi. Hansı ki, həmin komanda ilə bir neçə tur əvvəl biz də xalları yarı bölmüşdük. “Neftçi” Superkubokda məğlub oldu. Ancaq bir oyundan ibarət bu cür yarışlar hər zaman fərli ab-havada keçir. Çempionat oyunları isə tam fərqli olur. Səsləndirilən fikirlər bizi aldatmamalıdır. “Neftçi”də son illərdə bir neçə dəfə məşqçi dəyişikliyi baş versə də, komanda öz gücünü qoruyub. Rəhbərlik tərəfindən orada sistem elə qurulub ki, futbolçular daim istəkli, həvəsli olurlar.
“Xəzər Lənkəran”a gəldikdə, dəfələrlə demişəm ki, bu komanda layiq olduğu pillədə deyil. Onlar üst sıralarda qərarlaşmalıdırlar. Çünki hər oyunda nümayiş etdirdikləri aqressivlik, istək, sürətli hücumlar bunu deməyə əsas verir. Düzdür, biz onları məğlub etdik, ancaq ola bilər ki, bu matçdan sonra “Xəzər Lənkəran” heç bir görüşdə yenilməsin. Onlar bunu reallaşdıracaq gücə malikdirlər.
- Çempionatın əvvəlində braziliyalı futbolçularınız, xüsusilə də Reynaldo tənqid hədəfinə çevrilmişdi. Çünki bu futbolçu Avropa Liqasındakı oyununu çempionat matçlarına adaptasiya edə bilmirdi. Düzdür, son iki qarşılaşmada qollar vurub. Lakin onun tam gücü ilə oynadığını iddia etmək mümkün deyil. Səbəbini izah edə bilərsizmi?
- Deməzdim ki, hansısa fərq var. Reynaldo oyunlara tam gücü ilə hazırlaşır. Yaxşı formada olacaq. Həm də bizim çempionat asan yarış deyil. Avropa Liqası ilə çempionat oyunları tam fərqli olur. Avropada ola bilsin, bizi elə də yaxşı tanımırlar. Üstəlik, iki oyuna hazırlaşmaqla çempionatın bütün matçlarında sabit oynamaq ayrı-ayrı şeylərdi. Stadionları, azarkeş amilini nəzər almaq lazımdır. Yəni avrokuboklarla çempionatımızın oyunlarına motivasiya fərqli olur. Reynaldonun oyunundan razıyam və düşünürəm ki, gələcəkdə daha yaxşısını edəcək.
- Bir ara Riçard Almeydanın qış fasiləsində “Qarabağ”dan ayrılıb “Neftçi”yə keçəcəyi deyilirdi. Bununla bağlı mediada sizin fikrinizə rast gəlmədik. Bu xəbərdə həqiqət payı varmı?
- Hər bir futbolçuya başqa klublardan təklif gələ bilər. Biz də hansısa klubun oyunçusuna xidmətində maraqlı olmağımızla bağlı fikrimizi çatdıra bilərik. Gəlmək istəyib-istəmədiyini öyrənir, danışıqlar aparmaq üçün hazır olub-olmadığını soruşuruq. Belə söz-söhbətlər olacaq. Buna əhəmiyyət vermirik. Almeydanın “Qarabağ”la 2016-cı ilin sonuna qədər müqaviləsi var. Ona təkliflər bundan sonra da ola bilər. Bu normal prosesdir.
Qurban Qurbanov: "Bizi hələ yaxşı tanımırlar" - MÜSAHİBƏ
903